Ən güclü ağırlıqqaldıranımız Dadaş Dadaşbəyli Ər-Riyadda 3 medal qazanıb

post-img

Dünya çempionatında tarixi nəticə

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında uzun fasilədən sonra 3 medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb. İdmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, federasiya rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Dadaş Dadaşbəyli jurnalistlərə müsahibə verərək yarış təəssüratları­nı bölüşüb: 

– “Qazandığım nailiyyət Azərbaycan ağır atletikasında son illərin ən böyük uğurudur. Dünya çempionatı karyeram ərzində iştirak etdiyim ən güclü turnir­dir. Bu yarışdan medalsız dönmədiyimə görə çox sevinirəm. Bu, ölkəmiz üçün, xüsusən də ağırlıqqaldırma üçün böyük uğurdur.

İdmançı başda Gənclər və İdman Na­zirliyi olmaqla, Azərbaycan Ağır Atletika Federasiyasına, məşqçilərə, bu uğurun əldə edilməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Turnirə çox ciddi hazırlaşdığını, təlim-məşqlərdə böyük səy göstərdiyini vurğulayan atlet bundan sonra əsas hədəfin Olimpiya Oyunların­da iştirak etmək olduğunu deyib: 

– “Dünya çempionatının mükafatını qazanmağı qarşıya məqsəd qoymuş­dum. Aylarla evə getməyib fasiləsiz məşqləri davam etdirirdim. Rəqibləri­min də çox güclü olması məni qətiyyən qorxutmurdu. Sona qədər mübarizə apa­raraq medal əldə etdim. İndi əsas hədəf Paris Olimpiadasında iştirak etməkdir. Bunun üçün bütün səylərimi toplayaca­ğam.

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Emil Əliyev Dadaş Dadaşbəylinin böyük potensi­ala malik olduğunu vurğulayıb: 

– “Dadaş Azərbaycanda ağırlıqqal­dıranların hazırkı lideridir. Çox güclü idmançıdır. Qarşıya qoyduğu hədəfə çatmaq üçün öz üzərində səylə çalışır. Güclü potensiala malikdir. Onun rəqib­ləri arasında Olimpiya və dünya çempi­onu olan idmançılar var idi. Şübhəsiz, belə idmançılarla mübarizə aparmaq çox çətindir. Bütün bunlara baxmaya­raq, təmsilçimiz qarşıdakı çətinlikləri dəf edərək tarixi nəticəyə imza atdı. Əminik ki, idmançımız gələcəkdə də ona bəslə­nilən ümidləri doğruldacaq. Sevinirik ki, dünya çempionatında öz sözümüzü de­dik. Bundan sonrakı sınaqlarda da yeni nailiyyətlər əldə etmək üçün böyük səylə çalışmalıyıq”. 

Qeyd edək ki, 109 kq çəki dərəcəsin­də çıxış edən idmançı birdənqaldırmada 180, təkanlaqaldırmada 223 kiloqramı başı üzərinə qaldırıb, hər iki hərəkət­də üçüncü yeri tutub. Toplam 403 kq (180+223) nəticə göstərən Dadaş Da­daşbəyli dünya çempionatının yekun sı­ralamasında da 3-cü nəticə göstərib. 

Xatırladaq ki, sonuncu dəfə ağır­lıqqaldırma üzrə dünya çempionatında Azərbaycana medalı 2015-ci ildə Boyan­ka Kostova (qızıl medal) qazandırmışdı. 

Leyla AZAD
XQ

İdman