Qələbəyə bərabər heç-heçə

post-img

"Qarabağ" Avropa futbolunun sensasiyasını yazmağa çox yaxın idi

Qatı futbol azarkeşlərinin əsas diqqətinin UEFA Çempionlar liqasının oyunlarına yönəlməsinə baxmayaraq, Azərbaycandakı futbol həvəskarları üçün UEFA Avropa liqasının oyunları daha maraqlı idi. Çünki martın 7-də Avroliqanın 1/8 final oyunların ilk 7 qarşılaşmasından biri də onların doğma komandası Ağdamın “Qarabağ” klubu ilə Almaniya təmsilçisi Liverkuzenin “Bayer” komandası arasında keçirilirdi. 

İş elə gətirib ki, “qarabağlılar” Azər­baycanın ən titullu komandası olmaqla yanaşı, həm də bu mövsümdə Şərqi Avropanın avrokuboklardakı ən yaxşı nümayəndəsi hesab edilirlər. Doğrudur, Qurban Qurbanovun komandası təsnifat mərhələsində Çempionlar liqasının qrup mərhələsinə yüksələ bilmədi, lakin Avro­pa liqasında qrup mərhləsində kvartetin ikincisi kimi pley-off mərhələsini çıxa bildi. Məhz qrup mərhələsi oyunlarında da qarabağlıların əsas rəqibi kvartetin qalibi olan Leverkuzenin “Bayer” koman­dası idi.

Komandaların bu mərhələdəki hər iki qarşılaşmasında “Bayer” qalib gəlmişdi. Xabi Alonsonun yetirmələri əvvəlcə 5:1, sonra isə 1:0 hesabı ilə “Qarabağ”ı üstələ­mişdilər. Bakıda keçirilən cavab matçında ən yaxşı oyunçulardan biri "əczaçılar"ın keçmiş, “Qarabağ”ın hazırkı qapıçısı Andrey Lunyov oldu. O, əla oyun nüma­yiş etdirərək keçmiş klubuna qapısından top keçirməyə imkan vermədi. Yalnız 85-ci dəqiqədə zədə səbəbindən Lunyov oyunu tərk edəndən sonra “əczaçılar” 90+4-cü dəqiqədə “Qarabağ”ın qapısın­dan top keçirə bildilər.

Pley-offun 1/16 mərhələsində Por­tuqaliyanın “Braqa”sı ilə qarşılaşmada qarabağlılar favorit hesab olunmasalar da rəqib meydanında əla oyun nümüyiş etdirərək 4:2 hesablı qələbə qazandı­lar. Bakıda isə Qurban Qurbanovun komandası 0:2 hesabı ilə uduzsa da, əlavə vaxtda azlıqda oynayaraq iki dəfə fərqlənə bildi. Həmin oyun 3:2 hesabı ilə braqalıların xeyrinə başa çatsa da, ümumi hesabda “Qarabağ” 6:5 qələbə qazanaraq 1/8 finala yüksəldi. 

Amma etiraf edək ki, ağdamlıların bugünkü rəqibi “Bayer” Avropanın, elə dünyanın da ən güclü futbol liqası hesab edilən Almaniya bundesliqasın­da möhtəşəm oyun nümayiş etdirir. Dövrünün ən yaxşı futbolçularından olan və adlı-sanlı klublarda top qovan Xabi Alonso məşqçi kimi də sensasiya yaradır. Onun yetirmələri ən yaxın zamanlarda əsl qol maşını sayılan "Bavariya"nı 10 xal qabaqlayaraq Almaniya çempionatında liderdirlər. Komanda çempionluğa doğru inamla irəliləyir.

“Əczaçılar” çempionat boyu əla oyun nümayiş etdirirlər və trebl qazanmağa çox yaxındırlar. “Bayer” Avropa liqasının qrup mərhələsində keçirdiyi altı oyunun hamısında qalib gəlib. Beləliklə, klub bu mövsüm bir dəfə də olsun məğlubiyyətlə üzləşməyib və cəmi dörd heç-heçə edib. Bu müddət ərzində onlar qapılarından 24 qol buraxsalar da, 99 qola imza atıblar. "Bayer"in cinah müdafiəçiləri Jeremi Frimponq, Alexandro Qrimaldo və Flo­rian Virts kimi futbolçuların bu uğurlarda böyük payı var.

Görək doğma divarlar və 13-cü oyunçu amili ağdamlılara bu komanda ilə oyunda heç olmaya heç-heçəyə nail olma­ğa imkan verəcəkmi? Əgər Lunyov bu dəfə də sona qədər qapısını toxunulmaz saxlaya bilsə, hətta qələbə şansımız da yarana bilər. Beləliklə, oyun başladı.

İlk dəqiqələrdən “Qarabağ” təşəbbüsü ələ almağa başlayır. Rəqib topa sahib olmağa çalışsa da ağdamlılar pressinqdən istifadə edib bir-birinin ardınca əks-hü­cumlar təşkil etməyə başlayırlar. Oyunun 2-ci dəqiqəsində Juninio sağ cinahdan rəqib qapısının önünə əla ötürmə edir. Ucaboy və cüssəli alman futbolçuları bu təhlükəli ötürməni qola çevirməyə imkan vermirlər. Oyunun 8-ci dəqiqəsində Ju­ninio rəqibə qarşı elə ilk kobud oyununa görə, qarşısında fransalı hakim Bastianın sarı vərəqəsini görür. 

