“Google”un yeni “Android” Zəlzələ Xəbərdarlığı Sistemi

post-img

Son zamanlar dünyada  tez-tez baş verən zəlzələlər nəticəsində cəmiyyətdə qorxu, həyəcan hissi artıb.  Zəlzələlərdən qabaqcadan xəbərdar olmaq üçün insanlar müxtəlif üsullar axtarışındadırlar. Bu üsullardan biri də telefonlar üçün uyğunlaşdırılmış “Google” “Android” Zəlzələ Xəbərdarlığı Sistemidir. Bəs bu sistem nədir və ondan necə istifadə olunur?


“Google” şirkəti öz infrastrukturundan və texnologiyasından istifadə edərək, bütün dünyada baş verən zəlzələləri aşkar edən və istifadəçilərə xəbərdarlıq göndərən pulsuz sistem hazırlayıb. Xəbərdarlıq sistemi sayəsində vətəndaşlar zəlzələdən saniyələr əvvəl xəbərdar edilərək onların daha təhlükəsiz yerə hərəkət etməsinə şərait yaradılır.


Sözügedən proqram yalnız “Android” cihazları üçün əlçatandır. “iOS” üçün “Google” Zəlzələ Xəbərdarlığı sistemi hələlik aktiv deyil. Bu xəbərdarlıq sistemi telefonların "yer" parametrlərindən istifadə edir. Belə ki, bu proqram hər zəlzələnin aşkar ediləcəyinə də zəmanət vermir. Çünki telefon yaxın ətrafda 4,5 və ya daha yüksək bal gücündə zəlzələləri təyin edə bilir. Proqram telefonlardakı akselerometrlərdən istifadə edərək, silkələnməni aşkarlayır və təsirlənmiş ərazidəki “Android” istifadəçilərinə xəbərdarlıqlar göndərir.


Qeyd edək ki, “Google”un yeni sistemi ABŞ, Yunanıstan Yeni Zelandiyaya,Türkiyə, Filippin və digər ölkələrdə mövcuddur. Şirkət yaxın zamanda bütün dünyada bu proqramı aktiv etməyi planlaşdırır.

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

İKT