COP29-un turizm üfüqləri

post-img

Noyabrın 11-dən 24-dək Bakıda gerçəkləşəcək dünya miqyaslı tədbirlərdən biri olan COP29 beynəlxalq ictimaiyyətin əsas diqqətini Azərbaycana yönəldəcək. Ətraf mühitin qorunması, yaşıl enerjiyə keçidin sürətləndirilməsi və ekoloji turizmə üstünlük verilməsi mövzuları da sessiyada diqqətdə saxlanılacaq. Bu beynəlxalq tədbir mədəni və tarixi irsimizi, ekoturizm, aqroturizm və dayanıqlı turizm imkanlarımızı dünyaya tanıtmaq baxımından da faydalı olacaq. 

Bəs COP29 turizm sektorunun üzə­rinə nə kimi öhdəliklər qoyur və mütəxəs­sislər bu tədbirin Azərbaycan turizminə müsbət təsirini necə izah edirlər? Artıq bir çox turizm agentlikləri bu tədbirdə işti­rak etmək üçün Bakıya gələcək xarici qo­naqların otellərə yerləşdirilməsi, istirahət­lərinin təşkili, paytaxtımızla tanışlığı kimi məsələləri indidən diqqətdə saxlamağa başlayıblar. Qonaqların rahat şəkildə qeydiyyatdan keçmələri və yerləşmələri üçün vahid onlayn rezervasiya platfor­ması da hazırlanıb.

Turizm üzrə ekspert Ceyhun Aşurov bildirdi ki, COP29-la bağlı tex­niki-təşkilati hazırlıq işləri uğurla da­vam etdirilir:

– Bakının evsahibliyi edəcəyi bu mö­təbər tədbirə qatılmaq üçün 50-dən çox dövlət başçısının, 70–80 min xarici ölkə vətəndaşının Azərbaycana gəlişi gözlə­nilir. Belə möhtəşəm tədbirlər, şübhəsiz, turizmin inkişafına də təsirsiz ötüşmür. Bu qlobal miqyaslı tədbirin Azərbaycana salınması həm də dövlətimizin iqtisadi-si­yasi gücünü və təhlükəsizlik səviyyəsini göstərir. Təsadüfi deyil ki, ölkədə hazırlıq işləri ən yüksək sürətdə həyata keçirilir. Tədbirdən sonra geri qayıdan insanlar Azərbaycan tarixinin, mədəniyyətinin, mətbəxtinin və ölkəmizin görməli yerlə­rinin yaratdığı təəssüratı öz ölkələrində paylaşacaqlar. Bu, həm də qonaqların yenidən geridönüşünə səbəb olacaq. Turizm Azərbaycanda prioritet sahədir. COP29 da turist axını üçün əlverişli plat­forma rolunu oynayacaq. 

Turizm üzrə digər ekspert Rus­lan Quliyev də beynəlxalq miqyaslı tədbirlərin Azərbaycanda keçirilmə­sinin əhəmiyyətini qeyd edərək dedi ki, COP29 həm ölkənin, həm də ölkə turizminin alt sahələrinin tanıdılma­sı baxımından böyük önəm daşıyır. Azərbaycanın bu sahədə müəyyən təcrübəsinin olduğunu deyən ekspert daha sonra dedi: 

– Bu tədbir, hər şeydən öncə, fürsət yaradır ki, Şərqi Zəngəzur və Qarabağı vaxtından əvvəl yeni turizm destinasi­yası kimi tanıdaq. Bu iki ərazinin yaşıl zona elan olunması oranın turizm poren­sialını daha da artırır. Ölkəmizin bu gün il ərzində 5 milyondan artıq turist qəbul eləmək imkanları var. Uzun illərdir, eko­loji problemlər beynəlxalq gündəmdə əsas məsələlərdən birinə çevrilib. Artıq dünyada enerji keçidi və iqlim dəyişikliyi mövzusu xeyli aktuallaşıb. Bu isə, turizm potensialı olan ölkələrin ekoloji turizmi irəlilətməsini vacib edir. Əlbəttə, COP29 konfransı Azərbaycanın dünyada nüfu­zunun daha da möhkəmləndirilməsinə töhfə verəcək. Düşünürəm ki, fürsətdən yararlana bilsək, Azərbaycan 2026-cı ilə­dək dünyanın 20 ən yaxşı turizm ölkəsin­dən biri ola bilər.

Ceyhun ALIŞLI





Mədəniyyət