2020-ci ilin noyabrından bu günə qədər təxminən 400 nəfər mina partlayışlarının qurbanı olub. Bu, təkcə bizim üçün deyil, bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir.
AZƏRTAC xəbər verir ki, bu fikriləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Nazir bildirib ki, ölkəmiz üçün ən vacib istiqamətlərdən biri, 30 il işğal altında qalmış ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Bu prosesin əsas tərkib hissələrindən biri və ən böyük çətinlik yaradan amil mina problemidir. Bu istiqamətdə Azərbaycan çox böyük resurslar sərf edir. Lakin problemin miqyası o qədər genişdir ki, müharibənin başa çatmasından beş il keçməsinə baxmayaraq, biz hələ uzun illər bu problemlə mübarizə aparmalı olacağıq.
“Bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq mövcuddur. Azərbaycan bu əməkdaşlığın daha da genişlənməsində və Avropa İttifaqı ilə birgə daha böyük layihələrin həyata keçirilməsində maraqlıdır. Ümid edirik ki, gələcək illərdə bu məsələyə xüsusi diqqət yetiriləcək”, - deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.