Daşkənddə “Heydər Əliyevin qələbəsi” adlı kitabın təqdimat mərasimi keçirilib

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə ölkənin tanınmış yazıçısı və publisisti İsmat Kuçiyevin rus dilində çap olunan “Heydər Əliyevin qələbəsi” adlı kitabının Daşkənddə təqdimat mərasimi keçirilib. 

Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) qarşısındakı abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar.   

Özbəkistan Yazıçılar İttifaqında davam edən tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, jurnalistlər, tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları Özbəkistan Yazıçılar İttifaqı binasının foyesində Heydər Əliyevə həsr olunan kitablardan və AMM-nin nəşrlərindən ibarət sərgi ilə tanış olublar. Sonra Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş qısametrajlı videorolik nümayiş edilib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun moderatorluğu ilə davam edən tədbirdə çıxış edən Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səyyid Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanmasındakı rolunu, təzyiqlərə baxmayaraq milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsində, müstəqil Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini tutması istiqamətində müstəsna  xidmətlərini diqqətə çatdırıb. O, Heydər Əliyevin ədəbiyyata, sənətə böyük qiymət verdiyini qeyd edərək daim ədəbiyyat adamlarına qayğı göstərdiyini vurğulayıb. 

Hüseyn Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıb və onun xalqımızın, dövlətçiliyimizin çətin məqamlarında xalqın tələbi ilə hakimiyyətə gələrək müstəqilliyimizi xilas etdiyini bildirib. Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən söhbət açan səfir məhz Ulu Öndərin tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycanın dünya miqyasında qüdrətli dövlətə çevrildiyini qeyd edib. Səfir Azərbaycan xalqının öz böyük oğlunun xatirəsini daim əziz tutduğunu və Ulu Öndərin siyasətinin bu gün də uğurla davam etdiyini vurğulayıb. 

Səfir deyib ki, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətdə Azərbaycanın inkişafı istiqamətində göstərdiyi i xidmətlər heç zaman unudulmayacaq.

Alim və tərcüməçi Babaxan Məhəmməd Şərif Heydər Əliyevin hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda ölkə iqtisadiyyatına, milli və mənəvi dəyərlərə, adət-ənənələrə verdiyi önəmdən söz açıb, müasir Azərbaycanın indiki vəziyyətə gəlib çatmasında Heydər Əliyevin böyük rolu olduğunu deyib, onun hakimiyyətdə olduğu müddətdə xalqı üçün gördüyü işlərdən danışıb.

 “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvü İsrail Şamsimuxammedov, jurnalist Boris Babayev, Özbəkistan Yazıçılar İttifaqının üzvü Sabir Kurbanov və başqaları Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi xarakterizə ediblər. 

Kitabın müəllifi İsmat Kuçiyev Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu vurğulayaraq onun gördüyü əvəzolunmaz işlərdən danışıb. O, 1990-cı illərdə Azərbaycanın keçdiyi çətin zamanlardan söhbət açaraq məhz Heydər Əliyevin sayəsində ölkədə sabitlik və inkişafın əldə olunduğunu bildirib. 

O, Özbəkistanın Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini  vurğulayıb, kitab üzərindəki işindən söz açıb.

Qulu Kəngərli 

Daşkənd













Son xəbərlər