Dünən Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ənənəvi Vaqif Poeziya Günlərinə start verilib. Sənət bayramında rəsmilər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, habelə Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyi münasibətilə ölkəmizdə səfərdə olan türk dövlətləri şair və yazıçıları iştirak edirlər.
Bu gün Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi yerlərində və təbiət abidələrində – Heydər Əliyev Fondunun bərpa etdiyi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində, Cıdır düzündə, eləcə də Natəvanın evi, Şuşa Şəhər İcra Hakimiyyətinin qarşısı və Şuşa Otel-Konqres Mərkəzində müxtəlif şənlik və mədəni aksiyalar keçiriləcək.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Həmin gün ulu öndər Heydər Əliyev ədəbiyyat xadimlərimizin təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.
XQ