Yeni dərs ili qaçqınlıq taleyi yaşamış Mehriban ana ilə qızı Şəbnəm üçün xüsusilə sevindiricidir. Laçına dönmək arzusu, nəhayət, gerçəyə çevrildi. Özü də Şəbnəm vaxtilə nəsillikcə oxuduqları Laçın şəhər 2 nömrəli tam orta məktəbində tədris işləri üzrə direktor müavini kimi fəaliyyətə başlayıb. Övladları Dəniz və Günəş də təzə məktəbdə dərsə gediblər.
Mehriban nənə yenicə qovuşub məskunlaşdıqları doğma evin eyvanından məktəbə baxıb kövrəlir. Bunun səbəbi var. Axı, uzun illər onun anası Şəfiqə Baxışova və həyat yoldaşı Tofiq Əhmədov məhz bu məktəbin müəlimləri olublar. Özü də, uşaqları da burada oxuyublar. Bu gün rəhmətlik Şəfiqə və Tofiq müəllimin ruhları şaddır. Söhbət zamanı öyrənirik ki, fədakar müəllim, cəfakeş el anası olmuş Şəfiqə Baxışovanın gözəl natiqliyi, yazı üslübu olub. “Şərəf nişanı” ordeninə, “Qabaqcıl maarif xadimi” nişanına layiq görülüb. İndi nəvəsi Şəbnəm onun yolunu davam etdirir.
İingilis dili müəllimi olan Şəbnəm Cəbrayıl bura köçənə qədər Ağcabədinin Taxtakörpü qəsəbəsindəki tam orta məktəbdə çalışıb. "Şagirdlərimin oxumaq həvəsi, gələcəyə olan inamı, vətənə, millətə olan bağlılığı məni hər zaman qürurlandırır” – deyən Şəbnəm müəllim indi doğma yurddakı 2 nömrəli şəhər tam orta məktəbində direktor müavinidir. Onun ürək sözləri:
– Böyük Qayıdış proqramına uyğun olaraq, həsrəti ilə böyüdüyüm doğma Laçına qayıtmaq əsl səadətdir. Mənim üçün Laçında yaşamaq, Laçında xidmət etməkdən üstün tuta biləcəyim heç bir vəzifə ola bilməz! Elə buna görə də könüllü olaraq Taxtakörpü qəsəbə tam orta məktəbində direktorluqdan imtina edərək Laçında, bilavasitə möhtərəm Prezidentimiz İlham Əliyevin açılışını etdiyi bu məktəbdə çalışmağı üstün tutdum.
Şəbnəmin həyat yoldaşı Orxan Cəbrayıl bildirdi:
– Bilik Günü münasibətilə Şəbnəmi, Dənizlə Günəşi, bu məktəbdə ilk zəngin sədasına yığışan hər kəsi təbrik edirəm!
Onu da qeyd edək ki, Bilik Günü ərəfəsində Bank Respublikanın əməkdaşları Laçın şəhərinə səfər edərək balacalara məktəb ləvazimatlarından ibarət çantalar hədiyyə ediblər.