Xocalı dünyadan ədalət gözləyir

post-img

Qazaxıstan

Azərbaycanın Qazaxıstandakı səfir­liyi və Astanadakı Türk Akademiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımı­nın 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. Mərasimdə səfirliyin və Türk Akademiyasının əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, qar­daş qazax xalqının nümayəndələri, di­asporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Tədbirin əvvəlində iştirakçılar ermə­ni cinayətlərini əks etdirən fotosərgi qar­şısına çiçək dəstələri düzüblər. 

Xocalıda və Dağlıq Qarabağda şə­hid olanların xatirəsi bir dəqiqəlik sükut­la yad olunduqdan sonra Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğla­nov Xocalı faciəsi haqqında ətraflı mə­lumat verib. Diplomat Xocalıda qəddar­lıqla öldürülən insanlar, yaralananlar və itkin düşənlər haqqında da söhbət açıb.

Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Azərbay­can xalqına qarşı məqsədyönlü şəkil­də həyata keçirilən etnik təmizləmə və soyqırım siyasəti ilə bağlı geniş məlu­mat verib. O, aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi olan Xocalı soyqırımının siyasi və tarixi mənşəyi, hüquqi aspektləri haqqında danışıb. 

Qırğızıstan

Bişkek şəhərindəki “Mərkəzi Asi­yanın Tərəqqipərvər Azərbaycanlıları Birliyi” Xocalı soyqırımının 31-ci ildö­nümünə həsr olunmuş anım mərasimi keçirib. Tədbirdə Azərbaycanın Qırğı­zıstandakı səfiri Lətif Qəndilov, Qırğı­zıstan Prezidenti yanında dil üzrə milli komissiyanın rəhbəri Jıldız Orozbeko­va, Azərbaycan diasporunun nümayən­dələri iştirak ediblər.

Əvvəl Xocalı soyqırımı qurbanla­rının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, faciə ilə bağlı fotosərgiyə baxış keçirilib. 

Lətif Qəndilov Xocalı soyqırımının tarixi haqqında geniş məlumat verib, faciənin səbəbləri barədə danışıb. Dip­lomat qeyd edib ki, Xocalı soyqırımı ermənilər tərəfindən ciddi düşünülmüş, silahsız, çarəsiz azərbaycanlılara qarşı yönəlmiş əməliyyat olub. 

Jıldız Orozbekova Xocalı faciəsinin son dövrün ən böyük soyqırımı oldu­ğunu bildirib, bunu törədənlərin hələ də cəzasız qalmasından, Xocalı üçün ədalətin bərpa olunmasından danışıb, cinayətkarların cəzalarını alacaqlarına əminliyini bildirib.

Qırğızıstanın Gimnastika Federasi­yasının prezidenti Əsəd Əsədov, Qır­ğızıstan Prezidenti yanında Əfv Komis­siyasının üzvü, əməkdar hüquqşünas Aydın Alaferdov və başqaları Azərbay­canın haqq səsinin bütün dünyada ya­yılmasının vacibliyinə toxunublar.

Çin

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın Çindəki səfirli­yində anım mərasimi keçirilib. Bu ölkədə yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə səfirliyin ərazi­sindəki “Xarıbülbül” barelyefinin önünə gül dəstələri qoyulub, soyqırımı qurban­larının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.

Səfir Əkrəm Zeynallı XX əsrin so­nunda müstəqilliyini bərpa edən Azər­baycanın ilk illərdə ağır və faciəli ha­disələrlə, o cümlədən Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti ilə üz-üzə qaldığını, bu xüsusda 1992-ci ilin fevralında erməni silahlılarının Xo­calıda törətdikləri qırğının misli görün­məmiş faciə olduğunu söyləyib. 

Almaniya

Heydər Əliyev Fondu və Azərbay­canın bu ölkədəki səfirliyi tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 31-ci il­dönümü ilə əlaqədar anım mərasimi ke­çirilib. Tədbirdə, həmçinin Xocalı soyqı­rımı ilə bağlı sərgi təşkil olunub.

Soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla başlanan mərasim­də Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Xocalı soyqırımına dair ha­zırlanan qısa film nümayiş etdirilib.

