Orta Dəhliz “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərəcək

post-img

Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəbbüsü ilə yaradılıb. Sonrakı illərdə layihə Ukrayna, Rumıniya və Polşanın hesabına genişləndirilib. Ümumilikdə, bu dəhliz hazırda özündə 9 ölkəni birləşdirir. Dəhlizin nəqliyyat imkanlarından isə 15 ölkənin yükdaşıma şirkətləri istifadə edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca 60-a yaxın ölkə yerləşir. Həmin coğrafiyada isə 4,5 milyard nəfər yaşayır. Bu baxımdan nəqliyyat dəhlizi həm iştirakçı ölkələr, həm də digər dövlətlər üçün əhəmiyyətlidir. 


Hazırda Orta Dəhliz Çin–Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər geniş bir ərazini əhatə edir. Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çindən Türkiyəyə, oradan da Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsinə xidmət göstərir. 
Bu dəhliz üzrə hərəkət edən qatarlar yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır. Müqayisə üçün deyək ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhliz vasitəsilə Türkiyədən keçməklə 10 min kilometr deyil, 7 min kilometr məsafə qət etməli olur. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli olduğunu təsdiqləyir. 
Yeri gəlmişkən, Orta Dəhliz boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu və ya digər amillərin, eləcə də dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunmasının nəticəsidir ki, həmin marşrutdan yararlanmaq istəyən şirkətlərin sayı getdikcə artır. Bu da dəhliz vasitəsilə yük daşımalarının həcminin ilbəil artmasına səbəb olur. 
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin uğurlu fəaliyyətinin təmin olunmasında Azərbaycanın müstəsna rolu var. Hazırda Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın geosiyasi mövqeyi bütün sahələrdə, o cümlədən beynəlxalq yükdaşımalarda əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradır. 
Martın 15-də Transxəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilməsi də məhz bunun bariz ifadəsidir. 
Xatırladaq ki, Orta Dəhliz boyunca “bir pəncərə” prinsipindən istifadə etməklə rəqəmsal həllər əsasında tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanaraq reallaşdırılması məqsədilə təşkil edilən həmin görüşdə Azərbaycan gömrük xidmətinin mütəxəssisləri tərəfindən hazırlanan Transxəzər Tranzit Portalının təqdimatı keçirilib. 
Qeyd olunub ki, bu tətbiq mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elektron qaydada mübadiləsinə, əvvəlcədən təqdim edilən gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadəsinə imkan yaradacaq. Həmçinin portal gömrük xidmətlərinin asanlaşdırılmasını və səmərəliliyinin artırılmasını, risklərin təhlili əsasında gömrük nəzarəti formalarının tətbiqi barədə qərar qəbul edilməsini, gömrük nəzarəti nəticələrinin mübadiləsini şərtləndirəcək.  
Toplantıda bir sıra təşəbbüslər səsləndirilib ki, bu da yaxın gələcəkdə Orta Dəhlizin səmərəli fəaliyyətinə əsaslı təsir göstərmək baxımından mühüm önəm daşıyır. Məsələn, “Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit qaydasının işlənib hazırlanması və tətbiqi üzrə Fəaliyyət Planı”nın qəbul edilməsi bunun parlaq ifadəsidir.
Onu da deyək ki, hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə TIR daşımalarında rəqəmsallaşmanın genişləndirilməsi üzrə iş aparılır.
BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) TIR üzrə katibi Konstantinos Alexopoulos adıçəkilən toplantıdakı çıxışında Azərbaycan, Gürcüstan və Özbəkistanın TIR daşımaları üzrə elektron bağlantını təmin etdiyini bildirib. Türkiyədə isə bu elektron bağlantının cari ilin iyun ayında tamamlanması gözlənilir. 
Dəhliz boyunca idxal-ixrac əməliyyatlarının asanlaşdırılması üçün elektron sistem yaradılıb. E-TIR elektron tətbiq proqramı bu ilin iyul ayında istifadəyə veriləcək. Bu sistem əvvəlcə İsveçrənin Cenevrə şəhərində sınaqdan keçiriləcək, daha sonra dəhliz ölkələrinin istifadəsinə veriləcək. Proqram Ümumdünya Gömrük Təşkilatının standartlarına əsaslanır. 

Rauf AĞAMİRZƏYEV,
nəqliyyat üzrə ekspert:


– Trans–Xəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhliz boyu “bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurlarının sadələşdirilməsi Azərbaycana nə verə bilər və ümumiyyətlə, bunun dəhliz ölkələri üçün əhəmiyyəti nədir? Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, sadələşdirilmiş gömrük prosedurları və rəqəmsallaşma yüklərin ötürülməsində, yoxlanış prosesində vaxtın azaldılmasına səbəb olacaq. Bu da öz növbəsində ümumi dəhlizin cəlbediciliyinin artmasına gətirib çıxaracaq. Ümumi konteksdən baxsaq, bu, həm regional, həm də qitələrarası daşımalarda çox önəmli bir məqamdır.
İkinci ən mühüm məqam isə ondan ibarətdir ki, hazırda yükdaşımalarda təkərli texnikalardan, yəni TlR-lardan geniş istifadə olunur. Bu zaman e-CMR, e-TIR tətbiqlərinin işə düşməsi avtomobillə yük daşıyan şirkətlərə vaxta ciddi qənaət etməyə imkan yaradacaq. Bu həllərin tətbiqi Azərbaycan üzərindən də avtomobillə tranzit daşımalarının artmasına səbəb olacaq. 
Yeri gəlmişkən, martın 15-də Bakıda Trans-Xəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhliz boyu “bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurlarının sadələşdirilməsi layihəsi üzrə keçirilən çoxtərəfli görüşdə BMT Baş katibinin müavini Olqa Alqayerova Azərbaycanın rəqəmsallaşdırma prosedurlarında böyük nailiyyətlər qazandığını  və artıq e-CMR və e-TIR həllərini uğurla tətbiq etdiyini bildirib.
O, həmçinin deyib ki, regionun digər ölkələri ilə rəqəmsallaşmanın əldə olunması yük daşımalarını daha da sadələşdirməyə, habelə yük daşımalarının vaxtını azaltmağa imkan verəcək.
Orta Dəhlizin digər mühüm məqamlarından biri infrastrukturla bağlıdır. Yəni, dəhliz boyu dar boğazların aradan qaldırılması təmin edilməlidir. Azərbaycan bu istiqamətdə də aktiv fəaliyyət göstərir. Bu baxımdan ölkəmizdə yol infrastrukturunun şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirləri qeyd etmək olar. 
Məlum olduğu kimi, hazırda Orta Dəhlizin əsas seqmentlərindən sayılan Zəngəzur dəhlizi boyunca, həm avtomobil, həm də dəmir yollarının tikintisi sürətlə davam etdirilir. Bu da gələcəkdə Azərbaycan üzərindən fərqli növ yüklərin daşınmasına imkan yaradacaq. Amma nəzərə almaq lazımdır ki, bu, bir komanda işidir. Yəni bütün dəhliz ölkələri eyni işləri vaxtında və keyfiyyətlə icra etməlidirlər. Əks təqdirdə, dəhlizin fasiləsiz hərəkətini təmin etmək, onun cəlbediciliyini artırmaq mümkün olmayacaq.


Mirbağır YAQUBZADƏ,  
“Xalq qəzeti”

Təbriz-Yadigarov-foto.jpg

İqtisadiyyat