Bugünlərdə Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaaliyyətə başlayıb.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın və Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Laptevanın təşəbbüsü, Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə yaradılmış mərkəzin açılış mərasimində hər iki ali məktəbin rəhbəri Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasının ölkələrimizin ictimai-siyasi həyatında bu universitetlərin elmi-pedaqoji fəaliyyətində mühüm əhəmiyyət kəsb edəcəyini bildirib. Tədbirdə iştirak edən hər iki ölkənin diplomatları və tanınmış ziyalıları mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.
Sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş "Belarus və Azərbaycan: Tarix, müasirlik və ikitərəfli əməkdaşlığın perspektivləri" adlı dəyirmi masa keçirilib. Kamal Abdulla və Natalya Lapteva Azərbaycan və Belarus respublikaları arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin tarixindən bəhs ediblər. Akademik Kamal Abdulla Azərbaycanla Belarus arasındakı əlaqələrin qurulmasında Ulu öndər Heydər Əliyevin mühüm rolunu qeyd edərək əməkdaşlığın bugünkü səviyyəyə çatmasında Prezident İlham Əliyevin siyasi iradəsini də vurğulayıb.
Diskussiyaların davamında ölkələrimiz arasında siyasət, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri, eləcə də Azərbaycan dövlətinin multikulturalizm siyasətindən bəhs olunub.
XQ

