ABŞ-də prezident seçkisi: namizədlərin fərqli şansları

post-img

Amerika xalqı Ukraynanı qətiyyətlə dəstəkləyir. Dövlət Departamentinin sözçü­sü Metyu Miller vitse-prezidentliyə namizəd Ceyms Devid Vensin mövqeyi ilə bağlı suala birbaşa cavab verməkdən yayınaraq belə deyib. Xatırladaq ki, Ohayo senatoru Kiyevə əlavə dəstəyin zəruriliyini dəfələrlə şübhə altına alıb. Ancaq si­yasi müşahidəçilərin sözlərinə görə, Vaşinqton real hərəkətləri səs-küylü seçki bəyanatlarından ayırmağa meyillidir. 14 iyul sui-qəsd hadisəsinin də seçkilərin taleyinə həlledici təsir göstərəcəyi ilə bağlı fikirlər müxtəlifdir. Ona görə də belə fikirlər səslənilir ki, respublikaçılar üçün qələbəni qeyd etmək hələ tezdir.

Qərb mətbuatı yazır ki, dünyanın si­yasi səhnəsində Ceyms Devid Vens adlı yeni parlaq sima peyda olub. O, ABŞ-ın Respublikaçılar Partiyasından vitse-pre­zidentliyə namizəd irəli sürülüb. Ohayo­dan olan 39 yaşlı senator ağır taleyi olan, həyatın çətinliklərinə və müsibətlərinə baxmayaraq, ABŞ-nin siyasi olimpinə yüksəlməyi bacarmış şəxs kimi xarakte­rizə olunur. 

Amma maraqlıdır ki, cənab Vens heç də həmişə Donald Trampı dəstəkləmə­yib və hətta sabiq prezident haqqında təhqiramiz ifadələrə yol verib. “Mən hə­mişə Trampın əleyhinə olmuşam. Mən onu heç vaxt bəyənməmişəm”. Bunlar 2016-cı ildə Donald Tramp haqqında de­diyi ifadələrdən biridir, etika xatirinə digər sözlərini yazmırıq. Bu ifadələrin qeyd olunduğu “Kənd elegiyası” adlı kitabının işıq üzü görməsindən sonra cənab Vens qısa müddətdə məşhurlaşıb. 

Lakin bir neçə il ərzində senator Vens cənab Trampın ən etibarlı müttəfiqlərin­dən biri kimi özünü göstərməyə başlayıb. İndi Ohayo senatoru sabiq prezidentin yaxın silahdaşı sayılır və 2028-ci ildə Respublikaçılar Partiyasından prezident­liyə əsas namizədlərdən biri kimi göstəri­lir. Buna onun respublikaçı senator kimi nüfuzunun və Amerikanın orta qərbindəki köklərinin kömək edəcəyi iddia olunur.

Doğrudur, vitse-prezident dövlətin ikinci şəxsi olsa da, dünyanın taleyini təyin edəcək qədər təsirli post deyil. Bu­nunla belə, cənab Vensin realpolitikanın klassik nümayəndəsi olduğu bildirilir. Diqqət yetirin: perspektivli gənc əvvəlcə Trampı son sözlərlə danlayır, onu “Hitler” adlandırır, amma sonra gözlənilmədən sabiq prezidentlə dostluq əlaqələri qur­mağa can atır. Bəs buna necə nail oldu? Çox sadə şəkildə: cənab Vens ictimaiy­yət qarşısında üzr istəyərək etiraf etdi ki, o vaxt belə düşünürdü, indi isə mövqeyini dəyişib, səhv etdiyini anlayıb. 

Bundan əlavə, Ohayodan olan sena­tor ardıcıl olaraq Amerikanın Ukraynaya hərbi yardımına qarşı çıxıb. Doğrudur, cənab Vens Rusiyanın hərbi əməliyyatını da dəstəkləmir, lakin Kiyevin qələbəsinin reallığına da inanmır. Bununla belə, o, İs­railə və Tayvana kömək etməyə tam ha­zır olduğunu bildirir. Amma sabah vəziy­yətin dəyişməyəcəyinə heç kim zəmanət verə bilməz. Siyasi konyuktur dəyişərsə, mövqeyi də dəyişə bilər.

Maraqlı faktlardan biri də budur ki, cənab Vens Rusiya sanksiyaları altında­dır və Moskvaya girişi qadağandır. Rusi­ya Xarici İşlər Nazirliyinin son açıqlama­sına görə, heç kim onu qara siyahıdan çıxarmaq fikrində deyil. Buna görə də Rusiyada Ohayo senatorunun Ukrayna münaqişəsi barədə dediklərini müsbət aktiv kimi qiymətləndirməməyə daha çox meyllidirlər.

Əlbəttə, ABŞ-də seçici sözlərə görə yox, əməllərə görə mühakimə edir, na­mizədini dəstəkləyir. Ən azından məsu­liyyətli seçici belə addım atır. Təbii, sui-qəsd hadisəsi cənab Trampın seçkilərdə qələbə qazanmaq şanslarını artırır. An­caq bu da bir reallıqdır ki, seçkilərə hələ 3 aydan çox vaxt qalır və indiki administ­rasiya prezident Co Baydenin mövqelə­rinin yaxşılaşdırılması üçün müəyyən nəticələr əldə edə bilər. İndi hər iki pre­zidentliyə namizədin, təxminən, eyni sə­viyyədə dəstəyi olduğunu nəzərə alsaq onu deyə bilərik ki, seçkilərin nəticələri barədə danışmaq çox tezdir. 

S.ELAY
XQ

Dünya