Cüdoçularımız, sizi Olimpiya zirvəsində alqışlamağa hazırıq!

post-img

Paris Olimpiadasından bizi 7 gün gün ayırır. Dördilliyin ən mötəbər yarışına olimpiyaçılarımız maksi­mum gücləri ilə hazırlaşırlar. Medal ümidlərimizdən olan cüdoçularımız oyunlara 9 idmançı ilə yollanacaqlar. Kişilər maksimum sayda, qadınlar isə 2 idmançı ilə təmsil olunacaq. 

Cüdo müstəqil Azərbaycanda popul­yar idman növlərindən biridir. Azərbay­can bayrağı altında bu idman növü üzrə yeganə qızıl medal “Pekin-2008”də ki­şilərin yarışında əldə edilib. Hazırda isə cüdo idmanı ölkəmizdə parlaq dövrünü yaşayır. Kişilərdən ibarət komandamızın heyətində dünya Olimpiya reytinqinin li­deri, Dünya çempionu, Avropa çempio­natının 4 qat qalibi Hidayət Heydərov (73 kq) kimi güclü idmançı mübarizə apara­caq. Dünya və Avropa çempionu Zelim Kotsoyev (100 kq) öz çəkisində Olimpiya reytinqinin 1-cisidir. Komandamızın digər istedadlı tatami ustalarından – Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Uşangi Kokauri (+100 kq) də ötən dövr ərzində mühüm nailiyyətlər əldə edərək, dünya reytinqində ön sıra­larda yer alıblar. Qadınların yarışında Leyla Əliyeva (48 kq) və Gültac Məmmə­dəliyeva (52 kq) qüvvələrini sınayacaqlar.

Elə bugünlərdə Azərbaycan Cüdo Federasiyasının son 2 illik fəaliyyəti ilə bağlı hesabatda da olimpiyaçılarımızın potensialından, ötən dövrdə əldə et­dikləri nailiyyətlərdən fərəhlə söhbət açıldı, uğurlarından iftixarla danışıldı. Federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu komandanın hazırlığa ötən ilin dünya çempionatından sonra başladığını bildirdi:

– Əvvəlcə əsas komandamızı müəy­yən etdik. Kişilərimizdən 22-23-ü, qadın tatami ustalarımızdan isə 7-nin Olimpiya lisenziyası qazanmaq şansı var idi. Ki­şilərdə 10 idmançımız vəsiqə əldə etdi. Bəzi çəki dərəcələrində bir neçə idmançı­mız lisenziya xalını topladı. Bəzi idmançı­larımız çox az xalla lisenziyadan kənarda qaldı. Məsələn, Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev (73 kq), Vüqar Talıbov (90 kq), Camal Qamzatxanovun (+100 kq) təxminən, 100-200 xalı çatma­dı ki, vəsiqə qazansınlar. 

Lisenziya baxımından kişilərdə qar­şıya qoyulan hədəflərə çatmışıq. Qadın­larda azı 2 lisenziya hədəfləmişdik. Ona nail olduq. Amma daha bir çəkidə – 57 kiloqram üzrə müxtəlif səbəbələrdən və­siqə əldə edə bilmədik. Acelya Topraq komandaya bir qədər gec – 2023-cü ilin dekabrında qoşuldu. Vaxt az idi. İnanı­rıq ki, növbəti Olimpiya tsiklində özünü göstərəcək. 

Ümumilikdə, komandamız 11 bey­nəlxalq, 6 yerli təlim-məşq toplanışında və çoxsaylı yarışlarda iştirak edib. Ko­mandanın hazırlığı üçün Gənclər və İd­man Nazirliyi tərəfindən də hər bir şərait yaradılıb. Cüdoçularımızın hər birindən olimpiadada medallar gözləyirik.

Federasiyada görülən işlər cüdo­çuların qısamüddətli qələbəsinə deyil, uzunmüddətli nailiyyətlərinə hesablanıb. 2024–2028-ci illər üçün açıqlanan hədəf­lərdə Azərbaycanın dünyanın 1 nömrəli cüdo ölkəsinə ölkəsinə çevirmək əsas kimi götürülüb. 

