Rusiya–Ukrayna savaşı: sülhə yol tapılacaqmı?

post-img

Tərəflər güzəştə getməyi düşünmürlər 

Rusiya-Ukrayna müharibəsi uzandıqca bəşəriyyət üçün sözün əsl mənasında ciddi təhlükəyə çevrilir. Münaqişə tərəfləri arasında hələ ki, danışıqlardan söhbət belə getmir, amma Qərb, xüsusilə son vaxtlar NATO blokunun “qırğısı” rolunu üzərinə götürən Fransa prezidenti Emmanuel Makron alyans ölkələrinin Ukraynaya əsgəri dəstək göndərmək kimi çox təhlükəli açıqlamalar verir. Maraqlıdır ki, güc potensialı baxımından Rusiya ilə müqayisəyə belə gəlməyən bəzi postsovet ölkələri də alyansı bir çox hallarda münaqişənin tərəfi olmağa çağırır, məsuliyyətsiz bəyanatlar verirlər. Bəs gerçək vəziyyət necədir?

Münaqişənin üçüncü ilə keçməsinə bax­mayaraq, bu gün də Ukrayna və onun Qərb tərəfdarlarının Rusiya ilə ümumi cəhətləri çox azdır. Lakin bununla belə, münaqişənin bütün əsas oyunçuları əsas məsələdə həmfi­kirdirlər: Ukraynadakı münaqişə danışıqlarla yekunlaşacaq. Rusiya prezidenti Vladimir Putinin mühafizəkar televiziya jurnalisti Ta­ker Karlsona verdiyi son müsahibəsində de­mişdir: “Biz danışıqlara hazırıq”. ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Putinin səmimiliyinə şübhə etsə də, “həm biz, həm də prezident Zelenski dəfələrlə demişik ki, bu hərbi münaqişənin danışıqlar yolu ilə bitəcəyinə inanırıq”, – deyə cavab verib. Son iki il ərzində döyüş meydanında kardinal nə­ticələrin olmaması, tərəflərdən birinin mütləq qələbə əldə etməməsi münaqişənin danışıqlar yolu ilə yekunlaşacağının alternativini fanta­ziyaya çevirir. 

Lakin danışıqlara uyğun mümkün alter­nativin olmamasına baxmayaraq, hazırda müharibə edən tərəflərin tezliklə danışıqlara başlayacağına dair də heç bir işartı yoxdur. Tərəflərin hər ikisi hesab edir ki, məqbul ra­zılaşma əldə etmək hazırda mümkün deyil. Həm Rusiya, həm də Ukrayna qarşı tərəfin kompromisə getməyəcəyindən və ya istə­nilən fasilədən növbəti döyüşə hazırlaşmaq üçün istifadə edəcəyindən ehtiyat edir. Bu da səbəbsiz deyil. Çünki hələ müharibənin qanlı xarakter almadığı dövrlərdə Türkiyənin va­sitəçiliyi ilə İstanbulda baş tutan Rusiya-Uk­rayna danışıqlarının və əldə edilən razılaşma­ların son məqamda Qərb ölkələrinin diqtəsi ilə pozulmasından sonra, qarşılıqlı etimad ciddi şəkildə şübhə altına düşdü.

İndi dünyanın tanınmış siyasi xadimləri və bir çox ölkələrin rəhbərləri hazırda hər hansı sülh sazişindən söhbət getməsə belə, bütün tərəflərin danışıqların gələcəkdə mümkün ol­masını təmin edəcək addımlar atmasını vacib hesab edirlər. “Foreign Affairs” nəşri haqlı olaraq yazır ki, “döyüş əməliyyatları zamanı düşmənin həqiqətən də döyüşü dayandırmağa hazır olub-olmadığını və ya yalnız münaqişə­nin məqsədlərinə çatmaq üçün qərəzli şəkildə sülh danışıqlarını apardığını bilmək çətindir. Dialoq olmadığı halda düşmənin niyyətini bilmək də praktiki olaraq mümkün deyil. Ona görə də ünsiyyət kanalları yaratmaq lazımdır ki, belə bir imkan yarananda sülhə nail olmaq fürsətindən istifadə edilsin”.

