NDU-da görkəmli oftalmoloq-alim “Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü” mövzusunda elmi-praktik konfrans keçirilib

post-img

Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzində görkəmli oftalmoloq-alim “Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü” mövzusunda elmi-praktik konfrans keçirilib.

Universitetin media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfransda rektor Elbrus İsayev Zərifə xanım Əliyevanın görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində Naxçıvanda dünyaya göz açdığını və atasının ömür yolunun onun üçün əsl həyat məktəbi olduğunu bildirib. Qeyd edib ki, Zərifə xanım həm də Ümummilli Lider, keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olub və bu status böyük bir məsuliyyət idi. Bu birlikdən, kökdən, şəcərədən gələn dəyərləri öz övladlarına ötürən Zərifə xanım cənab prezident İlham Əliyev kimi övlad yetişdirib. 

Rektor əlavə edib ki, Zərifə xanım millətini sevən ziyalı, gözəl ana kimi xüsusi iz qoyub və onun timsalında biz Azərbaycan qadınlarının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük. Vurğulanıb ki, görkəmli oftalmoloq-alim Zərifə xanımın həyatını və işlərini yad etmək, onun şəxsiyyətinin və elmi irsinin əhəmiyyətini xatırlamaq, gənc nəsillərə bu böyük alimdən örnək götürməyi təşviq etmək vacibdir. Çünki, Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir, biz də ali təhsil müəssisəsi olaraq bu sahədə tədqiqatlar aparmağı özümüzə borc bilirik. Eyni zamanda universitetdə Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzi təsis edilib və Zərifə xanımın xatirəsi hər zaman hörmətlə anılır.

Plenar çıxışlarda universitetin Klinik fənlər və hərbi tibb kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev “Zərifə xanım Əliyevanın həyat yolu”, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova “Zərifə xanım Əliyevanın elmi fəaliyyəti”, NDU Xəstəxanasının həkim-oftalmoloqu Aynur Rzayeva “Azərbaycan oftalmologiya elmində Zərifə Əliyeva məktəbi”, Tibb ixtisasının III kurs tələbəsi, Zərifə Əliyeva adına adlı təaqüdçü Püstəxanım Quliyeva “Zərifə xanım Əliyeva xatirələrdə” mövzularında məruzələrlə çıxış ediblər. Natiqlər Zərifə Əliyevanın həyatı, elmi fəaliyyəti, xüsusilə oftalmologiya sahəsindəki böyük xidmətləri haqqında məlumatları bölüşüb, elmi irsinin Azərbaycan xalqı və təhsil sistemi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Sonra Akademik Zərifə xanım Əliyevaya həsr olunan videoçarx nümayiş olunub.

Daha sonra universitetdə yeni təsis olunmuş Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzinin elmi layihələrinin təqdimatı keçirilib. Layihələrdə Təməl tibb fənləri kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Əzizə Hüseynovanın rəhbərlik etdiyi “Naxçıvan Muxtar Respublikasında yetişdirilən kənd təsərrüfatı məhsullarının qida əlavələrinə yeni transformasiyası: innovativ yanaşmalar və perspektivlər”, Klinik fənlər və Hərbi tibb kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayevin rəhbərlik etdiyi “Naxçıvan Muxtar Respublikasında qan təzyiqi xəstəliklərinin səbəblərinə yönəlmiş tədqiqatlar”, Təməl tibb fənləri kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Südabə Həsənovanın rəhbərlik etdiyi “Naxçıvan Muxtar Respublikasında mədəni və yabanı taxıl bitkilərinin genofondunun mühafizəsi və biomüxtəlifliyinin tədqiqi”, Kimya kafedrasının baş müəllimi Sevinc Kərimovanın rəhbərlik etdiyi “Naxçıvan Muxtar yetişən dərman bitkilərindən alınan təbii mənşəli, tibbi əhəmiyyətli sabunların kosmetik tədqiqi” mövzuları üzrə layihələr konfrans iştirakçılarına təqdim edilib.

Sonda xatirə fotosu çəkilib.



Sosial həyat