Keşlədəki Şah Abbas məscidi yeni qiyafədə

post-img

Bakının ən qədim kəndlərindən olan Keşlədəki məscid 4 əsr bundan əvvəl Şah Abbas zamanında tikdirilmişdir. Elə buna görə də o vaxtdan “Şah Abbas məscidi” adlanır. Əhəng daşı ilə kvadrat şəklində inşa olunmuş məscid və ətrafındakı 130 kvadratmetrlik yardımçı tikililər 4 əsrdir ki, müsəlmanların xidmətindədir.

Son illərdə paytaxtımızda və Ba­kıətrafı qəsəbələrdə aparılan tikin­ti-quruculuq və abadlaşdırma tədbir­ləri ilə bağlı qədim Keşlə məscidi də diqqətdən kənarda qalmayıb. Azər­baycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçən il məsciddə əsaslı yenidənqurma və bərpa işləri görülüb.

Əvvəlcə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən məscidə baxış keçirilmiş, mühəndis müayinəsi və texniki vəziyyəti haqqında rəy verilmiş, konstruksiya layihəsi hazırlanmışdır. Rəyə uyğun olaraq, bünövrədə möh­kəmləndirmə, binada isə mövcud mik­roçatların aradan qaldırılması məqsə­dilə lazımi işlər görülmüşdür.

Təmir və bərpa işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qoru­nub saxlanılmasına xüsusi diqqət ye­tirilmiş, məscidin və ətrafdakı tikililərin üzlük daşları yenilənmişdir. 

Məscidin günbəz örtüyü yenisi ilə əvəz olunmuş və binanın memarlıq üslubuna uyğun olaraq, hündürlüyü 20 metr olan minarə inşa edilmiş­dir. Həyətdə imam üçün (70 nəfərlik) otaq, əlavə ibadət xana, (80 nəfərlik) ehsan zalı, dəstəmaz almaq üçün xü­susi yerlər, mətbəx, anbar, qazanxa­na, təsərrüfat otaqları tikilmiş və bərpa olunmuşdur.

Məscidin həyətinə daxil olmaq üçün iki yerdən giriş qapısı və ümumi memarlıq üslubunu tamamlayan 52 metr uzunluğunda hasar inşa olun­muşdur.

Keşlədəki Şah Abbas məscidi yer­li əhəmiyyətli memarlıq abidəsi kimi, dövlət tərəfindən qorunur.

Q.PİRİYEV,
E. AĞALAROV (foto)
XQ





Sosial həyat