İnsan kapitalının davamlı inkişafı prioritet istiqamətdir

post-img

Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə direktoru Fadia Saadah Bakıda səfərdə olarkən jurnalistlərə açıqlamasında Azərbaycanda inklüziv dinamik cəmiyyətin insan kapitalı hesabına inkişaf edəcəyini bildirib. F.Saadah daha sonra respublikamızda təhsil, səhiyyə və sosial müdafiə sahəsindəki dəyişikliklər hesabına 2010-2020-ci illərdə İnsan Kapitalı İndeksinin 50 faizdən 58 faizə yüksəldiyini xatırlatmaqla bərabər, bu sahəyə investisiya yatırımının 2024-2050-ci illər ərzində orta hesabla 1,7 faiz arta biləcəyi proqnozunu da açıqlayıb. 

 

Yeri gəlmişkən, insan kapitalının da­vamlı inkişafının təmin edilməsinə Azərbay­canda hər zaman xü­susi əhəmiyyət verilir, bu məqsədlə həyata keçirilən sosial-iqtisa­di layihələrə prioritet istiqamət kimi yanaşı­lır. Son beş ildə 4 so­sial islahat paketinin icra olunması, sosial ödənişlərdə ciddi ar­tımlara, o cümlədən minimum əməkhaqqın­da 2,7 dəfə, orta aylıq əməkhaqqında 55 faiz, minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya və median əməkhaqqında iki dəfə, əməkhaqqı fon­dunda 2,5 dəfə artıma nail olunması da məhz belə bir diqqətin bariz ifadəsidir. 

Son illərdə sosial müdafiə və aktiv məşğulluq proqramlarının əhatə dairəsi genişlənib. Məşğulluq xidmətlərinin çe­şidinin artırılması, peşə təhsili və təlimi sisteminin təkmilləşdirilməsi, yeni peşə hazırlığı mərkəzlərinin açılması ilə bağlı kimi sahələrdə mühüm nailiyyətlər əldə olunub. İşçi qüvvəsinin bacarıqlarının ar­tırılması, əmək və məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi ilə əlaqədar layihələr reallaşdırılıb. 

Dövlət başçısının sərəncamları ilə təsdiqlənən “Azərbaycan Respublikası­nın 2022–2026-cı illərdə sosial-iqtisa­di inkişaf Strategiyası” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də sosial müdafiə sistemi­nin gücləndirilməsi, eyni zamanda, insan kapitalının, rəqabətqabiliyyətli kadr po­tensialının inkişaf etdirilməsi prioritetlər sırasında yer alıb. 

Hazırda Azərbaycanda insan kapi­talı indeksi 0,58-dir. Yəni bu gün dünya­ya gələn uşaq böyüyəndə tam sağlam və təhsilli olduğu təqdirdə 58 faiz daha məhsuldar çalışa bilər. Pandemiya sosial xidmətlərdən istifadə olunmasını məh­dudlaşdırdığı üçün hökumətin qarşısında səhiyyə və təhsil nailiyyətlərini bərpa et­mək, insan kapitalı inkişafının siyasi gün­dəlikdə birinci məsələ olaraq qalmasını reallaşdırmaq vəzifəsi durur.

Belə bir fikir onu göstərir ki, respublika əhalisinin rifah halının daha da yaxşılaş­masına xidmət edən sosial siyasət Pre­zident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi ötən illər ərzində döv­rün tələblərinə uyğun şəkildə zənginləşdi­rilərək hazırda yeni keyfiyyət mərhələsinə daxil olub. Bu gün ölkəmizdə yoxsullu­ğun azaldılması istiqamətində reallaşdırı­lan iqtisadi islahatlar nəticəsində əhalinin sosial şəraitinin, habelə məşğulluq səviy­yəsinin əhəmiyyətli dərəcədə yüksəldil­məsi özünü qabarıq büruzə verir. 

Azərbaycanda əhalinin sosial mü­dafiəsinin günün tələblərinə uyğun təş­kili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində görülən işlər sayəsində ölkədə yoxsulluq həddində yaşayanların sayı getdikcə azalıb. Sözü­gedən məsələnin ardıcıl şəkildə gerçək­ləşdirilməsi layihələri kompleks xarakter daşıyıb. Məhz elə bunun məntiqi nəti­cəsidir ki, rəsmi statistikaya görə, təkcə 2023-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 min nəfər və ya 1,5 faiz artaraq 1 milyon 733,9 min nəfər olub, onlardan 903,3 min nəfəri iq­tisadiyyatın dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliy­yət göstərib. 

Cari ilin ilkin məlumatlarına görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə əvvəlki ilə nisbətən 14,7 faiz artaraq 839,4 ma­nata yüksəlib. İqtisadiyyatın mədənçıxar­ma sənayesi, maliyyə-sığorta, peşə, el­mi-texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 

Onu da deyək ki, DB ilə formalaşan uğurlu əməkdaşlıq təcrübəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və adıçəkilən bankın birgə gerçəkləşdirdiyi “Azərbaycanda məşğulluğa dəstək” la­yihəsi əsasında indiyədək 5,4 minədək işsiz şəxs üçün kiçik bizneslər yaradılıb. 

