Üç güləşçimiz finalda

post-img

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir. Beşinci yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə mübarizəyə start verilib.

Təmsilçimiz Eldəniz Əzizli (55 kq) yarışa dörddəbir finaldan qoşulub və bolqarıstanlı Stefan Qriqorova elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 9:0. Əzizli yarımfinalda rumıniyalı Denis Mihayı da vaxtından əvvəl məğlub edərək 3-cü dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb. Millimizin kapitanı finalda türkiyəli Adem Burak Uzunla qarşılaşacaq.

Həmyerlimiz Taleh Məmmədov (63 kq) da mübarizəyə dörddəbir  finaldan start verib və italiyalı Yakopo Sandronu 4:1 hesabıyla məyus edib. Məmmədov yarımfinalda ermənistanlı Qraçya Poqosyana növbəti dəfə qalib (5:1) gələrək ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Taleh həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə üz-üzə gələcək.
Sənan Süleymanov (77 kq) isə səkkizdəbir finalda macarıstanlı Joltan Levaya müqavimət göstərə bilməyib - 0:8.

İslam Abbasov (87 kq) təsnifat mərhələsində fransalı Turpal Maqamadov tam üstünlüklə qalib gəlib - 9:0. Avropa çempionatının gümüş medalçısı səkkizdəbir finalda ispaniyalı Daniel Erreronu da eyni hesabla üstələyib. Ancaq dörddəbir finalda türkiyəli Ali Cengizə sonuncu xal (1:1) prinsipinə əsasən uduzub. Rəqib finala yüksəldiyi üçün Abbasov bürünc medal uğrunda gürcüstanlı Laşa Qobadzeylə mübarizə aparacaq.

Sabah Şəriəti (130 kq) səkkizdəbir finalda macarıstanlı Dariuş Viteklə gərgin keçən mübarizədə sevinən tərəf olub - 5:4. Təmsilçimiz dörddəbir finalda rumıniyalı Avropa çempionu və dünya üçüncüsü Alin Kiurariu üzərində inamlı qələbə qazanıb - 9:3. Şəriəti yarımfinalda gürcüstanlı Yakobi Kajayaya sonuncu xal prinsipinə (1:1) əsasən qalib gələrək ilk dəfə Avropa çempionatına finalına adlayıb. Həlledici görüşdə milli üzvü 3 qat olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Rıza Kayaalpla (Türkiyə) güləşəcək.

Medal qarşılaşmaları sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman