Təxminən on doqquz ay bundan əvvəl Rusiyanın Ukraynaya qarşı başladığı hərbi əməliyyatlar hələ də davam edir. Bütün cəbhə boyu döyüşlərin intensivliyi və miqyası artır ki, azalmır. Bu barədə BBC agentliyi məlumat yayıb.
Hər iki ölkədən on minlərlə insan itkisi və saysız-hesabsız dağıntılar olsa da, heç bir tərəf öz iddia və hədəflərindən geri çəkilmək istəmir. Dünən də Ukraynanın şərq və cənub vilayətlərində ağır döyüşlər gedib.
Bəzən bu müharibəni “dronlar müharibəsi” də adlandırırlar. Bu da təsadüfi deyil. Belə ki, rəqiblər hazırda ən çox məhz bu döyüş silahından istifadə edirlər. Hətta bir əcnəbi jurnalist obrazlı şəkildə belə deyib: “Bu günlərdə Ukrayna səmasında dronlar “at oynadır”.
Bu, həqiqətən belədir. Tərəflər yaxın və uzaq mənzilli PUA-lar vasitəsilə bir-birinə mümkün qədər çox zərər verməyə çalışırlar. Bu arada, Ukrayna Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, Rusiyanın gecə saatlarında bir neçə bölgəyə hücumları zamanı istifadə etdiyi 17 pilotsuz uçuş aparatı məhv edilib.
UNİAN agentliyi həmin mənbəyə istinadən bildirib ki, Rusiya aviasiyası Ukraynanın Nikolayev, Zaporojye, Sumı və Dnepropetrovsk vilayətlərini hədəf alan hücumlar zamanı, ümumilikdə, 22 pilotsuz uçuş aparatından istifadə edib.
Dnepropetrovsk vilayətinin qubernatoru Sergey Lısak isə qeyd edib ki, bölgə üzərində vurulan üç pilotsuz təyyarədən birinin qalıqları binalara və avtomobillərə ziyan vurub. Lısak Rusiyanın bölgəni havadan da aramsız atəşə tutduğunu, lakin itki olmadığını bildirib.
Rusiya Müdafiə Nazirliyi dünən səhər saatlarında ölkənin qərbindəki Bryansk vilayəti üzərində Ukraynanın bir neçə pilotsuz təyyarəsinin vurulduğunu bildirib. Onun sözlərinə görə, sentyab-rın 15-də Qara dənizdə patrul gəmisinə edilən hücumun qarşısı alınıb və beş pilotsuz qayıq məhv edilib.
Bu günlərdə Krım sakinləri də narahat anlar yaşayırlar. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi “Telegram” kanalında Krım üzərində Ukraynanın 11 pilotsuz təyyarəsinin zərərsizləşdirildiyini bildirib.
Bu, Ukrayna raketinin Krımdakı strateji gəmiqayırma zavodunu vurması nəticəsində 24 nəfərin yaralanması və təmirdə olan iki gəminin zədələnməsindən bir gün sonra baş verib.
Hazırda hər kəsi bir sual düşündürür: Görəsən, Rusiya-Ukrayna müharibəsində yaxın gələcəkdə atəşkəs elan oluna bilərmi? Hərbi təhlilçilər buna mənfi cavab verirlər. Görünən budur ki, rəqiblər hazırda bir-birinin silah və sursatlarının nə vaxtsa bitib-tükənəcəyinə ümid bəsləyirlər.
ABŞ-ın başçılıq etdiyi Kollektiv Qərb Ukraynanın silah təchizatı ilə bağlı vədlərinə, hələlik, əməl edir. Məsələn, dünən məlum olub ki, İsveç hökuməti Ukraynaya JAS 39 “Gripen” döyüş təyyarələri bağışlamağı düşünür.
İsveç ictimai radiosu adı açıqlanmayan mənbələrə istinadən ilk dəfə sentyabrın 12-də bu ehtimal barədə məlumat yayıb.
Məlumata görə, hökumət bu həftə ölkənin silahlı qüvvələrindən Ukraynaya qeyri-müəyyən sayda “Gripen”in köçürülməsinin mümkün olub-olmadığını soruşa bilər. Bu barədə xəbərdə Kiyevin İsveçin “Saab” şirkətinin istehsal etdiyi “Gripen” döyüş təyyarələrinin bir hissəsini almaq istədiyi və bunun 16-18 ədəd olduğu bildirilir.
Ukraynadan fərqli olaraq Rusiyanın hələ kifayət qədər silahı var. Bununla bərabər, Rusiyanın hətta Şimali Koreyadan yeni silahlar aldığı barədə təsdiqlənməmiş məlumatlar yayılır. Yeri gəlmişkən, Moskva bu şayiələri qəti şəkildə təkzib edir. Dünən Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin və Kim Çen In arasında aparılan danışıqların yekununda iki ölkə arasında hərbi-texniki əməkdaşlıq da daxil olmaqla heç bir saziş imzalanmayıb.
Peskov vurğulayıb ki, Rusiya Federasiyası və KXDR liderləri arasında təmaslarda sensasiya axtarmağa ehtiyac yoxdur, bu qəbildən olan görüşlər artıq ənənəyə çevrilib. Qeyd edək ki, Putin və Kim Çen In sentyabrın 13-də Amur vilayətindəki Vostoçnıy kosmodromunda görüş keçiriblər.
Kreml KXDR və Çini özünə arxa-dayaq hesab etdiyi bir məqamda Kiyev də əsas himayədarı Vaşinqtona güvənir. Bu günlərdə məlumat yayılıb ki, Ukrayna Prezidenti gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak edəcək.
ABŞ-ın NBC telekanalının müxbiri bildirib ki, V. Zelenski səfər çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşəcək. Görüşün Nyu-Yorkda və ya Ağ evdə keçiriləcəyi, hələlik, məlum deyil.
Qeyd edək ki, V.Zelenski sonuncu dəfə C.Baydenlə bu ilin iyulunda NATO-nun Vilnüs sammiti çərçivəsində Litvada görüşüb. Gələn il ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Rusiya-Ukrayna müharibəsi Kiyevin qələbəsi ilə bitərsə, Ağ evin hazırkı sahibinin özünün ali vəzifəsini qoruyub saxlamaq şansı artacaq.
Əks təqdirdə, Rusiya ilə münasibətlərin normallaşmasına çalışan prezidentliyə namizədlərin şansları arta bilər. Buna görə də ABŞ-ın hazırkı iqtidarının Ukraynaya hərtərəfli dəstəyini daha da artıracağı ehtimal olunur.
Məsaim ABDULLAYEV
XQ