Oyunun ən yaxşılarından olan Veşo­viç, Yankoviç və Juninio 11, 22, 24-cü dəqiqələrdə rəqib qapıçı Kovara effektli zərbələri ilə rahat nəfəs almağa imkan vermirdilər. 26-cı dəqiqədə Yankoviç yoldaşının ötürməsini güclü zərbə ilə çərçivəyə endirdi. Alman qolkiper aciz qalsa da, qapı dirəyi köməyinə gəldi. 

26-cı dəqiqə Juninio "Bayer"in kapitanı və mərkəz müdafiəçisindən topu oğurlayır və sürətlə hücuma keçir. Cərimə meydançasında Banzaya əla ötürmə və qoooolll! Aramsız yağan yağışa bax­mayaraq, meydanın kənarından koman­dasına göstərişlər verən Xabi Alonso kor-peşiman əllərini yelləyir. Bəli, bu 34 oyunda məğlubiyyətin nə olduğunu bilməyən gənc məşqçinin komandasına sözsüz ifadə etdiyi narazılıq nişanəsi idi. 

"Bayer" qoldan sonra hücumlarını gücləndirməyə çalışır, lakin “Qarabağ”ın pressinqi ona məhsuldar hücumlar təşkil etməyə imkan vermir. Nəticədə, Xabi Alonsonun yetimələri yalnız 42-ci dəqiqədə qarabağlıların qapı çərçivəsinə düşə bilirlər. Birinci hissənin əlavə vax­tında isə müdafiəçidən əla ötürmə alan Juninio bu dəfə rəqiblərini arxada qoyub qapıçı Kovarla təkbətək çıxdı. Alman qapıçı onun qarışısını kəsə bilmədi – qol. 2:0. 

“Eto cudo!” – “Bu möcüzədir” deyə “Matç TV”-nin rusiyalı şərhçisi hey­rət içində qışqırdı. Bəli, bu, doğurdan, möcüzə idi, “Qarabağ”ın möcüzəsi. Komandalar elə bu hesabla da fasiləyə yollandılar. 

İkinci hissə gözlədiklərim elə ilk dəqiqələrdən özünü göstərməyə baş­ladı. Meydanda artıq güclü pressinq edən “Qarabağ” yox, “kar” müdafiəyə keçən komanda qalmışdı. Yəqin, Qurban Qurbanovun taktiki göstərişi belə idi. Komanda əks-hücum imkanları axtarışın­da idi. Lakin “alman maşını” bütün gücü ilə işə düşmüşdü. Hücumların ardı-arası kəsilmirdi. 

Vaxt keçdikcə və hesab dəyişmədikcə Xabi Alonso bir-birinin ardınca oyuna yeni qüvvələri buraxırdı. Matçın 70-ci dəqiqəsinə qədər əzmkarlıqları hesabına "Bayer"in qarşısını kəsməyə nail olan komandamızın yorğunluğu açıq-aydın özünü göstərirdi. İndi oyun tamamilə "Qarabağ"ın qapısı qarşısında gedirdi. 

Budur, oyun boyu elə də gözə döy­məyən Zubir kobud səhvə yol verib topu geri atır və ikinci hissədə oyuna daxıl olmuş alman futbolçu fürsəti əldən ver­məyib topa yiyələnir. Lunyovla təbətək çıxandan sonra topu çərçivədən keçirmək ona elə də çətin olmur. 

Oyunun 83-cü dəqiqəsində Juninio yenə müdafiəçi yoldaşlarından əla ötürmə alıb alman qapıçı ilə randevuya çıxır. Lakin bu dəfə Kovar onun zərbəsinin qarşısını ala bilir. 

Qurbanov bundan sonra 3 dəyişiklik edib "Bayer"in hücumlarının qarşısını almağa və qələbə hesabını qorumağa çalı­şır. Amma bu dəfə əlavə vaxt “Braqa” ilə matçdan fərqli olaraq "Qarabağ"ın əley­hinə işləyir. Matça əlavə edilmiş 90+2-ci dəqiqədə Andrixdən əla hava ötürməsi alan Şik əla baş zərbəsilə də topu qapının sol uzaq küncünə vurur. Lunyov bu dəfə keçmiş komanda yoldaşlarını peşman etməkdə aciz qalır – 2:2. Matç elə bu hesabla da başa çatır. "Qarabağ" Avropa futbolunun sensasiyasının yazmağa dəqiqələr qalmış qələbəni əldən verir. 

Ümid qalır Leverkuzendə keçiriləcək cavab görüşünə. Hesaba baxmayaraq, etiraf edək ki, "Qarabağ"ın hazırda Avro­panın ən güclü klublarından biri sayılan "Bayer" ilə dünənki heç-heçəsi, əslində qələbəyə bərabər idi. Bu, həm də Azər­baycan futbolunun uğur nişanəsi oldu. 

İlqar ÇAYRUDLU
XQ



İdman