Misirdə Azərbaycan dilini yerli mütəxəssis tədris edəcək

post-img

Qahirədə Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında fəaliyyət göstərən Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş olub.

Görüşdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə iki ölkə arasında əlaqələrin tarixindən və inkişafından danışıb, dövlət başçılarının qarşılıqlı səfərlərinin rolunu qeyd edib.

Seymur Nəsirov akademiyada Azərbaycan dilini misirli mütəxəssis, Azərbaycanşünas Əsma Əhməd və diaspor fəalı İnarə Osmanovanın tədris edəcəyini bildirib. Bu sahədə yerli mütəxəssislərin sayının artırılmasının akademiyanın əsas hədəflərindən olduğunu, eyni zamanda tədris ocağında Azərbaycan dilində səlis nitqi inkişaf etdirmək üçün danışıq klubunun yaradıldığını diqqətə çatdırıb.

Əsma Əhməd çıxışında Azərbaycan dili ilə ərəb dili arasında oxşar və fərqli cəhətlərdən, dillərin öyrənilməsində müasir üsullardan danışıb və bu sahədə öz təcrübəsini bölüşüb.

Daha sonra yeni müdavimlər üçün açılan qrupda ilk dərs keçirilib. Tələbələr arasında misirlilərlə yanaşı, İndoneziya, Suriya və digər ölkələrin vətəndaşları da var.

Qeyd edək ki, Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası elm və incəsənət sahələri ilə bağlı fəaliyyətlərlə məşğul olur. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən 650-dən çox tələbə ödənişsiz əsaslarda təhsil alır.

Sosial həyat