Dünyada sabitliyin və əmin-amanlığın hökm sürməsində maraqlı olan təcrübəli siyasi xadimlər bildirirlər ki, indi belə ka­nalların yaradılmasına başlamağın vaxtıdır. Ukrayna və onun Qərb tərəfdaşları üçün bu, “ünsiyyət kanallarını” və ya münaqişə dip­lomatiyasını ikitərəfli və çoxtərəfli əmək­daşlığın əsas mərkəzinə çevirmək deməkdir. Əlbəttə, bütün tərəflər mümkün danışıqlara açıq olduqlarını bildirməlidirlər. Bu, mühari­bə edən dövlətlərdən və onların müttəfiqlə­rindən öz niyyətlərini qarşı tərəfə çatdırmaq üçün birtərəfli addımlar atmağı tələb edəcək. Bu cür siqnallara ritorikanın dəyişməsi, da­nışıqlar üçün xüsusi elçilərin təyin edilməsi, düşmən ərazisinin dərinliklərində zərbələrə könüllü məhdudiyyətlərin qoyulması və hər­bi əsirlərin mübadiləsi daxil ola bilər.

Əgər tərəflərdən heç biri bu prosesə baş­lamasa, çox güman ki, insan həyatı və regi­onal sabitlik üçün çox ciddi problemlər ya­ranacaq. Əslində, son vaxtlar hadisələr məhz bu istiqamətdə davam edir. Nəzərə almaq la­zımdır ki, döyüşən tərəflər arasında qarşılıqlı inamsızlıq istənilən müharibənin, deməli, bu müharibələrə son qoyan bütün danışıqların xarakterik xüsusiyyətidir. Əgər etimad ün­siyyət üçün əsas şərt olsaydı, müharibə edən tərəflər heç vaxt bir-biri ilə danışmağa başla­mazdılar. Ona görə də qarşılıqlı inamsızlığa baxmayaraq, tərəflər söhbətə başlaya bilərlər və başlamalıdırlar. Bəs dünya buna nail ol­maq üçün hansı addımları atır və ümumiyyət­lə, sülhə yol açmaq üçün töhfə verən varmı? 

Bu gün Rusiya-Ukrayna müharibəsinə yanaşmalarına və baxışlarına görə dünya dövlətlərini iki düşərgəyə bölmək olar. Ay­dın məsələdir ki, birinci düşərgədə “Rusiyanı məğlub etmək” və onu “zəiflədib dağıtmaq” istəyində olan Qərb və ilk növbədə Şimali Atlantika blokuna daxil olan ölkələr durur. Müşahidələrdən və baş verən hadisələrdən aydın görünür ki, bu düşərgənin siyasi is­teblişmenti Rusiya-Ukrayna münaqişəsinin gerçək olaraq danışıqlar yolu ilə həllində maraqlı deyil. Bu, onların danışıqlar üçün irəli sürdükləri şərtlər və Ukraynaya nümayiş etdirdikləri hərbi-siyasi dəstəkdə də özünü aydın göstərir. 

Bu düşərgənin bəzi dövlət rəhbərləri və siyasətçiləri münaqişə başlayandan bu günə qədər təkidlə Ukraynanın dərhal NATO-ya üzvlüyə qəbul edilməsi ideyasını müzakirəyə çıxarırlar. Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlara başlamasının kökündə məhz Qərbin belə bir istəyinin durduğunu nəzərə alsaq, indiki vaxtda belə bir addımın atılma­sını nə qədər düzgün və düşünülmüş hesab etmək olar? 

“Foreign Policy” jurnalının şərhçisi, Har­vard Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Stiven Uolt məsələ ilə bağlı maraqlı bir analitik məqalə ilə çıxış edib. S.U­olt yazır: “Döyüşlərin gedişi Ukraynaya qarşı çevrilib və Konqresin Kiyevə daha bir yardım paketini təsdiqləyəcəyi şübhəsi fonunda, NA­TO-nun keçmiş rəhbəri Anders Foq Rasmus­sen və ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalder kimi nüfuzlu ekspertlər nə qədər gec deyil Ukraynanın NATO-ya qəbul edilməsi ilə bağlı əvvəlki çağırışlarla çıxış ediblər. Bu ad­dım bir tərəfdən heç bir hərbi kampaniyanın Ukraynanı alyansdan kənarda saxlamayacağı­na Rusiyanı inandırmaq üçün, digər tərəfdən isə nəhayət döyüşlər bitəndə Kiyevin təhlükə­sizliyini təmin etmək zərurəti kimi təqdim edilir”. 