Azərbaycanın Almaniyadakı sə­firi Nəsimi Ağayev tədbirdə çıxış edərək Xocalı soyqırımının “Soyuq müharibə”nin bitməsindən sonra Avro­pada baş verən ilk soyqırımı olduğunu bildirib. Səfir insanlıq əleyhinə bu ci­nayəti törədənlərin hələ də məsuliyyətə cəlb olunmadıqlarını söyləyib. 

Fransa

Azərbaycanın Fransadakı səfirliyi­nin, UNESCO yanında daimi nümayən­dəliyin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.

Azərbaycanın Fransadakı səfir­liyinin Mədəniyyət Mərkəzində keçi­rilən tədbirdə səfir Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, Milli Məclisin depu­tatı, Azərbaycan-Fransa Parlamentlə­rarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov çıxış edərək Ermənistanın ölkəmizə qarşı başladığı silahlı münaqişənin ən qanlı səhifəsini 31 il əvvəl Xocalı şəhərində törədilən soyqırımının təşkil etdiyini bil­diriblər. 

Cənubi Koreya 

Azərbaycanın Koreya Respublika­sındakı səfirliyinin təşkilatçılığı ilə Seul şəhərində Xocalı soyqırımı ilə bağlı “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.

Azərbaycan səfirliyinin yerləşdiyi Seulun Yonqsan rayonunun bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində reallaşan tədbirdə Cənubi Koreyanın hökumət rəsmiləri, akademik və ictimai dairələ­rin, Seuldakı diplomatik korpusun təm­silçiləri, jurnalistlər, bu ölkədə yaşayan və işləyən soydaşlarımız iştirak ediblər.

Çex Respublikası

Azərbaycanın Çex Respublikasın­dakı səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərində Xocalı faciəsinin 31-ci ildö­nümünə həsr olunan “Lidiçe və Xocalı – qətliam qurbanları” adlı tədbir keçirilib.

Praqanın mərkəzində yerləşən “Prezident” oteldə keçirilən mərasimdə Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin üzvləri, ictimaiyyət nümayəndələri, habelə Azərbaycan di­aspor nümayəndələri və tələbələr işti­rak ediblər.

Serbiya

Xocalı soyqırımı ilə əlaqədar Belq­rad şəhərində anım mərasimi keçiri­lib. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya–Azərbaycan Dostluq Cəmiy­yətinin üzvləri, diplomatik korpusun təmsilçiləri, yerli KİV nümayəndələri, eləcə də bu ölkədə çalışan, təhsil alan azərbaycanlılar, həmçinin yerli tələbələr iştirak ediblər.

Azərbaycanın Serbiyadakı səfirliyi­nin təşkilatçılığı ilə keçirilən tədbir za­manı Xocalı soyqırımı qurbanlarının, habelə Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Avstriya

Vyanada Xocalı qətliamı qurbanları­nın xatirəsinə orqan əsərlərindən ibarət konsert-rekviyem keçirilib.

Azərbaycanın Avstriyadakı səfir­liyinin təşkilatçılığı, Azərbaycan Mə­dəniyyət Mərkəzi və Vyanada fəaliy­yət göstərən “Culture Meeting Point” təşkilatının dəstəyi ilə tədbir şəhərin mərkəzində yerləşən Müqəddəs Pe­ter kilsəsində reallaşıb. Mərasimdə Milli Məclisin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Vyanada akkreditasiya olunmuş diplomatik korpusun, yerli ic­timaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

İsveçrə 

Soloturn şəhərində fəaliyyət göstərən Azərbaycan–Türk Mədəniy­yət Mərkəzində səfirliyimizin dəstəyi ilə Xocalı soyqırımının ildönümünə və Türkiyədə bu il fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xa­tirəsinə həsr edilən anım tədbiri keçiri­lib.

Mərasimdə çıxış edən Azərbaycan–Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras həm Azərbaycanın, həm də Türkiyənin yeni tarixdə üzləşdikləri faciə, fəlakət və itkilərdən danışıb. O, ən çətin anlarda dövlətlərimizin və xalq­larımızın bir-birinin yanında və biri-bi­rinə dəstək olduqlarını vurğulayıb.

Tədbirin sonunda Xocalı soyqırımı və zəlzələ qurbanlarının ruhuna dualar oxunub.

 

(Xəbərlər “Xalq qəzeti” və AZƏRTAC-ın materialları əsasında hazırlanıb)







Qan yaddaşı