“Azərbaycan ruhumuzun Vətənidir”

post-img

Xalq TV-nin müsahibləri

 

Türkiyə irəvanlıları və borçalıları redaksiyamızın qonağı oldular

Xalq TV-nin budəfəki qonaqları qardaş Türkiyədən gələn “irəvanlılar” idilər. Ötən əsrin 20–30-cu illərində ermə­ni millətçilərinin zülmündən cəlayi-vətən olmuş İrəvan xanları nəslinin davamçıları Türkiyəyə pənah aparıblar. O zaman qırmızı repressiyadan xilas ola bilən bu insan­lar qardaş ölkənin müxiəlif bölgələrində məskunlaşıblar. Harada yaşamalarından asılı olmayaraq, doğma yurd yerlərindən didərgin düşən irəvanlıların qəlbində Vətən həsrəti illər uzunu köz bağlayıb. 

İrəvan xanları soyundan olan Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federa­siaysının başkanı, Avropa Azərbaycan Dərnəkləri Fede­rasiyasının qurucusu Seyfəd­din Ayakyay, Türkiyə Dostluq Dərnəkləri Federasiyasının başkanı, Qars millət vəkili Aziz Kaykısız, Manisa Azər­baycan Kültur Evinin başkan yardımcısı Kaffer Hangül bir neçə gündür Azərbaycanın qonağıdırlar. Onların sırasın­dakı Məsimoğlu İmaməlinin nəvələri – 30-cu illərdə Bor­çalı mahalının Faxralı kəndin­dən Qarsa köç etmiş, hazırda Manisa şəhərində yaşayan Vəli Taşdemiroğlunun övlad­ları Yalçın bəy və Ahmet Də­mirçi dədə-baba torpaqlarını ziyarət etməyə gəliblər. 

Əvvəlcə irəvanlı qonaqla­rımızın ağsaqqalı, Qars millət vəkili, Türkiyə – Azərbaycan Dostluq Dərnəkləri Federasi­yasının başkanı Aziz Kaykısı­zı dinlədik:

– Vətən sözündən müqəd­dəs kəlam yoxdur. Qarsda doğulsam da, hər zaman özü­mü irəvanlı bilmişəm. Dədəm İrəvanda başlarına gətirilən müsibətləri bizə danışar, hön­kür-hönkür ağlayardı. Qarsda irəvanlılar çoxdur. Yadımda­dır, dədəm onları başına yığıb Vətənin dağından, daşından, təbiətindən, gözəl insanların­dan söhbət açırdı. O, İrəvanı çox görmək istəyirdi, amma nəsib olmadı. Sovetlər vax­tında yollarımız bağlı idi. İndi sevinirəm ki, Azərbaycana ra­hat gəlib-gedə bilirik. 

Qarabağ torpaqları işğal olunanda içimiz qan ayğla­yırdı. 44 günlük möhtəşəm qələbənin sevincini isə sizinlə birgə yaşadıq. Azərbaycanın uğurlarını hər zaman bayram edirik, çünki heç bir qüvvə Vətəni bizdən ayıra bilməz. Harada yaşayırıqsa, fərq et­məz, Azərbaycan sevdalıyıq, irəvanlıyıq. Qədərimizlə ya­şayırıq. Azərbaycanın döv­lət rəhbəri İlham Əliyevin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan kimi ta­rixə Zəfər gününü yazmasını bütün Türkiyə bayram etdi. Bu gün də xoş məramla Azər­baycan gəlmişik. 

Növbəti müsahibimiz Manisada yaşayan Azər­baycan Kültür Evinin baş­kanı Seyfəddin Ayakyaydır. Seyfəddin bəy əsli, soy-kö­kü barədə öyünclə söz açdı:

– Mənim əslim, köküm İrəvan xanlarından biri olan Hüseynqulu xanın şəcərəsi ilə bağlıdır. Babam xan nəs­lindəndir. Hüseynqulu xa­nın qardaşı İlyas xanın oğlu Muxtarın oğluyam. Mən də Qarsda doğulmuşam. Evi­mizdə İrəvan kəlməsi eşitdi­yim gündən öyrənmişəm ki, nəslimiz-nəcabətimiz İrəvan­dan gəlmədir. Hətta dədəmin necə yanıqlı ah çəkməsinə, həsrətli gözlərinə baxanda içim göynəyirdi. 

Dədəm deyirdi ki, 1917-ci ildə ermənilər başımıza elə bir faciə gətirdilər ki, dağları aşa-aşa gəlib Qarsa çatdıq. Bir əmim yolda həlak oldu. Qohumlarımızın çoxu yollar­da qaldı, zülm ərşə qalxdı. Qadınlar, qız-gəlinlər vəhşi ermənilərin süngüsü ilə tələf oldular. O illərdəki müsibəti yazmaqla, söyləməklə qur­tarmaz. Atama dədə deyirdik. Dədəm ölən gününə qədər “İrəvanı bir daha görə bil­məyəcəyəmmi?”– deyib göz yaşı tökürdü. Xan oğlu atamı ağladan bir acı vardı: Vətən, torpaq, İrəvan həsrəti. 