Siyasi sabitlik, zəngin təbii ehtiyatlar və iqtisadi potensial, yaradılan əlveriş­li biznes və investisiya mühiti, müasir infrastruktur, əlverişli coğrafi mövqe, beynəlxalq aləmdə etibarlı tərəfdaş ol­ması ölkəmizi investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib və bütün bunlar respublika əhalisinin rifah halının daha da yaxşılaşmasında önəmli rol oynayıb. 

 

Vəkil HÜSEYNOV, 
iqtisadçı-ekspert

Son illərdə dövlət neftdən asılılığı azaltmaq üçün qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir. Qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında ciddi islahatlar həyata keçirilir. Bölgələrdə yaradılan infrast­ruktur – abad yollar, müasir hotellər və s. turizmin inkişafını gücləndirir, iqtisa­diyyatın şaxələndirilməsini sürətləndirir. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycanın ümumi daxili məhsulun­da neft amili təxminən 30 faizdən bir qədər çoxdur. Ümumi gəlirlərin əksə­riyyəti isə qeyri-neft sektoru hesabına formalaşır.

Azərbaycanda İnsan Kapitalı İndek­sinin tədricən yüksəlməsində Dünya Bankı da mühüm rol oynayıb. Bununla bağlı əvvəlcə onu bildirək ki, bu bank ilə ölkəmizin əlaqələri son illər xeyli ge­nişlənib. “Azərbaycanda məşğulluğa dəstək” layihəsi üzrə adıçəkilən bey­nəlxalq maliyyə qurumu tərəfindən res­publikamızda özünüməşğulluq proqra­mının icrası ilə bağlı mühüm göstəricilər əldə edilib. Belə ki, 2020-2025-ci illəri əhatə edən həmin layihə 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çər­çivəsində kiçik ailə təsərrüfatının yara­dılması, eləcə də məşğulluq xidmətləri və proqramlarının təkmilləşdirilməsinə dəstək verilməsi məqsədi daşıyıb. 

“Azərbaycanda məşğulluğa dəstək” layihəsi üzrə artıq 8 minə yaxın şəxs biznes təlimlərə cəlb edilib və onlar­dan 700 nəfərdən çoxu şəhid ailələrinin üzvləri, həmçinin müharibə iştirakçıla­rı olub. Eyni zamanda, 2400-dən çox qadın həmin təlimlərdə iştirak edib. Hazırda davam edən həmin layihədə gənclərə də üstünlük verilib və 2,1 min­dən çox gənc layihə üzrə təlimlərə cəlb olunub. 

Son illərdə əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində elektron texnologiyalardan istifadənin genişləndirilməsi, əhali ilə sıx ünsiyyətin mövcud olduğu fəaliyyət sektorlarının təkmil proqram təminatla­rı əsasında avtomatlaşdırılması həmin sahələr üzrə əhaliyə xidmətlərin elekt­ron müstəviyə keçirilməsinə imkan ve­rib.

Azərbaycanda qurulan etibarlı so­sial müdafiə sistemi səmərəli və şəffaf olmaqla yanaşı, əhatəliliyi ilə də diqqət çəkir. DB mütəxəssislərinin hesabla­malarına görə, hazırda Azərbaycanın sosial müdafiə sistemi geniş əhatəliliyə malikdir və yoxsul sayıla biləcək əha­linin 90,1 faizini əhatə edən bu sistem yoxsulluğun azaldılmasında mühüm rol oynayır.

Azərbaycanın irəli sürdüyü qlobal geoiqtisadi təşəbbüslər, yeni iş yerləri­nin yaradılmasının prioritet vəzifə kimi qarşıya qoyulması, yoxsulluq səviyyə­sinin getdikcə azaldılması, respublika vətəndaşlarının maliyyə imkanlarının mərhələlərlə və mütəmadi artırılması, çoxsaylı infrastruktur layihələri, ölkəmi­zin nəqliyyat yollarının şaxələndiyi mə­kana çevrilməsi, yol infrastrukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, idarəçilərin yeni kreativ sinfinin yaradıl­ması bu gün dövlətimizin gələcək üçün formalaşdırdığı tədbirlər portfelidir.

Nüfuzlu beynəlxalq təşkilatlar da etiraf edirlər ki, Prezident İlham Əliyevin enerji resurslarından asılılığın azaldıl­masına, innovasiyalı və ya başqa söz­lə, “ağıllı” iqtisadiyyatın yaradılmasına yönələn siyasəti, “qara qızıl”ın intellek­tual kapitala çevrilməsi nəzərəçarpan real nəticələr verir.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat