Azərbaycanda Bilik Günü şənlikləri

post-img

Bakı

Paytaxtdakı 247 nömrəli tam orta məktəbdə ilk dərs gününə həsr olun­muş bayram şənliyi keçirilib. 

Məktəbin direktoru Sitarə Abbasova şagirdlərə yeni tədris ilində uğurlar arzu­layıb. O, yeni dərs ilində təhsil müəssisə­sinin qarşıya qoyduğu məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imta­hanlarındakı nailiyyətlərindən bəhs edib.

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva yeni tədris ili münasi­bətilə müəllim, valideyn və şagird­ləri təbrik edib, şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayə­sində nailiyyətlərini daha da artır­mağı arzulayıb. O, təhsilin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdıraraq Pre­zident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində aparılan sistemli islahatlardan bəhs edib. 

Çıxış edənlər ölkəmizdə təh­silin inkişafı istiqamətində gö­rülən işlər və bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb, Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından söz açıblar.

Mərasim şagirdlərin hazırla­dıqları ədəbi-bədii kompozisiya­larla davam etdirilib.

***

Bilik Günü münasibəti ilə Qara­dağ rayonu ərazisində yerləşən təhsil müəssisələrində də tədbirlər keçirilib.

Qızıldaş qəsəbəsi Azər Namazov adı­na 180 nömrəli tam orta məktəbdə keçi­rilən mərasimdə Qaradağ Rayon İcra Ha­kimiyyətinin başçısı Süleyman Mikayılov və Milli Məclisin deputatı Aydın Hüsey­nov, YAP Qaradağ təşkilatının sədri Qafar Əliyev iştirak ediblər. Məktəbin həyətində hər iki Qarabağ müharibəsi şəhidlərinin şərəfinə ucaldılmış xatirə kompleksi zi­yarət edilib, tər çiçəklər düzülüb.

Bu il rayon məktəblərini 1731 nəfə­rin bitirdiyi, 1138 abituriyentdən 710-nun tələbə adını qazandığı, onlardan 22-nin isə 600-dən çox bal topladığı diqqətə çat­dırılıb.

Ağdam

Ağdam rayonunun Mahrızlı kəndin­də Rahib Məmmədov adına məktədin 320 şagird yerlik yeni binası istifadəyə verilib. 

Mərasimdə çıxış edənlər ölkəmizdə təhsilə verilən önəmdən, Prezident İlhamƏliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü ardıcıl tədbirlərdən, təhsil ocaq­larının maddi-texniki bazasının güclən­dirilməsi istiqamətində görülən işlərdən danışıblar.

Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə yaxından tanış olub­lar. İkimərtəbəli məktəb binasında sinif otaqları, kimya, biologiya və fizika labo­ratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxa­na, inzibati otaqlar yaradılıb.

Müəllimlər və valideynlər təhsilə göstərilən dövlət qayğısına görə Prezi­dent İlham Əliyevə və Birinci vitse-prezi­dent Mehriban xanım Əliyevaya minnət­darlıqlarını bildiriblər.

Saatlı

Rayon Qaracalar kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəb binasının Bilik Günündə istifa­dəyə verilməsi sakinlərin böyük sevin­cinə səbəb olub. 

Müasir tələblər səviyyəsində tikil­miş 360 şagird yerlik yeni məktəb binası müəllim və şagirdləri qoynuna alıb. Yeni təhsil ocağının açılış tədbirində Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazir­liyinin rəsmiləri, Saatlı Rayon İcra Haki­miyyətinin rəhbərliyi, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edənlər şagird və müəllimləri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Qeyd edilib ki, Heydər Əliyev Fondunun 2023–2024-cü tədris ili üçün təhsil sahə­sində reallaşdırdığı növbəti layihəsinin ünvanı Saatlı rayonunun Qaracalar kən­didir. 

Üçmərtəbəli və 2 korpuslu bu təhsil ocağı da digərləri kimi, zəruri mebel və avadanlıqlarla təmin edilib, fənn kabinet­ləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.

Füzuli

Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə jurnalist­lərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib:

Bu tədris ilində 133 mindən çox şagir­dimiz birinci sinfə qədəm qoyub, ümumi­likdə isə 1,5 milyon şagird məktəblərdə təhsilini davam etdirəcək. İşğaldan azad edilmiş Füzulidə ilk tədris ilinə başlanıl­ması çox sevindirici haldır. Qürurlu bir günə şahidlik edirik. Hazırda məktəbdə 160 şagird təhsil alır, amma bu tədris ilində onların sayı 400-ə çatacaq. Laçın şəhərində 140-a yaxın şagird tədrisə başlayıb, onların da sayı artacaq. Zabux qəsəbəsində isə tədris ilinin sonuna qə­dər 100-dən artıq şagird məktəbə gedə­cək. Ağalı kəndində ötən il cəmi 70 şagird var idisə, bu il məktəb 120 şagirdlə təhsilə davam edir. Talış kəndində də məktəbdə tədris aparılır.

Ümumiyyətlə işğaldan azad olunan ərazilərdə hazırda məktəblərin tikinti­si, təhsil infrastrukturunun yaradılması istiqamətində işlər davam edir. 8 peşə təhsil müəssisəsi də tikiləcək və bunların hər biri böyük həcmli komplekslər olacaq. Onlardan birincisinin təməli Prezident İlham Əliyev tərəfindən Füzuli rayonu ərazisində qoyulub və layihələndirmə işi artıq yekunlaşıb, noyabr ayında işlərə başlanması planlaşdırılır. 

Növbəti mərhələdə isə Şuşa şəhə­rində belə bir layihənin gerçəkləşməsi nəzərdə tutulub. Ümumiyyətlə, işğaldan azad olunan bütün rayonlarda peşə təh­sili infrastrukturu yaradılacaq.















Təhsil