Cənub Qaz Dəhlizinin genişləndirilməsi prioritet vəzifədir

post-img

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi ilə bağlı “dəyirmi masa”da ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışaraq bildirib ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə kimi diqqət çəkib. Orta və uzunmüddətli perspektivdəki əsas məqsəd isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsi olub. Dövlətimizin başçısı daha sonra 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılmasının nəzərdə tutulduğunu bildirib. 

Ötən il Bakıda Avropa Komissiya­sının Prezidenti Ursula Fon der Lya­yenin iştirakı ilə Azərbaycanla Avro­pa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xa­tırladan dövlətimizin başçısı enerji sahəsində Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının bu sənədə uyğun ola­raq bundan sonra da genişlənəcəyini də vurğulayıb. 

Azərbaycanla Avropa İttifaqı ara­sında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolunun olduğu­nu deyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırıb. Ölkə başçısı çıxışında Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələrin həyata keçirildiyini, həmçinin 25 qiqavatadək enerji isteh­salı ilə bağlı müxtəlif sənədlər imza­landığını da xatırladıb. 

Göründüyü kimi, bütün bu fəaliyyət Azərbaycanın istehsal etdiyi “yaşıl enerji”nin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də im­kan verəcəyini, bununla da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olacağını şərtləndirib. 

Yeri gəlmişkən, fevralın 3-də Ba­kıda, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu ic­lasında da bu barədə ətraflı danışılıb. İclasda adıçəkilən dəhliz layihəsinin icrasında müəyyən yubanmalar ol­duğu, lakin buna baxmayaraq, onun mümkün qədər tez başa çatdırıldı­ğı, indi isə Cənub Qaz Dəhlizinin genişləndirilməsindən danışıldığı de­yilib. 

Xatırladaq ki, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açılıb. Hazırda yuxarıda vurğulandığı kimi, onun önəmli komponenlərindən biri olan TANAP-ın 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-ın isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdən keçirilir. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyuldu­ğundan, enerji təchizatının davam­lı şaxələndirilməsinin zəruriliyindən xəbər verir. Azərbaycan buna hazır­dır, bununla bağlı ölkəmiz uzun illik təcrübəyə malikdir. 

Burada onu da xatırladaq ki, qeyd edilən məsələlərlə bağlı son bir ildə bir sıra mühüm tədbirlər həyata keçirilib. Məsələn, ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen və dövlətimizin başçısı tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memo­randum imzalanıb. Əslində, bu sənəd Cənub Qaz Dəhlizinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı “yol xəritəsi” kimi qəbul edilib. 

Beləliklə, hazırda Azərbaycanda Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmaq planlaşdırılır və resursların buna imkan verəcəyi bildirilir. Şübhəsiz ki, bu məsələ də ölkələrin qarşılıqlı siyasi iradəsi var. Bu yüksək səviyyədə özünü büruzə verən etimadla ifadə olunur və həll müəyyən qədər mürəkkəb texniki problemlərin aradan qaldırılmasını şərtləndirir. 

Cənub Qaz Dəhlizinin fəaliyyətinin gücləndirilməsindən danışarkən mü­hüm bir hadisəni xatırlatmaq istərdim. Belə ki, Yunanıstanla Bolqarıstan ara­sında interkonnektorun açılması bu dəhlizi layihəsinin müəyyən dərəcədə şaxələndirilməsi sayəsində reallaşıb və nəticədə Azərbaycan təbii qazının Bolqarıstana təchizini gerçəkləşdirib. Həmçinin interkonnektorlar vasitəsilə belə bir genişləndirmənin qonşu ölkələrə də əhəmiyyətli töhfə verəcəyi əminliyi formalaşıb. 

Ümumiyyətlə, ötən ilin dekabr ayı enerji təhlükəsizliyi üçün çox vacib bir tarix olub. Birincisi, həmin vaxt Azərbaycan və Rumıniya arasında qaz təchizatı haqqında saziş imza­lanıb və qaz təchizatının bu yaxın­larda reallaşacağı nəzərdə tutulub. Beləliklə, Rumıniya həmin Cənub Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə qoşulub. Bundan başqa, sözügedən tarixdə Azərbaycan, Gür­cüstan, Macarıstan və Rumıniya ara­sında “Yaşıl enerjinin istehsalı və nəqli sahəsində Saziş” imzalanıb. Beləliklə, göstərilən səylər nəticəsində ölkəmiz üçün əlavə əməkdaşlıq imkanı yara­dılıb və bununla da, Avropanın enerji təhlükəsizliyində yeni bir səhifə açılıb. 