Stiven qeyd edir ki, “ağıllı insanlar bu tövsiyə ilə razılaşmaya bilər və yəqin ki, ra­zılaşmayacaqlar da, çünki o, qeyri-müəyyən gələcək haqqında fərziyyələrə əsaslanır. Əs­lində, biz hamımız Ukraynanın alyansa daxil olmasının nəticələrinin nə olacağını təxmin edirik. İcazə verin mövqeyimi açıq deyim: ... Ukraynanı hazırda NATO-ya dəvət etmək axmaq fikirdir və bu, nəinki münaqişəni uza­dacaq, həm də Kiyevdəki vəziyyəti daha da pisləşdirəcək”.

Beynəlxalq münasibətlər üzrə profes­sor fikrini daha da genişləndirərək bildirir ki, Ukraynanın istər indi, istərsə də yaxın gələcəkdə NATO-ya buraxılmasının ağılsız­lıq olduğuna inamı bir neçə səbəblə bağlıdır. “Birincisi, Ukrayna daha çox silah almaya­na qədər və ötən ilin uğursuzluqlarından sonra özünə gəlmək üçün vaxt qazanmasa, döyüş meydanında vəziyyəti dəyişməyəcək və itirilmiş əraziləri geri qaytarmayacaq. Ukraynanın Qərb tərəfdarları ötən ilin ya­zında gözlənilən əks-hücumla bağlı həddən artıq optimist proqnozlarında yanılmışdılar və Ukraynanın vəziyyəti dəyişdirmək üçün bir yol tapacağına ümid etməklə, bu səhvi təkrarlayırlar. İnanmaq istərdim ki, hər şey düşündüyümdən fərqlidir, lakin biz siyasi se­çimlərimizi öz istəklərimizə deyil, obyektiv reallıqla əsaslandırmalıyıq”.

Stivenin ikinci qənaəti ondan ibarətdir ki, Ukraynanın taleyi Rusiya liderlərinə daha vacibdir, nəinki Qərbə. “Təbii ki, ukrayna­lıların özləri bundan daha çox narahatdırlar, lakin Rusiya rəhbərliyi üçün bu, hələ də əksər NATO dövlətlərinin rəhbərləri və əhalisindən daha aktual məsələdir. NATO ölkələrindən fərqli olaraq, prezident Vladimir Putin və onun yaxınları minlərlə əsgəri Ukraynaya ölümə göndərməyə hazırdır. Keçən həftə Fransa prezidenti Emmanuel Makron qəfil­dən NATO qoşunlarının mümkün göndəril­məsi barədə danışanda Almaniya kansleri Olaf Şols və alyansın rəhbəri Yens Stolten­berq onu danlamağa tələsdilər. Bu o demək deyil ki, NATO Ukraynanın taleyi ilə maraq­lanmır, sadəcə olaraq, Rusiya bundan daha çox narahatdır”.

Siyasi şərhçi üçüncü arqumentini belə əsaslandırır ki, Rusiyanın 2022-ci ilin fev­ralında xüsusi hərbi əməliyyatlara başlama­sının əsas səbəbi Ukraynanın Qərblə yaxın­laşmasına imkan verməmək və onun alyansa birləşməsinin qarşısını almaq idi. “Mərkəzi Kəşfiyyat İdarəsi ilə Ukrayna xüsusi xidmət orqanları arasında getdikcə artan əməkdaşlı­ğın son zamanlar aşkarlanması, Qərbin 2014-cü ildən sonra Ukraynanın müdafiəsini güc­ləndirmək səyləri və Kiyevi alyansa qəbul etmək üçün mütəmadi vədlər, şübhəsiz ki, Moskvanın narahatlığını daha da artırdı. Bu, beynəlxalq münasibətlərdə “təhlükəsizlik di­lemması” adlandırılan klassik nümunədir”, – deyə Stiven Uolt qeyd edir. 

Şərhçi haqlı olaraq yazır: “...İndiyədək nə ABŞ, nə də müttəfiqlərdən hansısa biri Ukrayna uğrunda döyüşmək üçün qoşun göndərməyə hazır olduğunu bildirməyib. Si­lah və pulla kömək - bəli, şəxsi heyətlə - yox. Biz buna hazır olsaydıq, qoşunlarımız artıq Ukraynada olardı. Ukraynaya beş, on və ya iyirmi ildən sonra onun uğrunda mübarizə aparacağını vəd etməyin nə mənası var – əgər bu gün heç kimin buna həvəsi yoxdursa?”

(ardı var)

İlqar RÜSTƏMOV
XQ

Dünya