“Türk Dövlətləri İqtisadiyyatı” kitabı Azərbaycanda hazırlanıb

post-img

İstanbulda isə fundamental nəşrin yüksək səviyyəli təqdimatı keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birlikdə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabı Türkiyənin İstanbul şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun 14-cü görüşündə təqdim olunub.

Kitabı İİTKM-in nəzdində fəaliy­yət göstərən Türk Dünyası Araşdır­malar Mərkəzinin (TDAM) rəhbəri vəzifələrini icra edən Ayhan Satıcı təqdim edib. O bildirib ki, kitabın ya­zılmasında məqsəd Türk dövlətlə­rində cərəyan edən müsbət iqtisadi trendlərin vahid iqtisadi mənbədə cəmləşdirilməsidir. Həmçinin kitabda Türk dövlətlərinin TDT çərçivəsində regionda güclənən geoiqtisadi və geosiyasi mövqeləri həm çoxtərəfli, həm də ikitərəfli perspektivdə nəzər­dən keçirilib.

Qeyd edək ki, “Türk Dövlətləri İq­tisadiyyatı” kitabı iki hissədən ibarət­dir. Birinci hissə Türk dövlətlərinin iqtisadiyyatı barədə ümumi, ikinci hissə isə hər bir ölkənin son 10 ildə qeydə alınmış iqtisadi göstəricilərinə dair spesifik məlumatlardan ibarət­dir. Məlumatlar bir neçə istiqamət üzrə qruplaşdırılıb. Belə ki, kitabda Türk dünyası ölkələrinin iqtisadiy­yatı makro və mikro səviyyədə təhlil edilib. Türk dünyasında birgə əmək­daşlıq mexanizminə müqayisəli ya­naşma sərgilənib, hər bir müstəqil dövlətin Türk dünyasındakı rolu araşdırılıb, eləcə də Türk dünyasın­da imkanlar və inkişaf perspektivləri təqdim olunub. 

Kitabda Türk dövlətlərinin çoxtərəfli ticarətinə təsir edən amil­lərə “Qravitasiya modeli” əsasın­da yanaşılıb, Zəngəzur Dəhlizinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələrinin perspektivinə və qarşılıqlı iqtisadi münasibətlərinə təsiri təhlil olunub. Həmçinin “Qraf­lar nəzəriyyəsi”nə istinad edilməklə Türk dünyasında birbaşa xarici in­vestisiya və ticarət dinamikasının təhlili aparılıb. Bundan başqa, Türk dövlətlərinin iqtisadi əməkdaşlığının institusional əsasları “Türk dünyası 2040 vizyonu” kontekstində araşdı­rılıb. 

“Türk Dövlətləri İqtisadiyyatı” kitabının yazılmasında yeddi Türk dövlətinin iqtisadi tədqiqatlar sahə­sində tanınmış 35-dən artıq alimi iş­tirak edib. Kitabın elmi redaktoru İİT­KM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlıdır.

İngilis dilində hazırlanan kitabın yazılmasında Qazaxıstanın İqtisadi Araşdırmalar İnstitutu, Qırğızıstan Respublikasının Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutu, Qırğızıstan Respublikasının Milli Elmlər Akademiyası, Özbəkistanın İqtisadi Araşdırmalar və İslahat­lar Mərkəzi, Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutu və Bu­dapeşt Metropolitan Universiteti, Bursa Uludağ Universiteti, UNEC-in Türk Dünyası İqtisad Fakültəsi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu kimi beyin mərkəzləri yaxın­dan iştirak edib. 

Qeyd edək ki, kitabın təqdimatı Türk dövlətlərinin hər birində ke­çiriləcək. Bundan başqa, kitabın nüsxələri həmin dövlətlərin əsas elmi kitabxanalarına göndəriləcək.

XQ

Son xəbərlər