Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin yaşadığı ev-muzeyi ziyarət edib

post-img

Aprelin 25-də Azərbaycan Respublikası Prokurorluğunun gənc əməkdaşları görkəmli yazıçı, pedaqoq, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümü münasibətilə İçərişəhərdə yerləşən və yazıçının uzun illər yaşadığı evdə – “Ədibin Evi” mədəniyyət ocağında olublar.

Ziyarət çərçivəsində iştirakçılara XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.

Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva bildirib ki, yazıçının 1929–1941-ci illərdə yaşadığı bu ev 2017-ci ildən etibarən “Ədibin Evi” adı ilə fəaliyyət göstərərək mədəniyyət məkanı kimi ictimaiyyətin istifadəsinə verilib.

Həmin illərdə müəllifin bir çox fundamental əsərləri məhz bu evdə qələmə alınıb.

Ekskursiya zamanı prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin ədəbi irsinin nadir nümunələri, həmçinin onun zəngin yaradıcılıq dünyasını əks etdirən eksponatlarla tanış olublar. Yazıçının şəxsi əşyaları, arxiv materialları, eləcə də onun haqqında nəşr olunmuş tədqiqat əsərləri nümayiş etdirilib. 
Sonda xatirə şəkli çəkilib.









Sosial həyat