Bu gün Azərbaycana bö­yük bir sevgi ilə gəlmişik. Ürəyimiz dağa dönüb. Prezi­dent İlham Əliyevin çıxışları­nı diqqətlə dinləyirik. Türkiyə – Azərbaycan qardaşlığının zirvələr fəth etməsinə xe­yir-duamızı əsirgəmirik. Sə­mimi qəbula, ürək sözlərimizi Azərbaycan xalqına çatdır­mağımıza yaratdığı imkana görə redaksiya rəhbərliyinə minnətdarlığımızı bildiririk. Ürəyimiz sözdə doludur, da­nışdıqca qurtarmaz. Öyüncü­müz odur ki, biz irəvanlıyıq, o kökü, o soyu yaşadırıq. 

Manisa Azərbaycan Kül­tür Evinin başkan yardım­çısı, irəvan kökənli Kaffer Hangül də ata-babalarının yurd həsrətindən yanğı ilə danışdı:

– Mənim də babalarım İrəvanlıdır. Fəxrlə deyirəm, mən irəvanlıyam. Bilirsinizmi, bura gələndə atama dedim ki, Azərbaycana gedirəm. Də­dəm kövrəldi, mən də onun göz yaşlarına dözməyib ağ­ladım, indi də özümü saxlaya bilmirəm.

– Bizi də kövrətdiniz …

– Bəli, İrəvan bizim ailə­miz üçün qürbətdə qalan Vətəndir, nisgilimizdir. Babam hər zaman söylər bunları: unutmayın, Siz irəvanlısınız. Qanımıza, canımıza işləyib bu sözlər. Ona görə də mən həyəcansız danışa bilmirəm. Azərbaycan mənim vətənim­dir, onun yolunda ölməyə belə hazırıq. Bu gün Bakıya doyunca baxdım. Misilsiz bir şəhərdir. Burada keçirilən Türkiyə– Azərbaycan qardaş­lığına həsr olunmuş növbəti məclisin iştirakçısıyam. Jur­nalistlər, diaspor nümayən­dələri Azərbaycan–Türkiyə qardaşlığı naminə birlik nü­mayiş etdirirlər. Çox istərdik ki, sizin Xalq TV ilə əlaqələ­rimizi gücləndirək. İrəvanla bağlı hazırladığımız videoma­terialları sizə göndərəcəyik. Bu çox vacibdir. İrəvanın ta­rixi keçmişi, erməni daşnak­larının zorla ora yerləşdiril­məsi ilə bağlı sizin verdiyiniz bilgilərə ehtiyacımız var, ona görə də Xalq TV ilə əməkdaş­lıq etmək istəyirik.

– İrəvanlılarla birgə bu səfərdə Bakıya qonaq gələn daha bir həmvətənimizlə də söhbət etdik. Manisa Azər­baycan Kültür Evinin təşki­lat başkanı Yalçın Taşdemir əslən Borçalı mahalının Faxralı kəndindəndir. O, Qarsda doğulub. 1934-cü ildə dədə-babaları Ağrıya, sonra isə Qarsa gedib ora­da yurd salıblar.

– Mənim babalarım Bor­çalı mahalının Faxralı kən­dində yaşayıblar. 1934-cü ildə yurd yerlərini tərk etməyə məcbur olub, Ağrıya üz tutub­lar. Babalarımın evini sovet hökuməti dövlətin ixtiyarına keçirib. Həmin mülkü Faxralı kənd orta məktəbi üçün inzi­bati binaya çeviriblər. Atam hər zaman qaçqın düşmələ­rindən danışar, yurd yerlərinin həsrətini çəkərdi. Bizim nəsil Məsimoğlu İmaməlinin – ba­bamızın adı ilə tanınıb. 

Azərbaycanı, Borçalını görmək hər birimizin istəyi olub, çünki bizim dədələrimiz bu torpaqlarda doğulublar. İn­san Vətənini unuda bilərmi? Əsla! Biz də bu məhəbbətlə böyüdük. Canımızla, qanı­mızla Azərbaycana bağlan­dıq. Bir neçə gündür ki, Ba­kıdayıq, ruhumuzun Vətəninə qovuşmuşuq. Türkiyə – Azər­baycan qardaşlığının daim zirvədə qalması üçün hamı­mız əl-ələ verib çalışmalıyıq. 

Azərbaycanla Türkiyə bir bədəndə iki candır. Ona görə də birliyimizi, diriliyimizi qorumalıyıq. Xalq TV bizə bu gün qapılarını açdı, ürəyimiz­dəkiləri söylədik, xalqımıza dediklərimizlə rahatlıq tapdıq. 

– Yurda, soy-kökə belə bağlılığınız bizi də qürur­landırdı, məmnun etdi. “Xalq qəzeti”ndə, Xalq TV-də ortaq səylərlə bir yerdə olacağıq.

Söhbəti apardı:
Kəmalə ABDİNOVA



Müsahibə