Bir müddət Vətəndən uzaq düşən soydaşımız doğma yurda döndükdən sonra, adətən, Bakını gəzməyə tələsir və elə ilk baxışda gördükləri onu heyrətləndirir. Bu zaman istər-istəməz iftixar hissi keçirərək: “Maşallah, Bakı çox dəyişib və gözəlləşib” – deyir. İlk dəfə Bakıya gələn qonaqların çoxu da bu təzadlı Şərq şəhərində gördüklərindən məmnun olur.
Azərbaycan ötən əsrdə ikinci dəfə müstəqilliyə qovuşduqdan sonra Bakı sürətlə böyüyüb. Yeni küçələr, bağlar, yaşayış massivləri, müasir otellər, konsert salonları, milli arxitekturalı göydələnlər, idman meydançaları paytaxtın simasını tanınmaz edib. Sanki, Bakı dünyanın meqa şəhərləri sırasına qoşulmağa tələsir. İndi ən uzaq ölkələrdən paytaxtımıza təyyarələr uçur. Bakı beynəlxalq ictimai-siyasi görüşlərə, idman yarışlarına məharətlə ev sahibliyi edir. Buna görə də Azərbaycan paytaxtına gəzməyə, onun Xəzərsahili məkanlarına dincəlməyə gələn əcnəbilərin sayı ilbəil çoxalır.
Amma hər bir şəhəri yaddaqalan edən yalnız onun binaları, prospektləri, parkları, tarixi abidələri, muzeyləri, sərgi salonları deyil, o məkanda yaşayıb-yaradan, dünyaya böyük kəşflər, qiymətli sənət əsərləri bəxş edən insanlardır. Bu baxımdan paytaxtımızın qonaqları Qız qalasını, Şirvanşahlar saray kompleksini, bənzərsiz İçərişəhəri və digər maddi-mədəniyyət abidələrini gəzməklə yanaşı, müxtəlif küçə və meydanları bəzəyən heykəl və abidələrə də heyranlıqla tamaşa edirlər. Çünki bu əsərlər və onların qəhrəmanları, belə demək olarsa, milli kimliyimizin “vizit kartları”dır.
Bu gün Bakı şəhərində çox sayda müxtəlif səpgili memarlıq abidəsi, heykəl, büst, barelyef və sair var. Hər biri gözəl sənət nümunəsi olmaqla yanaşı, adına yapılan həmin şəxsiyyətin, qəhrəmanın və sənətkarın mənəvi daxili aləmini özündə təcəssüm etdirir, dövrünün geyim-keçimini müəyyən qədər də olsa, baxıcıya təqdim edir. Buna görə də həmin əsərlər illərin sınağından uğurla çıxır. Başqa sözlə, zaman onları qocalda, soldura bilmir.
Yayın ən qaynar həftələri olsa da, bu günlər Bakının küçələri, Dənizkənarı parkı, müasir bağları insanla dolu olur. Xüsusilə Günəş qürub edəndən sonra paytaxtın küçə və meydanları insan selinə dönür.
Əgər qonaq şəhərin mərkəzini gəzirsə “Beşmərtəbə”nin, daha dəqiq desək, Akademik Milli Dram Teatrının qarşısındakı meydanda dərin düşüncələrı dalmış dahi şairimiz Məhəmməd Füzulinin dərin mənalı və baxımlı heykəli ilə üzbəüz qalacaq. Nə şəhərin səs-küyü, nə də qarşısında dayanıb söhbətləşən insanlar onu öz dünyasından ayıra bilmir. Məhəbbət və fikir şairi Füzuli babamız sanki özü-özünə bu beyti pıçıldayır:
- Pərişan xəlqü-aləm ahü-əfğan etdiyimdəndir.
Pərişan olduğum xəlqi pərişan etdiyimdəndir.
Ulu öndər Heydər Əliyevin adını daşıyan sarayın qarşısındakını monumental abidəsi öz əzəməti ilə seçilir. Vətəni ağır sınaqlardan uğurla çıxaran Ümummilli lider sanki yenə xalqı qarşısında çıxış edir və müstəqil respublikamızın gələcək inkişaf yollarını göstərir. Qürurla deyir: “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”!