Bu məqamda cari ilin yanvar ayın­da Azərbaycan ilə Macarıstan arasın­da qaz təchizatı sahəsində Anlaşma Memorandumunun imzalanması ilə respublikamıza tərəfdaş olan ölkələrin sayının artdığını da xatırladaq. Bütün bunlar isə, ilk növbədə, cəlb edilmiş ölkələrlə sıx siyasi münasibətlər, fəal əlaqələndirmə və Avropa Komissiya­sı ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi sayəsində müm­kün olub. Bu, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında başlanmış və rəsmi çərçivəyə salınmış enerji dialoqu kimi diqqət çəkib. Həmin dia­loq təbii qazı, elektrik enerjisini, hid­rogeni və yaşıl hidrogeni əhatə edib. Dövlətimizin başçısının vurğuladığı kimi, belə bir fəaliyyət ölkəmizin Av­ropa ilə əməkdaşlığının çox nadir və səmərəli formatı olaraq böyük əhəmiyyət daşıyıb. 

 

 

Eyyub KƏRİMLİ,

iqtisadçı-ekspert

 

Ötən ilin payızında açıqlanan Avropa İttifaqının ümumi maraq layihələrinin “Beşinci Siyahısı”na daxil edilən 20 qaz layihəsinin üçü Azərbaycan qazı ilə bağlıdır. Bu, Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) əlavə, Rumıniya–Macarıstan dəhlizində (ROHU/BRUA) klasterin tutumu­nun artırılması layihəsi və Bol­qarıstan–Serbiya interkonnekto­rudur. Bu layihələr adları çəkilən ölkələrə Azərbaycan təbii qazına çıxış imkanı verəcək. 

Burada onu da xatırladım ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 mil­yard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. Eyni zamanda, 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi isə təxminən 24 milyard kubmetrə çatacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. 

Hazırda Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Av­ropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

BRUA qaz kəməri Azərbaycan qazını Türkiyə və Yunanıstan vasitəsilə Şərqi və gələcəkdə Qərbi Avropa ölkələrinə çatdı­racaq. Bolqarıstan–Serbiya in­terkonnektorunun bu il istismara verilməsi planlaşdırılır. O, Serbi­yanı Cənub Qaz Dəhlizi və digər mənbələrlə birləşdirəcək.

Azərbaycan qazının Rumı­niyaya tədarükü cari ildən baş­laya bilər. Bu IGB-nin tikintisinin nə qədər tez başa çatmasından asılıdır. İnterkonnektor təhvil verildikdən sonra BRUA boru kəmərinə birləşdiriləcək. BRUA qaz kəməri Rumıniya–Bolqarıstan interkonnektoru ilə birlikdə Cənub Qaz Dəhlizi, Mərkəzi Avropa və Balkanları əlaqələndirən mühüm halqadır.

Rusiyanın simasında bir təchizatçıdan tamamilə asılı olan Serbiya 2023-cü ilin sentyabrından Azərbaycandan təbii qaz almağa başlamağı planlaşdırır. Baş nazi­rin müavini, dağ-mədən və ener­getika naziri Zorana Mixayloviçin bir qədər əvvəl bildirdiyi kimi, qaz tədarükünü Serbiyanı Bolqarıstan­la birləşdirəcək Niş–Dimitrovqrad qaz kəməri sayəsində artırmaq mümkün olacaq. Onun başa çatdı­rılması gələn il planlaşdırılır.

Cənub Qaz Dəhlizi artıq Av­ropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İtaliyada dəfələrlə qeyd olunub ki, ener­ji qiymətlərinin kəskin artması nəticəsində yaranmış böhrandan ölkənin uğurla çıxmasına məhz Azərbaycan qazı kömək edib. Xatırladaq ki, Azərbaycan İtaliya­ya neft tədarükündə birinci, qaz tədarükündə isə üçüncü yerdədir. Gələcəkdə Albaniya, Monteneqro, Bosniya və Herseqovina, həmçinin Xorvatiya istehlakçıları da TAP-ın şimal qoluna çevriləcək İon-Ad­riatik boru kəməri (2025-ci ildə istifadəyə verilməlidir) vasitəsilə Azərbaycan qazından istifadə edə biləcəklər.

Avropa İttifaqı Bakıya böyük ümidlərlə baxır. Azərbaycanın isə Avropaya qaz nəqlini artırmaq üçün kifayət qədər ehtiyatları var. Ölkəmizdə təsdiqlənmiş qaz eh­tiyatları 2,6 trilyon kubmetr təşkil edir ki, bu da kifayət qədər böyük həcmdir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat