Sonra gec olar

post-img

Bölgə mətbuatı: tamam, yoxsa davam?

Peşəmlə bağlı əvvəldən dünya mediasını, baş verən hadisələrin xalqa necə çatdırılması formalarını daim nəzərdən keçirir, materialların oxunaqlı olması üçün mətbuatın necə şəkillənməsini öyrənirdim. Uzun illərin söhbətidir, xarici mütəxəssislər, ənənəvi medianın internet media qarşısında necə duruş gətirə biləcəyini müzakirə edir, qəzetlərin yaşam yollarını arayırdılar. Mütəxəssislər deyirdilər ki, mətbuatı yaşatmanın tək yolu ona əmtəə, yəni bazar məhsulu kimi baxmaqdır. Məhsul keyfiyyətli olarsa, bazarda özünə alıcı tapa bilər və qurbana çevrilməz.

O vaxt bu fikrə sağlam mövqedən baxa bilmirdim: Mətbuat mədəniyyətdir, o, bazar məhsulu ola bilməz, – deyə düşünürdüm. Aradan xeyli vaxt keçdi, fikrimdə yanıldığım qənaətinə gəldim. Amma bu da bir reallıqdır ki, hazırda xarici ölkələrdə qəzetçilik əvvəlki nü­fuzunu qoruyur, nəşrlər satılır və inter­net medianın qurbanına çevrilmir. Dü­şünürəm ki, bunun səbəbi bəzilərinin dediyi kimi, heç də yalnız bazara key­fiyyətli məhsul çıxarmaqla bağlı deyil. Əlbəttə, əlverişli reklam mühitinin möv­cudluğunun da əmtəənin keyfiyyətində və satışında müstəsna rolunu unut­muram. Zənnimcə, ən önəmlisi budur ki, oxucu oxumaq və görmək istədiyini tapır və bu səbəbdən öz büdcəsindən qəzet almaq üçün vəsait ayırır. 

Təəssüflə bildirim ki, ölkəmizdə qə­zetə münasibət bir qədər fərqli oldu. Xüsusən də bölgə qəzetlərinə. Mət­buatımızın banisi Həzən bəy Zərdabi deyirdi ki, hər bir vilayətin qəzeti o vi­layətin aynasıdır. Bu gün bölgələrimi­zin baxmağa aynası, demək olar, yox dərəcəsindədir. Sovet İttifaqı dövründə rayon partiya komitələrinin, müstəqillik dönəmində rayon icra hakimiyyətlərinin orqanı olaraq fəaliyyət göstərmiş nəş­rlər hazırda lazımsız əşya kimi kənara atılıb. 

Əslində, əvvəllər də mövcud is­tiqamətdə heç də xoş olmayan durum var idi. Belə ki, bölgə kütləvi informa­siya vasitələrinin bəziləri ayaqüstə qala bilsələr də, çoxları bunu bacarmırdı. Tək-tük qəzetlər öz güclərinə fəaliy­yət göstərirdi. Bəziləri isə yaşamlarını rayon icra hakimiyyətlərinin himayəsi hesabına yaşayırdı. Buradan həmin ra­yonların rəhbərlərinə təşəkkür edirəm. Hər halda, qəzetə və qəzetçiliyə önəm verirdilər. 

Uzun müddət rəhbərlik etdiyim, 90 yaşını haqlamağa az qalmış Yevlaxın “Kür” qəzeti son zamanlar bayramdan bayrama, heç bir dəstək olmadan, kol­lektivin və ayrı-ayrı sadiq abunəçilərin vəsaiti hesabına nəşr olunurdu. Əlbət­tə, belə davam edə bilməzdi və etmədi də. Günlərin birində qəzetimiz fəaliy­yətini dayandırdı. Təsəllimiz odur ki, bu dayanmamız müvəqqətidir. 

“Kür”ün belə aqibət yaşamasının səbəbləri çoxdur. Əvvəlki yazılarımda bu barədə söz açmışam. İlk növbədə, obyektiv amilləri sadalamışam: regio­nalarımızda mətbəələr yox dərəcəsin­dədir, maddi-texniki baza da həmçinin. Üstəlik, peşəkar kadrlar bölgələrdə ça­lışmaq istəmirlər, bölgə mediasının in­kişafına şərait yaradılmır, qrantlar, rek­lamlar ayrılmır və sair. Amma bütün bu sadaladıqlarımı, o cümlədən haqqında söz açmadığım problemləri aradan qaldırmaq göründüyü qədər də çətin deyil. Sadəcə, niyyət lazımdır. Yəni düşünmək şərtdir. Bölgə mətbuatını yaşatmaq üçün əsasların yaradılması haqqında düşünməyi nəzərdə tuturam. Axı Azərbaycan təkcə Bakı şəhərindən ibarət deyil. Onu da düşünək ki, 10 mil­yonluq əhalinin yalnız 3 milyona qədəri paytaxtda yaşayır.

Qonşu və qardaş Türkiyədə qəzet yazarları, xəbər jurnalistləri ölkənin siyasi nəbzini, iqtisadi və mədəni ge­dişatını yönləndirirlər. Günün indisində hər sabah erkəndən Türkiyədə mağa­zalar, metrolar, iş yerləri, lokantalar açılmamış, evlərin qapısını qəzetlər açır. Bu, mətbuata verilən dəyərin ba­riz nümunəsidir. Bir zamanlar bizdə də belə idi. Bəs indi? İndiki durumun ayrı-ayrı cəhətlərinə aydınlıq gətir­dim. Vəziyyətdən çıxmağın yolunu da göstərdim. 

Ümumən, qəzet yaşamdır, ənənə­dir. Bölgə mətbuatı da ənənədir. Ra­yonlarımızda mədəni mühiti, sosial cəmiyyəti ayaqda tutan ənənə. Bu mət­buat tariximizin və mədəniyyətimizin saxlancı, yaddaşı və arxividir. Çağırı­şım budur ki, ona biganə yanaşmayaq. Nəzərə alaq ki, vaxtilə dövrün aydın insanları qəzetlərdə yetişirdi. Nəşrlər bədii dilin zənginləşməsinə töhfələr ve­rir, gənclər, məktəblilər onu oxuyaraq dillərini inkişaf etdirirdilər. 

Bəli, XXI əsr informasiya əsridir. İn­ternet informasiyanı mübarizə predme­tinə çevirir. Hətta mübarizəni daha da kəskinləşdirir və radikallaşdırır. Belə bir qlobal konfrantasiyalar mühitində mə­dəniyyətlərin, ənənələrin qorunmasına ehtiyac duyulduğu bir məqamda böyük bir mədəniyyət eramızı – region mətbu­atı ənənəmizi sıradan çıxarmaqla səhv etmirik ki?

 

Sosial həyat