Ermənilər tarix boyu yaşadıqları ərazilərdə başqa xalqlardan çox şey oğurlayıblar. Xüsusən, bütün qonşularının musiqisinə, ədəbiyyatına, folkloruna daha çox şərik çıxıblar. Azərbaycan rəvayətlərini, nağıllarını oğurlayıb şeirə çevirən haylardan biri də Hamo Sahyan idi. Şəxsən mənim uşaq yaşlarımdan bildiyim iki kiçik nağılı ( “Sən maralla mən maral...” və “Bir quyruq maya qoysam da...”) o təmsil kimi qələmə almışdı.
İkinci təmsildə deyilir ki, Birəbitdən quşu (ona çəpər sərçəsi də deyirlər) bulaqdan su içmək istəyəndə görür ki, Ay “suya düşüb”. Səs-küy qaldırır ki, kömək edin, Ayı göyə qaldıraq. Heç kəs kömək eləmir. Özü Ayı sudan çıxartmaq istəyəndə dimdiyi hansısa otun kökünə ilişir. Dartır, dartır, birdən otun kökü qırılır və cırtdan quş quyruğu üstündə daşa dəyir. Zarıyanda görür ki, Ay göydədir. Fəxr edir: “Bir quyruq maya qoysam da, Ayı göyə çıxartdım”. Nikol Paşinyanın bu ilin aprelində keçirmək istəyib bacarmadığı, sentyabrın 17-də isə çoxsaylı ermənilərin dediyi kimi, saxtakarlıqla dolu olan mer seçkisində qalib gəlməsi elə Birəbitdən quşunun “zəfər”inə bənzəyir.
“Novosti Armenia” hələ apreldə keçirilməli olan mer seçkiləri barədə yazmışdı ki, ağsaqqallar iclasa gəlmədiyinə görə seçki baş tutmayıb. Qeyd edək ki, qanuna əsasən, seçkilər yolu ilə formalaşan Ağsaqqallar Şurası meri seçir. Sentyabın 17-də keçirilmiş seçkiyədək şurada hakim “Mənim addımım” alyansının 57, “Çiçəklənən Ermənistan” partiyasının 5, “Luys” blokunun isə 3 mandatı var.
Avqustun 18-də isə Ermənistan mətbuatı yazdı ki, növbədənkənar İrəvan Ağsaqqallar Şurası (Şəhər Şurası) seçkiləri sentyabrın 2-3-də keçiriləcək. Yenə baş tutmadı. Üstəlik, müxaliflər bütün dünyaya səs saldılar ki, Nikol Paşinyan İrəvan meri vəzifəsində dostu olan komediya aktyorunu görmək istəyir. Qərəz, bu il avqustun 16-də Ermənistan hakimiyyəti İrəvan Şəhər Şurasının buraxılması haqqında qərar qəbul etdi. Buna səbəb şuranın paytaxtın yeni merini seçə bilməməsi idi.
“İrəvan şəhərində yerli özünüidarəetmə haqqında” qanuna əsasən, paytaxt merini Ağsaqqallar Şurası seçir. Şuranın üzvləri 65 nəfərdən ibarət olur və ümumşəhər seçkiləri, əsasən, partiya prinsipi üzrə formalaşır. Əgər seçkilərin yekunu üzrə partiyalardan biri yerlərin 50 faizindən çoxunu əldə edərsə, o zaman siyahıya rəhbərlik edən partiyanın namizədi İrəvanın meri hesab olunur.
Erməni mətbuatı yazır ki, İrəvanın sabiq meri Taron Marqaryan iyulun 9-da vəzifəsindən imtina edib. Səbəb isə paytaxtda onun istefası tələbi ilə keçirilən etiraz aksiyaları idi.
Axır ki, bu dolambac yollardan keçən şura seçkisi sentabrın 17-də baş tutdu. Ermənistan Mərkəzi seçki komissiyası İrəvan meriyasına (Ağsaqqallar Şurasına) keçirilən seçkilərdə səslərin elektron hesablanmasını başa çatdıranda məlum oldu ki, Nikol Paşinyan seçici fəallığının heç otuz faizə çatmadığı səsvermə prosesində rusiyayönümlü siyasi qüvvələri üstələyib. Belə ki, 825 minə yaxın seçici olan ölkədə seçki məntəqələrinə cəmi 234 mindən çox seçicinin gəldiyi səsvermədə birinci yerib tutan partiyanın göstəricisi də çox cüzidir. Hakim “Mülki müqavilə” partiyası 28, 46 faiz səslə birinciliyi qazanıb.
Yeri gəlmişkən, Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın paytaxt ağsaqqallarını seçən səsvermədə bu qədər aşağı göstəriciyə imza atmasının əsas səbəblərindən biri də Azərbaycan əsgərlərinin ayaq səsləridir. Belə ki, beş il əvvəl həmin seçkidə Paşinyanın partiyası 81 faizdən çox səs qazanmışdı. İkinci Qarabağ müharibəsindəki rüsvayçı məğlubiyyət onun nüfuzuna, həqiqətən, sarsıdıcı zərbə vurmuş və göstəricisi 81-dən 28-ə düşmüşdür.
