Azərbaycanda kifayət qədər sevilən komanda idman növlərindən biri olan və geniş tamaşaçı auditoriyasına malik voleybolun inkişafı diqqət mərkəzindədir. Fevralın 29-da Milli Olimpiya Komitəsi (MOK) ilə Azərbaycan Voleybol Federasiyası (AVF) arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması da bu idman növünün inkişafı istiqamətində daha geniş tədbirlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır.
MOK-un inzibati binasında keçirilən imzalanma mərasimində layihənin icrası ilə bağlı videoçarxın nümayişindən sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AVF-nin son illərdə həyata keçirdiyi layihələrdən danışıb və onların təqdirəlayiq olduğunu bildirib. O, həmçinin MOK-un əvvəlki illərdə AVF ilə əməkdaşlığını vurğulayıb. “Kompleks İnkişaf Modeli” barədə danışan MOK rəsmisi buraya məşqçilər üçün texniki kursların, milli idman sistemlərinin və gənc atletlərin inkişafı layihələrinin daxil olduğunu deyib. Ç.Hüseynzadə başqa federasiyalarla da əməkdaşlıq edəcəklərini vurğulayıb. Bildirib ki, Basketbol, Həndbol federasiyaları ilə də bu iş həyata keçiriləcək.
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov birgə əməkdaşlıqdan məmnun olduğunu və bunun ölkədə voleybolun inkişafına daha da təkan verəcəyinə inandığını deyib. Qeyd edilib ki, Olimpiya hərəkatı ilə bağlı bütün proseslərdə, məşqlərin gerçəkləşməsində, idmançıların təlim-məşq toplanışlarında iştirak etməsində, onların beynəlxalq turnirlərə göndərilməsi məsələlərində Milli Olimpiya Komitəsinin dəstəyi faydalı olacaq.
Ölkəmizdə idmanın kütləviliyinin artırılmasında Olimpiya hərəkatının mühüm rolunu xüsusi qeyd edən AVF prezidenti regionlarda da voleybolun inkişafı üçün kompleks tədbirlər keçirildiyini diqqətə çatdırıb.
Sonra MOK-un beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov “Kompleks İnkişaf Modeli” haqqında təqdimatla çıxış edib.
Daha sonra niyyət protokolu imzalanıb. Sənədi Çingiz Hüseynzadə və Şahin Bağırov imzalayıblar.
Müqaviləyə əsasən tərəflər voleybolun Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına və tövsiyələrinə uyğun hərtərəfli, sistemli inkişafı üçün məşqçi hazırlığı, idmançıların yetişdirilməsi, ehtiyat qüvvənin hazırlanması, həmçinin digər sahələrdə əməkdaşlığa dair tədbirlər keçirəcəklər.
Voleybol üzrə milli və ya regional mərkəzin yaradılması ilə bağlı strateji fəaliyyət planının hazırlanması, beynəlxalq səviyyəli məşqçi kurslarının təşkili, müvafiq idman növü üzrə gənc istedadların müəyyən olunması, yeniyetmə, gənclər, o cümlədən məktəblilər arasında voleybolun təbliği və təşviqi də müqavilədə əksini tapıb.
L.QURBANOVA
XQ