Aqroparkların ölkənin ixrac potensialına töhfəsi

post-img

Son illər ölkəmizdə həyata keçirilən uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, fermerlərə göstərilən maliyyə dəstəyi, aqrar sektorda tətbiq edilən vergi güzəştləri əkin-biçin adamında təşəbbüskarlığı və sabaha inamı xeyli artırıb. Məhz bu inamın nəticəsidir ki, hazırda aqrar sektorda qabaqcıl texnologiyalara və müasir innovativ idarəetmə sisteminə əsaslanan yeni tipli müəssisələr yaradılır. 

Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən aqroparklar xüsusi qeyd edilməlidir. Ölkə­nin kənd təsərrüfatının inkişafı məqsədilə işlənib hazırlanmış yeni konsepsiyanın mühüm istiqamətlərindən sayılan aqro­parklar ərzaq təhlükəsizliyinin təminatında, regionların tarazlı inkişafının və əhalinin məşğul­luq səviyyəsinin yüksəldilməsin­də mühüm rol oynayır. 

Aqroparklarda istehsalçı, emalçı və istehlakçı arasın­da inteqrasiya münasibətləri formalaşdırılır ki, bu da kənd təsərrüfatında yüksək məhsul­darlığın əldə olunmasına imkan yaradır. Bu müəssisələr aqrar sahədə inkişafı sürətləndirmək­lə yanaşı, idxaldan asılılığın azaldılmasına, eləcə də ölkənin ixrac potensialının artırılmasına və milli brendlərin yaradılması­na mühüm töhfələr verir.

Azərbaycanda aqroparklar 2014-cü ildən etibarən Prezi­dent İlham Əliyevin tapşırığına əsasən ərzaq təhlükəsizliyinin təmin edilməsi, işsiziliyin ara­dan qaldırılması və idxaldan asılılığın azaldılması məqsədilə yaradılıb. Ölkədə mövcud aqro­parkların fəaliyyətinə nəzarət İqtisadiyyat Nazirliyinin nəzdin­də İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən hə­yata keçirilir. Agentlik respubli­kada fəaliyyət göstərən sənaye parklarının, sənaye məhəllələ­rinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 22 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb.

Hazırda respublikamızın 32 rayonu üzrə 51 aqropark və iri fermer təsərrüfatı fəaliyyət göstərir. Ümumi ərazisi 240 min kvadratmetr təşkil edən aqro­parkların layihə dəyəri 2,4 mil­yard manatdır. Aqropark və iri fermer təsərrüfatlarının 34-ü bit­kiçilik, 14-ü bitkiçilik və heyvan­darlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Ötən müddətdə aqroparklara 1,4 milyard manat özəl sərmayə qoyulub. 

Ölkədə aqroparkların yara­dılması 2022-ci ildə də davam edib. İl ərzində fəaliyyətə başla­mış aqroparkların 10-u heyvan­darlıq sahəsinə aid olub. Həmin müəssisələrdə isə 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub. Bu barədə İZİA İdarə Heyəti sədrinin müavini Zamir Dibirov qurumun 2022-ci ilin ye­kunlarına həsr olunmuş mətbu­at konfransında məlumat verib. 

Xatırladaq ki, aqroparklarda digər kənd təsərrüfatı müəs­sisələrində olduğu kimi, vergi güzəştlərindən, subsidiyalar­dan, güzəştli kredit və lizinqdən yararlanılır. Bununla yanaşı, dövlət tərəfindən digər mühüm dəstək tədbirləri də həyata keçi­rilir. Ötən müddətdə investisiya təşviqi sənədi almış 27 aqro­parkdan 26-na texnikanın, tex­noloji avadanlıqlar və qurğuların idxalına görə 44,7 milyon manat dəyərində güzəşt tətbiq olunub. Eyni zamanda, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 195 mil­yon manat güzəştli kredit verilib. 

Ölkəmizdə aqroparkların fəaliyyətinin genişləndirilməsi məqsədilə bir sıra əlavə təd­birlərin görülməsi planlaşdırı­lır. Həmin tədbirlər sırasında aqroparkların ərazisində emal müəssisələrinin yaradılması ideyası xüsusi qeyd edilməlidir. Z.Dibirovun bildirdiyinə görə, artıq “Yevlax Pilot Aqropark”ın ərazisində emal müəssisənin yaradılması nəzərdə tutulur. Ərazisinin genişliyi ilə seçilən bu pilot təsərrüfat 2855 hektar sahəni əhatə edir. 