İşğalçı ölkə mətbuatının yazdıqlarına görə, Mərkəzi seçki komissiyasının hesabatında göstərilən rəqəmlərin çoxu saxtadır. Xüsusən, seçkidə iştirak edənlərin sayı həddən artıq şişirdilib. Bir adamın dörd-beş yerdə səs verdiyi söylənilir. Şahidlər bildirirlər ki, bülletenləri nümayişkəranə sürətdə zərfdən çıxarır və hakim partiyanın namizədi Taron Marqaryanın adının qarşını işarələyərək, qutuya atırdılar.
Müxalif müşahidəçinin sözlərinə görə, bir seçici taksi xidmətinin avtomobilləri və mikroavtobuslarla müxtəlif məntəqələrə gətirilirdi. Şahidlər bildirirlər ki, törədilmiş saxtakarlıqlar nə erməni xalqının xeyirinədir, nə də Ermənistan dövlətinin. Odur ki, bu faktlardan sonra saxtakarların həyatı cəhənnəmə çevriləcək. “Bizim böyük komandamız var və bütün saxtakarlıqları ortaya çıxaracağıq” – deyən müxalifət fəalı bildirib ki, Ermənistanı iğtişaşlar bürüyəcək.
Daha bir maraqlı məqama da diqqət yetirək: “Novosti Armenia” yazır ki, sabiq prezident Serj Sarkisyan xanımı Rita Sarkisyanla birlikdə səs vermək üçün seçki məntəqəsinə gəlib. Lakin seçicilərin adlarını barmaq izləri ilə təsdiq edən aparat Sarkisyanı “tanımayıb”.
Bütün eybəcərliklərinə baxmayaraq, bu seçkinin nəticələri rəsmiləşdirildi. Kimsə soruşur ki, bəs bu nəticələrin bizə faydası olacaqmı? Əvvəla, dövlət başçımızın da dediyi kimi, biz heç bir məsələdə Ermənistanın daxili işlərinə qarışmamışıq və qarışmayacağıq. Sadəcə öz ərazi bütövlüyümüzün tam bərpası üçün lazım olan bütün addımları atacağıq. İkinci, Nikol Paşinyan iqtidarının bəd əməlləri olsa da, onların uğuru “Daşnaksütyun”un da, revanşistlərin də, digər işğalçılıq, terrorçuluq və təxribatçılıq kimi fəaliyyəti olan qüvvələrin qələbəsinə nisbətən məqbuldur. Üçüncü, seçkinin nəticələrindən sonra Ermənistanda xaos və anarxiyanın başlanacağını deyənlər də var. Bu isə Cənubi Qafqaza sülh gətirilməsi üçün aparılan siyasətə mənfi təsir göstərə bilər.
Amma bir fakt da var ki, Ermənistanda deyilən hansısa söz, verilən anons və ya söylənilən proqnoz çox vaxt reallığa çevrilmir. Bu ölkə Allahın ümidinə qalıb. Əhali bədbəxt, dövlət girinc vəziyyətdədir. Çıxış yolunu tapmağa isə ermənilik xəstəliyi mane olur.
Fikrət SADIXOV,
professor, siyasi şərhçi
– İrəvan meri uğrunda keçirilən seçkilərdə hakim partiya kifayət qədər səs toplaya bilmədi. Bu, ona dəlalət edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə daxilində ciddi problemləri yaranıb.
Qeyd etmək lazımdır ki, Paşinyanın üzləşdiyi problemlər onun özünün səhv, yalnış daxili və xarici siyasət xətti həyata keçirməsi ilə əlaqədardır. Bunu, əlbəttə ki, sıravi seçicilər görür, müqayisə edir və nəticə çıxarırlar. Bəli, hər şey göz qabağındadır: baş nazirin əhali arasında dəstəyi günbəgün azalır.
Paşinyanın reytinqinin aşağı düşməsinin səbəblərindən biri də elə budur. İrəvandakı 17 sentyabr seçkiləri N.Paşinyanı ölkədəki siyasi və sosial sferadakı acı reallıqla üz-üzə qoyur.
Ermənistan hökumətinin başçısı indi ya seçkilərin nəticələri ilə razılaşmalı, ya da orada hansısa bir kolalisiya yaradılmalıdır ki, öz aralarında mer seçsinlər.
Ermənistanın hazırkı siyasi reallığına nəzər yetirəndə görürürk ki, artıq hakim partiya bir sıra istiqamətlərdə siyasi rəqiblərinə uduzur. Paytaxtda kifayət qədər səs toplaya bilməyən iqtidar bundan ciddi nəticə çıxarmalıdır.
Bir daha vurğulamaq istəyirəm, məhz Paşinyanın atdığı mənasız və məntiqsiz siyasi addımlar ölkədə belə bir acınacaqlı vəziyyətə gətirib çıxarıb.
İrəvanda meriyanın rəhbəri olmaq üçün kimin daha çox səs toplaması, kimin rəqabətdə uduzması bizi o qədər də maraqlandırmır. Yəni, bu, ermənilərin öz daxili işidir. Bizi daha çox maraqlandıran hadisələrin siyasi cəhətidir. Hər halda fakt budur ki, Paşinyanın və onun tərəfdarlarının reytinqi xeyli aşağı düşüb.
İttifaq MİRZƏBƏYLİ
XQ