Türk Dövlətlərinin Qiymətləndiricilər Birlikləri bir araya gəlir – Təşkilat Komitəsi yaradıldı

post-img

Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsi fəaliyyətə başlayıb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) AZƏRTAC-a bildirilib ki, bununla bağlı qərar martın 5-də keçirilən onlayn toplantıda qəbul edilib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın tamhüquqlu, Şimali Kipr Türk Cümhuriyyətinin isə müşahidəçi üzv qismində qatıldığı qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc və Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti və Qiymətləndirmə Palatasının nümayəndəsi Marat Baitokov qurumun koordinatorları seçiliblər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc qeyd edib ki, türk dövlətlərində fəaliyyət göstərən qiymətləndirici birlikləri öz ətrafında cəmləşdirən platformanın Koordinasiya Mərkəzi aprel ayında Bakıda bir araya gələcək: “İyun ayında isə Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiriciləri Birliyinin təsis yığıncağı keçiriləcək. Türk dünyası qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin qurulması, birgə fəaliyyət mexanizminin təşviqi, vahid məlumat bazasının yaradılması, təcrübə mübadiləsinin təşkili, habelə türk dünyası dövlətləri arasında inteqrasiyanın təmin olunması istiqamətində fəaliyyət göstərəcək birliyin müvafiq strukturları formalaşdırılacaq. Təsis qurultayına qədər isə Təşkilat Komitəsinə rəhbərlik Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti Marat Baitokova və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri olaraq mənə həvalə edilib”.

Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması ilə bağlı razılaşma Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nərgizə Mirzərəhimova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov tərəfindən əldə olunub. Bildirilib ki, Türkmənistan Qiymətləndiricilər Cəmiyyəti tamhüquqlu, Şimali Kipr Türk Cümhuriyyəti Dəyərləmə Uzmanları Birliyinin isə müşahidəçi üzv qismində Türk Dövlətləri Qiymətləndiriciləri Birliyində təmsil olunmaq qərarını elan ediblər.

Yekunda birliyin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, mütəmadi iclaslar keçirilməsi və təsis konfransının hazırlıqla bağlı müvafiq qərarlar qəbul olunub.

İqtisadiyyat