Aqroparkın əkinə yararsız 129 hektar hissəsinin təyinatı dəyişdirilərək burada emal zo­nası yaradılacaq. Həmin ərazi bütün zəruri infrastrukturla tə­min ediləcək. 

Xatırladaq ki, 2021-ci ildə yaradılmış aqroparkda prioritet­ləşdirilmiş məhsulların əkini hə­yata keçirilir. Həmin məhsulların da məhz elə aqroparkın ərazi­sində emalı məqsədyönlü sayı­lır. Yeni yaradılacaq müəssisə­də isə, əsasən, ərzaq və aqrar məhsulların emalı gözlənilir.

İZİA İdarə Heyəti sədrinin müavini, həmçinin bildirib ki, gələcəkdə aqroparkların ərazi­sində meyvəçilik, toxumçuluq, süd məhsulları üzrə də emal müəssisələri yaradıla bilər. Bu da investorların marağından irə­li gəlir. Belə olan təqdirdə inves­torların aqroparkların sahibləri ilə birgə emal müəssisələrinə böyük həcmdə investisiya yatı­racaqları gözlənilir. 

Yeri gəlmişkən, aqroparkla­rın gələcək inkişafı və onların kənd təsərrüfatında lokomotiv rolunu oynaması üçün əsas is­tiqamətlər müəyyənləşdirilib. Bu barədə İZİA-nın İdarə heyətinin sədr müavini gələcəkdə aqro­parkların ixtisaslaşmasına nail olmaq üçün onların klasterləşdi­rilməsinin nəzərdə tutulduğunu bildirib. 

Z.Dibirov ölkədə fəaliyyət­lərində nöqsanlar aşkarlan­mış aqroparkların statuslarının ləğv olunacağı ilə bağlı xəbər­lərə də aydınlıq gətirib. “Bu məqsədlə hazırda ölkədə fəa­liyyət göstərən aqroparkların müəyyən qiymətləndirilməsi aparılır. Araşdırma ilə onların biznes-planlarına uyğun fəaliy­yət göstərmələri, torpaq sahələ­rindən düzgün istifadə etmələri aydınlaşdırılır. Qiymətləndirmə aqroparkların reyestrinin yara­dılması ilə bağlıdır. İndiyədək həmin aqroparklar müraciətlər əsasında təşkil olunub. Lakin artıq aqroparkların hüquqi çər­çivəsi müəyyənləşib, əsasnamə qəbul edilib. Hazırda reyestrinin yaradılması istiqamətində işlər aparılır”– deyə o vurğulayıb. 

Z. Dibirov, həmçinin bildirib ki, aqroparklar reyestrə salı­nandan sonra onlara qeydiyyat şəhadətnaməsi veriləcək. Bu da İqtisadi Zonaların İnkişafı Agentliyi ilə aqroparklar arasın­da əməkdaşlığı asanlaşdıracaq. Gələcək əməkdaşlıq çərçivəsin­də isə aqroparkların və iri fermer təsərrüfatlarının qarşılaşdığı institusional və fərdi problemlə­rinin həllinə kömək göstəriləcək. Bu zaman istehsal və satış pro­sesi ilə bağlı məsələlərlə yana­şı, aqroparkların maliyyə resus­larına çıxış imkanlarının daha da asanlaşdırılmasına dəstək kimi məsələlər də yer alacaq. 

Göründüyü kimi, dövlətin sahibkarlığın inkişafı istiqamə­tində həyata keçirdiyi dəstək tədbirlərindən maksimum ya­rarlanmağa çalışan fermerlər aqrar sahədə intensiv texno­logiyaların tətbiqi ilə yeni tipli müəssisələrin yaradılmasına daha çox həvəs göstərirlər. Bu da daxili bazarda ərzaq bolluğu­na təminat yaratmaqla yanaşı, ixracın coğrafiyasının da getdik­cə genişlənməsinə səbəb olur.

 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”

İqtisadiyyat