Şuşanın bütün kəndlərinə qayıdacağıq!

post-img

Azərbaycan Ordusunun martın 25-dəki son əməliyyatları nəticəsində Şuşa rayonunun iki kəndi nəzarətimizə keçib. Bununla bağlı yayılan məlumatda bildirilir ki, bunlar rayonun Allahqulular və Zamanpəyəsi kəndləridir. Həmçinin, əməliyyat nəticəsində bir sıra yüksəkliklər, ətraf ərazilər də Azərbaycan Ordusunun nəzarəti altındadır.

Şuşa Qarabağın tacı, musiqimizin beşiyi, mədəniyyət paytaxtımız olmaq­la yanaşı, Azərbaycan Respublikasın­da inzibati-ərazi vahididir. Rayon 1930-cu ildə təşkil edilib. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 kvadratkilometr, əhalisi 1 yanvar 2016-cı il tarixinə görə 32,8 min nəfərdir. Şuşa rayonu Şuşa şəhərin­dən, 1 qəsəbə və 37 kənddən ibarətdir. Rayon 8 may 1992-ci ildə Ermənistan ordusunun bölmələri tərəfindən işğal olunmuşdu. Şəhər Vətən müharibəsi­nin son günlərində – 2020-ci il noyab­rın 8-də işğaldan azad edilib.

***

Allahqulular Şuşa rayonunun Sə­fixanlar inzibati ərazi dairəsində kənd­dir. Kənd Azərbaycan Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı qərarı ilə Xanalı inzibati ərazi dairəsin­dən Səfixanlar inzibati ərazi dairəsinin tərkibinə verilib. Allahqulular 1992-ci ilin mayında erməni hərbi birləşmələri tərəfindən işğal edilib.

2007-ci ildə çap olunmuş “Azərbay­can toponimlərinin ensiklopedik lüğə­ti”nin I cildində Allahqulular kəndinin keçmiş adının Allahquluuşağı olduğu bildirilir. Qeyd olunur ki, XIX əsrin əv­vəllərində bu kəndi Qarabağ xanı Mah­mudqulu xana mənsub Xəlfəli elatının Allahquluuşağı nəsli salıb. Kənd Xəl­fəliçayın sahilində, düzənlikdə yerləşir.

Zamanpəyəsi isə Şuşa rayonunun Xəlfəli inzibati ərazi dairəsində kənddir. Bu kənd də 1992-ci ilin mayında işğal olunub. Kəndin əsasını Xəlfəli tayfası­na mənsub ailələr qoyublar. “Azərbay­can toponimlərinin ensiklopedik lüğə­ti”nin II cildində Zamanpəyəsi kəndi haqqında deyilir ki, bu yaşayış məskə­ni keçmişdə Zaman adlı şəxsə və ya Zamanlı kəndinə məxsus yaylaq yurdu olması güman edilir.

***

Şuşanın iki kəndinin ordumuzun nəzarəti altına keçməsinin həm siya­si, həm də hərbi nöqteyi-nəzərdən əhəmiyyəti böyükdür. Burada hərbi əhəmiyyət odur ki, Azərbaycan sepa­ratçıların nəzarəti altında olan əraziləri tədricən azad edir. Vətən müharibəsi zamanı ərazilərimizin böyük hissəsi azad olunub. Amma, təəssüf ki, hələ də separatçıların nəzarətində ərazilərimiz qalır. Bu ərazilərdə də suverenliyimizin tədricən bərpa olunacağı şübhəsizdir.

Məsələnin siyasi əhəmiyyəti isə er­məni separatçılarına və rəsmi İrəvana Azərbaycanın öz ərazilərinə sahib çıx­ması mesajının göndərilməsidir. Azər­baycan bununla bir qarış da torpağının işğal altında qalmayacağını bəyan edir. Ermənistan Azərbaycanın ərazi bütöv­lüyünü tanımalı, bundan əlavə, Qara­bağ erməniləri də Azərbaycan qanun­ları ilə yaşamağı qəbul etməlidirlər.

Azərbaycanın iki kəndi nəzarətə götürməsi həm Ermənistanın, həm də Qarabağ separatçılarının manevr imkanlarının daralması deməkdir. Bu, Azərbaycanın qarşıya qoyduğu hədəfə nail olmaq istiqamətində növbəti uğurlu addımdır. Bu, həm də hələlik ölkəmizin nəzarətindən kənarda qalan, yolumuzu gözləyən kəndlərimizə dönüşümüzün başlanğıcıdır.

Vasif Quliyev,
tədqiqat­çı-jurnalist, “Şuşa” qəzetinin redaktoru:

– Allahqulular və Zamanpəyə­si kəndləri əlverişli coğrafi mövqe­də yerləşir. Bu kəndlər erməni separatçılarının Xankəndiyə si­lah-sursat daşıdıqları torpaq yo­lun üzərində olduğu üçün onların nəzarətə götürülməsinin mühüm əhəmiyyəti var. Ümid edirəm ki, bununla da erməni separatçıları­nın torpaq yolla gediş-gəlişi tam kəsiləcək. Düzdür, bunlar kiçik kəndlərdir. İki kəndə ümumilikdə 120 nəfər yaşayırdı. Ancaq bir daha qeyd etmək istəyirəm ki, onların strateji nöqteyi-nəzərdən əhəmiyyəti böyükdür.

Bundan əlavə, adları çəkilən kəndlər son dərəcə səfalı, gözəl təbiət mənzərələri olan kəndlər­dir. Kəndlər dağlıq, meşəlik əra­zini əhatə edir. Orada yaxşı turist bazası yaratmaq olar. Onların nə­zarətimizə keçməsi Şuşa rayonu­nun digər kəndlərində də bayrağı­mızın ucaldılacağı günün uzaqda olmadığını göstərir. Tezliklə Ma­lıbəyli, Quşçular, Böyük Qala­dərəsi, Kiçik Qaladərəsi, Turşsu qəsəbəsi də daxil olmaqla, Şuşa­nın digər bütün kəndlərinin ordu­muzun nəzarətinə keçməsi əsas hədəfimizdir. Ermənilər birdəfəlik anlamalıdırlar ki, biz torpaqlarımı­za qayıtmalıyıq və qayıdacağıq.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”

Vasif33.jpg

Siyasət