XX əsrdə Azərbaycan mədəniyyətinə incilər bəxş edən sənətkarlardan biri musiqimizi dünyaya tanıdan bəstəkar, dramaturq, publisist Üzeyir bəy Hacıbəylidir. Onun musiqi və ədəbi irsi və yetişdirdiyi gənclər bu gün də Azərbaycan incəsənətini dünyada ləyaqətlə təmsil edir, uğur qazanırlar.
Əgər qonaq Dəmir yolu vağzalı qarşısından keçib, sahilə doğru addımlayırsa o, mütləq böyük dramaturqumuz Cəfər Cabbarlının və Xalq şairi Səməd Vurğunun heykəlləri ilə üzləşəcək. Cəfər Cabbarlı sanki təzadlı ömür yaşayan qəhrəmanlarının sonrakı taleləri haqqında düşünür. Üzü günbatana dayanaraq, bir əlini sinəsinə tutmuş Səməd Vurğun isə elə bil dillər əzbəri olan bu misralarını söyləyir:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Qonaq sahil boyu gəzərək hər gün böyüyən, dəyişən və gözəlləşən Bakıya tamaşa etdikdən sonra yenidən şəhərin mərkəzinə döndükdə iki küçənin qovuşduğu kiçik meydanda heykələ dönmüş xan qızı Natəvanla rastlaşacaq. Taleyi dərdlə, nisgillə yoğrulan Xurşudbanunun bu duruşu qonağı kövrəldəcək. Qoşa qala qapısı ilə üzbəüz bağda poeziyamızın Günəşi Şeyx Nizamı vüqarla dayanıb. Nizamı Gəncəvi sanki Ədəbiyyat Muzeyinin lociyalarındakı (seyvanlarındakı) digər klassiklərimizlə söhbətləşir.
Qala divarları qarşısındakı bağda isə bənzərsiz şairimiz, millətin dərdlərindən beli bükülən Mirzə Ələkbər Sabir oturub. O, gəlib-gedənlərə baxır, olmuşları və olacaqları saf-çürük edir.
Milli Elmlər Akademiyası ilə üzbəüz bağda böyük şair, dramatur-filosof, 37-ci ilin qara terrorunun güdazına gedən “hər kəsin bir eşqi, bir Allahı var, mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən Hüseyin Cavidin monumental heykəli bu ərazidən keçənlərin diqqətini cəlb edir. İnşaatçılar prospekti ilə Nəriman Nərimanov küçəsinin kəsişdiyi ərazidəki bağçada isə nakam taleli Mikayıl Müşfiq qərar tutub. Gözləri yol çəkən şair, elə bil, Vətənin daha xoş günlərini soraqlayır:
Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Paytaxtımızdakı heykəllər, təbii ki, bunlarla məhdudlaşmır. Məsələn, şəhərin mərkəzindəki bağda dramaturgiyamızın banisi, şair, filosof Mirzə Fətəli Axundovun, İçərişəhərdə qəzəlxan Əliağa Vahidin, böyük binaların əhatəsində dayanmış yazıçı və dövlət xadimi Nəriman Nərimanovun, Milli Bankın köhnə binasının arxasındakı kiçik bağça iki cahana sığmayan İmadəddin Nəsiminin və başqalarının heykəlləri də küçə və meydanlarımızı bəzəyir. Qonaq hər prospekdə, meydanda heykəllərlə üzləşdikcə ona elə gəlir ki, bu abidə və heykəllər də Bakını gəzməyə çıxıb.
Yaxın keçmişimizdə Bakıda elə abidə və heykəllər də vardı ki, onlar zamanın sınağından çıxa bilmədilər. Məsələn, vaxtı ilə indiki 20 Yanvar meydanında “XI qırmızı orduya” qoyulmuş abidə kompleksi, “Sahil” metrosu qarşısındakı bağdakı 26 Bakı komissarlarının adını daşıyan abidə-kompleksi, illərlə Bakının ən hündür yerində dayanan bolşevik Sergey Kirovun, proletariata işıqlı gələcək vəd etmiş Karl Marksın, xalqımızın qatı düşməni Stepan Şaumyanın, bolşeviklər Məşədi Əzizbəyovun, Qəzənfər Musabəyovun, Sərdar Bünyadovun və başqalarının heykəlləri tarixin arxivinə atıldılar. Çünki onlar qəhrəmanları, belə demək olarsa, xalqımızın tarixində qara ləkələrdir. Tarix isə ona vurulan yamağı götürmür və heç bir xəyanəti bağışlamır.
Səməd MƏLİKZADƏ