“Ömər Faiq Nemanzadə və ana dilimiz” məqalələr toplusu çap olunub

post-img

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi tərəfindən hazırlanan “Ömər Faiq Nemanzadə və ana dilimiz” məqalələr toplusu işıq üzü görüb.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan topluda Ömər Faiq Nemanzadənin hərtərəfli fəaliyyəti, yaradıcılıq yolu, əsərlərində dil və imla məsələləri, ana dili təəssübkeşliyi, xalqın maarifləndirilməsi uğrunda yorulmaz mücadiləsi, ədib haqqında yazılanlar, mətbuatdakı çıxışları, naşirlik işləri, türk dünyasında oynadığı rol haqqında məlumat verilir.

Kitabın elmi redaktorları Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli və Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov, dosentlər Elnarə Əliyeva, Günel Mirzəyeva və Təhminə İsmayılovadır.

Topluda “Ömər Faiq Nemanzadənin publisistik dili”, “Ömər Faiq Nemanzadənin ana dili təəssübkeşliyi”, “Ömər Faiq Nemanzadənin xatirələri”, “Ömər Faiq Nemanzadənin yaradıcılığında dil məsələləri”, “Ömər Faiq Nemanzadənin yaradıcılığında orfoqrafiya məsələləri”, “Ömər Faiq Nemanzadə haqqında yazılanlar” və sair məqalələr yer alıb.

Mədəniyyət