Komandamız Avropa qalibi oldu

post-img

Azərbaycan şahmatçıları ilk dəfə yeniyetmələrin qitə çempionatında 4 qızıl medal qazanmaqla rekord nəticəyə imza atıblar. Rumıniyanın Mamaya şəhərində yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa birinciliyinin 4 qızıl, 2 gümüş və 1 bürünc medalını qazanan komandamız ümumi hesabda fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. 

Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov “Xalq qəzeti”nə açıqlama­sında şahmatçılarımızın güclü rəqiblərə qarşı çox inamla mübarizə apardıqlarını bildirdi. O qeyd etdi ki, bəzi şahmatçılarımız yarışın favoritləri idilər. Onlarla yanaşı, komandamızın digər üzvləri də çox yaxşı tə­sir bağışladılar. Ümumilikdə, Azərbaycan komandası Avropanın ən güclüsü olduğunu sübut etdi: 

“Qitə yarışının qalibi adını qazanan Əhməd Xaqan yarışın favoriti idisə, digər şahmatçılarımız da çox gözəl çıxış etdilər. Rüstəm Rüstəmov son ge­dişlərə qədər inamlı təsir bağışladı və 9 turdan 8 xal yığdı. O, erməni rəqibi ilə qarşılaşmada ağır vəziy­yətdə ikən qara fiqurlarla yaxşı müdafiə olunmağı bacardı və oyun bərabər başa çatdı. Son oyunda isə Polşa təmsilçisi, ondan ELO xalına görə xeyli irəlidə olan Patryk Cieslakı məğlub etdi. Yaşıdları arasında güclü şahmatçılardan hesab olunan rəqibi 12 yaşadək yeniyetmələr arasında Avropa çempionu olub. Xəzər Babazadənin gümüş medalı da çox yaxşı nəticədir. Həmçinin, ikinci yeri tutan Ayan Allahverdiyeva güc­lü oyunçudur. Ölkəmizə nüfuzlu yarışlardan ən çox medal gətirən idmançıdır. O üçqat Avropa çempionu­dur. Böyük nəticələri var. Digər zəka ustalarımızdan Nərmin Abdinova ilk 10-da yer aldı. O son oyunda məğlub olmasaydı, əlavə göstəricilərə görə, bəlkə də 1-ci yerə çıxacaqdı. 

8 yaşadək şahmatçıların nəticələrindən danışan baş məşqçi bildirdi ki, həm oğlanlar, həm də qızlar arasında çempion olan şahmatçılarımızdan gələcəkdə də yüksək nəticələr gözlənilir: “Məhəmməd Kazım­zadə 8 yaşadək uşaqlar arasında 9-cu turda turnir cəd­vəlinin lideri ukraynalı Artyom Kuçeri məğlub edərək əlavə göstəricilərə görə qalib oldu. Eyni zamanda, bu yaş qrupunda Mehriban Əhmədli Ukraynanın digər təmsilçisi Viktoriya Rıjenkovaya qalib gəlib fəxri kürsünün ən yüksək pilləsində qərarlaşdı. Aşağı yaş qruplarında da şahmatçılarımızın parlaq çıxışları se­vindirici haldır. Qızlardan Səadət Bəşirlinin bürünc medalı da yaxşı nailiyyətdir. Bu, onun Avropa çempi­onatında ikinci medalıdır. Bundan əvvəl qitə yarışının gümüş mükafatını qazanıb. 

Fərid Abbasov 2019-cu ildə 8 yaşadək şah­matçılar arasında Avropa çempionu olmuş Di­nara Hüseynovadan da gözləntilərin olduğunu bildirdi. Vurğuladı ki, idmanda bəxt amili də rol oynayır: 

“Bu dəfə onun bir balaca bəxti gətirmədi. Onu da deyim ki, medal qazanmayan şahmatçılar arasın­da böyük potensiala malik olan zəka ustaları da var. Onlar da gələcək yarışlarda özlərini göstərmək üçün öz üzərlərində daha çox çalışmalıdırlar. Bu nailiy­yət, ümumilikdə, Gənclər və İdman Nazirliyi, Şah­mat Federasiyası, məşqçi heyəti, həmçinin şahmat­çılar və onların valideynlərinin komanda şəklində birgə göstərdikləri böyük səylər hesabına qazanılıb. Qarşıda yığmamızı müxtəlif yaş qruplarında dünya çempionatları gözləyir. Çalışacağıq ki, azarkeşləri sevindirək. 

18 yaşadək şahmatçılar arasında Avropa çempionatının gümüş medalçısı Xəzər Babazadə qəzetimizə açıqlamasında yarış təəssüratlarını bölüşdü: 

–Bu, mənim yeniyetmələr arasında iştirak etdi­yim son Avropa birinciliyi idi. Belə bir mötəbər ya­rışda medal qazanmaq həqiqətən də çox sevindirici haldır. Bu şansı mənə verdiyi üçün federasiyanın prezidenti Mahir Məmmədova dərin təşəkkürümü bildirirəm. 

Qitə birinciliyində 18 yaşadək qızlar arasında ikinci yeri tutan Ayan Allahverdiyeva isə potensi­alına görə qalib olmaq şansının böyük olduğunu bildirdi. Qeyd etdi ki, müəyyən səhvləri ucbatından birinciliyi əldən verib.

Məhəmməd Kazımzadə isə 8 yaşadək uşaqlar arasında birinci yeri tutduğuna görə sevindiyini dedi: 

– Müəllimlərimin etimadını doğrultduğum üçün çox sevinirəm. Bundan sonrakı yarışlara daha yaxşı hazırlaşmalıyam”. 

Yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa çempionatında ən yüksək nəticə göstərən Azərbaycan komandası bir daha güclü potensialını nümayiş etdirdi. 

Leyla QURBANOVA
XQ

İdman