1 saylı uşaq evində Ramazan bayramı ilə bağlı tədbir

post-img

Müqəddəs Ramazan bayramı münasibətilə Nizami rayonunda yerləşən 1 saylı uşaq evində bayram tədbiri keçirilib.  Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvləri, QHT və media təmsilçiləri tədbirdə iştirak edib.

Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib ki, belə bir müqəddəs və əziz gündə uşaq evlərini ziyarət etmək, uşaqların bayramlarını təbrik etmək mənəvi borcumuzdur. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin təbirincə desək, uşaqlar bizim gələcəyimizdir və biz bu gələcəyin sağlam qurulması üçün səfərbər olmalıyıq. Bu gün valideyn himayəsindən məhrum olan uşaqlar dövlətimizin diqqət mərkəzindədir. Bu gün  Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın mütəmadi olaraq uşaqlar və ahıllar evinə ziyarətlər təşkil etmələri hər bir dövlət məmuru üçün nümunəvi xarakter daşıyır. 

A.Əliyevin sözlərinə görə, bugünkü ziyarətdə bir daha əmin olduq ki, sosial həssas təbəqədən olan uşaq və yeniyetmələrin bütün ehtiyacları dövlət tərəfindən ən yüksək şəkildə qarşılanır, onların yalnız bizim mənəvi dəstəyimizə ehtiyacları var.

Sonra 1 saylı “Uşaq Evi”nin direktoru Nərminə Zöhrabova belə bir müqəddəs gündə uşaqları ziyarət edən qonaqlara təşəkkürünü bildirdi və buradakı uşaqların hər zaman dövlətin dəstəyini hiss etdiklərini vurğuladı.

Daha sonra Əməkdar artist Səlim Abbasov, tanınmış müğənni Vüqar Muradov oxuduqları  rəngarəng mahnılarla uşaqları sevindirdilər.

Sonda “Uşaq evi”nin sakinləri olan balaca fidanlara hədiyyələr təqdim olundu.

Anar Əli,
“Xalq qəzeti”









Sosial həyat