Rəşad Rəsullu kişi cüdoçularımı­zın güclü heyətlə Parisə yollanacağını dedi:

– Cüdoçuların nəticələrinə görə, kişi komandamız hazırda dünyada ilk 10-luq­dadır. Təəssüf ki, qadın cüdosu o qədər də inkişaf etməyib. Hazırda əsas 3 stra­teji istiqamət üzrə işləyirik. İlk növbədə kütləviliyin artırılması üçün tədbirlər gö­rürük. Hazırda 18 mindən çox idmançı cüdonun sirlərinə yiyələnir. Gələcəkdə onların sayını 2 dəfə artırmağı, 20 fa­izi qadın olmaqla, 36 minə çatdırmağı planlaşdırırıq. Qadın cüdoçuların sayını 7 minə qaldırmayana qədər, elit idman­da qadınlar arasında nəticə qazanacaq qızlar yetişdirmək çətin olacaq. Əsas komandadan əlavə, hər çəkidə ehtiyatda 5-6 cüdoçu olmalıdır ki, seçim edə bilək. İstedadların inkişaf yolunun təkmilləşdi­rilməsi də əsas istiqamətlərdəndir. Yeni­yetmə və gənclərin nailiyyətlərini daha da təkmilləşdirib elit idmançılara qoşulması vacibdir. 

Daha bir amil məşqçilərin inkişafıdır. İlk dəfə Beynəlxalq Cüdo Federasiyası­nın seminarını keçirəndə müqavimətlə üzləşdik. 2 ildən sonra artıq hər bir məşq­çi o seminarda iştirak etmək istəyir. Ha­zırda ildə 12 seminar keçirməyi hədəflə­yirik ki, hər məşqçinin onların heç olmasa 6-da iştirakı vacibdir. 

Məşqçilərin məcburi sertifikatlaşdırıl­ması da planlarımızın bir hissəsidir. Tanı­madığımız məşqçiləri yarışa buraxmaya­cağıq. İdman təşkilatçılarının qarşısında da bu tələb qoyulacaq. Əks-təqdirdə, həmin təşkilatlar yarışlarımızda iştirak edə bilməyəcəklər. Azərbaycan İdman Akademiyasında cüdo kafedrasını yarat­maq da nəzərdə tutulur. Artıq 2025-ci ilin sentyabrında belə bir kafedranın yaradıl­ması planlaşdırılıb. Federasiyanın əsas hədəfləri, bütövlükdə, cüdoçularımızın olimpiadalarda uğurla iştirakına yönəlib. 

Qurum rəsmisi növbəti olimpiada­larda daha böyük qələbələr üçün gö­rülən işlərin davam etdiyini dedi:

– Gələcək hədəflər sırasında kişilə­rin 2028-ci ildə ümumi medal sıralama­sında 2-ci yeri götürməsi, qadınlarda isə azı 1 medal planlaşdırılıb. 2032-ci ildə isə qarışıq komanda yarışında mükafat edal qazanmağı hədəfləyirik. Hazırda ən böyük problemimiz daxili mütəxəssi­simiz olmadığı üçün xaricdən kadr dəvət edilməsidir. Bu, federasiya üçün maliyyə yükü, eləcə də kommunikasiya problemi yaradır. 

Digər tərəfdən klub sistemini inkişaf etdirmək vacibdir. Klubların ən böyük problemi, müəyyən müddətə nəticə ver­məyən cüdoçularımızı diqqətdən kənar saxlamalarıdır. Buna Rüstəm Orucovu misal göstərə bilərəm. Üzvü olduğu klub ona sonadək dəstək verib. O, nə yeni­yetmələr, nə də gənclərdə böyük nəticə verməsə də, sonralar, parlaq nailiyyət­lər qazanıb. Komanda üzvlərinin cüdo­dankənar bacarıqlarının olması vacibdir. Baxmayaraq ki, cüdo fiziki gücə əsas­lanır, o intellektual idman növüdür. İd­mançının zəkası yüksək olmalıdır, beyni sürətlə işləməlidir ki, vaxtında qərar verə bilsin. 

Qısamüddətli qələbələrdənsə, uzun­müddətli hədəflərə köklənməliyik. Əminik ki, cüdoçularımızın Olimpin zirvəsinə yü­rüşləri davamlı olacaq. Əziz cüdoçuları­mız, biz sizi Olimpiya zirvəsində alqışla­mağa hazırıq.

Leyla QURBANOVA
XQ

İdman