"Formula 1" azarkeşi: Azərbaycanla yaxından tanış olmaq istəyirik

post-img

Dünyanın 1 nömrəli avtomobil yarışları olan "Formula 1"-in Bakı yarışının başlamasına sayılı saatlar qalır. Azərbaycan Qran-Prisinə bilet almış istər xarici, istər yerli azarkeşlər “kral yarışlarının” başlamasını səbirsizliklə gözləyirlər. Artıq dünyanın dörd tərəfindən turistlər paytaxt Bakıya gəlməyə başlayıblar. Turistlərin yarışdan xeyli əvvəl ölkəmizə gəlmələri onların, həm də “Odlar yurdu”na marağından irəli gəlir. 

Müsahibimiz Olqa Silova Rusiyadan oğlu, həyat yoldaşı ilə gəlib. Moskvalı qonaq belə böyük tədbirlərin, yarışların insanların sərhədləri aşıb bir-birlərinə daha da yaxın olmaları üçün geniş imkan yaratdığını deyir: “Artıq bir neçə gündür ki, Bakıdayıq. Azərbaycan paytaxtı ilə bağlı o qədər gözəl təəssüratlarımız var ki... Əslində, ölkənizə gəlməmiş bu hisslər artıq qəlbimizə hakim kəsilmişdi. İçərişəhər Tarixi Memarlıq Qoruğu, şəhərə müasirlik verən möhtəşəm göydələnlər, Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının təkrarolunmaz, gözəl siması möhtəşəmdir. Şəhərinizin bir tərəfində çox qədim abidələr görürsən, ona yaxın digər ərazi artıq müasir tikililərlə insanı heyran edir. Eyni zamanda, insanlar gülərüz və qonaqpərvərdirlər. "Formula 1" yarışlarında yalnız oğlum tamaşaçı qismində iştirak edəcək. Biz isə Azərbaycanla daha yaxından tanış olmaq üçün hər bir vasitədən istifadə edəcəyik. Mayın 2-də evimizə qayıdacağıq”.

Olqa Silovanın oğlu Vladislav 10-cu sinif şagirdidir. Deyir ki, "Formula 1" yarışlarına böyük marağı var. Elə valideynləri də məhz onun istəyinə görə Bakıya səfəri yarışla eyni vaxta salıblar. Şarl Leklerə azarkeşlik edir. Düşünür ki, “Ferrari” ən azı ilk üçlükdə yer alacaq. 

"Formula 1" yarışlarını izləmək üçün Permdən gəlmiş Denis Sosnin və həyat yoldaşı da Bakıda olmaqdan məmnundurlar. Denis Formula 1 yarışlarını Soçidə canlı izlədiklərini deyir: “Soçidəki yarışı maraqla izlədik. Bakıdakı Formula 1 yarışını daha böyük həyəcanla gözləyirik. Bakı trası dünyanın ən sürətli şəhər trekidir. Onun özünəməxsusluğu və unikallığı mübarizəyə xüsusi rəng qatır. "Formula 1" yarışlarını izləməklə yanaşı, Azərbaycanla yaxından tanış olmaq fürsəti əldə etdiyimiz üçün məmnunuq. “Dənizkənarı Milli Park”, “Fəvvarələr meydanı”, həmçinin bir çox parklarda olmuşuq. “Qız qalası” “Şirvanşahlar sarayı”, “Yeni bulvar” və digər görməli yerlərlə də mütləq tanış olacağıq. Həmçinin Azərbaycanın regionlarına da ekskursiyamız olacaq”. 

Şəhərimizin qonaqları arasında "Formula 1"-i izləməyə gəlmiş qardaş Türkiyə vətəndaşı Berkay Şahan avtomobil yarışlarına böyük həvəs göstərdiyini bildirdi. Hataylı qonaq qeyd etdi ki, Bakı trasında Formula 1 yarışı özünəməxsusluğu ilə seçilir: “Tamaşaçılar sürprizlərlə dolu Bakı yarışını səbirsizliklə gözləyirlər. Düşünürəm ki, Azərbaycanda keçirilən növbəti "Formula 1" yarışı da bizə unudulmaz anlar bəxş edəcək”. 

Əminik ki, "Formula 1" Azərbaycan Qran-Prisi də ölkəmizdə keçirilən digər nüfuzlu yarışlar kimi ən yüksək səviyyədə keçirilərək həm tamaşaçıların, həm pilotların xatirəsində dərin iz qoyacaq. 

Leyla QURBANOVA,

Elçin ABBASOV,

“Xalq qəzeti”







İdman