Ölkəmizin səhiyyə və elmi-mədəni ictimaiyyəti Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Azərbaycan Morfoloqlar Assosiasiyasının sədri, Beynəlxalq Morfoloqlar Assosiasiyası Koordinasiya Şurasının, Avropa Təbiət Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi və Əməkdar həkim, tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin anadan olmasının 85 illiyini sevgi-sayğı ilə qeyd edir.
Görkəmli alimin ömür yolu mübarizə və zəhmətlə mənalanıb. Bunu onun zəngin və şərəfli bioqrafiyası aydın göstərir. 1940-cı il yanvarın 24-də Vedi rayonunun Böyük Vedi kəndində ziyalı ailəsində dünyaya göz açan Vaqif Şadlinskinin ailəsi 1948 –1950-ci illər erməni deportasiyasına məruz qalaraq məcburi köçkün həyatı yaşayıb. Atası Bilas müəllim əvvəl doğma yurdundan perik salınandan sonra isə Şəmkirin Leninkənd qəsəbəsindəki (indiki Çinarlı) orta məktəblərdə direktor vəzifəsində çalışıb.
Xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin yaxın qohumu olan Bilas Şadlinski dövrünün bacarıqlı pedaqoqlarından, dəyərli ziyalılarından biri kimi tanınıb. Anası Gülüzar xanım isə 8 uşaq böyüdüb, tərbiyələndirib.
Mənsub olduğu şəcərənin – şadlıların Qərbi Azərbaycan qolundan bəhs edən Vaqif Şadlinski bildirir ki, XVII – XIX əsrdə bu tayfanın bir qolu Gəncəbasarın Şadlı kəndindən İrəvan xanlığına köçüb və Vedi bölgəsində məskunlaşıb. Şadlı nəslinin igidləri daşnak soyqırımları zamanı Xoy və Mərəndə köçmüş, sonradan Azərbaycanın müxtəlif bölgələrinə qayıtmışlar.
Şadlinski soyadının yaranma tarixi isə 1808 və 1827-ci illərə aiddir. Nəslin bir qolu Binnətalı sultandan başlayır. Onun böyük oğlu Aslan sultan Şadlı Vaqif müəllimin ulu babasıdır. 1808-ci ildə Aslan sultan Vedi Çuxurunun rəisi olub.
Vaqif Şadlinskinin atası Bilas müəllim kitaba, elmə sonsuz sevgi ilə bağlı olub. Tarixi araşdırmalara da böyük maraq göstərib. Yaratdığı zəngin kitabxanada da ermənilərin qonşu ölkələrdən Azərbaycana nə vaxt, nə səbəbə köçürülmələrindən, terrorçu Daşnaksütyun partiyasının xalqımıza qarşı düşmənçilik fəaliyyətindən, törətdikləri qırğınlardan, əsassız torpaq iddialarından bəhs edən qəzet-jurnal məqalələri, broşüralar, kitablar və digər sənədlər xüsusi yer tutub. Yeniyetmə Vaqifin kitaba, elmə, tarixə dərindən bağlılığı həm də bu zəngin mənbədən qaynaqlanıb.
Əməkdar elm xadimi Vaqif Şadlinski 1970-ci ildə o vaxtkı Tibb İnstitutunun insan anatomiyası kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. İlk günlərdən nizam-intizamı, yeniliyə can atması ilə diqqət çəkib. Səmimiyyəti, tədris, təlim-tərbiyə işlərinə ürəkdən bağlanması ilə əməkdaşların, eləcə də kafedra müdiri, professor Kamil Balakişiyevin hörmət və rəğbətini qazanıb.
Vaqif müəllim həmin kafedranın müdiri vəzifəsinə seçildiyi 1995-ci ildən etibarən tədrisin dünyanın inkişaf etmiş ali məktəblərinin kəmiyyət və keyfiyyət göstəriciləri səviyyəsində qurulması üçün universitetdə aparılan islahatlarda, həyata keçirilən tədbirlərdə yaxından iştirak edib. Təhsil, təlim-tərbiyə sahəsində əldə etdiyi uğurlara görə dəfələrlə ATU rektorluğunun və Səhiyyə Nazirliyinin fəxri fərmanlarına layiq görülüb.
Tanınmış alim-pedaqoq Azərbaycan Tibb Universitetində çalışdığı dövrdə elmi fəaliyyəti ilə yanaşı, ictimai işlərdə də fəallığı ilə seçilib. O, müalicə-profilaktika fakültəsinin dekan müavini, universitetin ümumi işlər üzrə prorektoru, həmkarlar ittifaqı komitəsinin sədri, tədris işləri üzrə prorektor vəzifələrində çalışarkən prinsipallığı, humanistliyi ilə hörmət qazanıb. İllər ötdükcə Vaqif müəllimin elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətinin miqyası da genişlənib. Professor ölkəmizdə morfologiya elminin insan anatomiyası sahəsində elmi axtarışlarını və bu fənnin tədrisini onun spesifikasına uyğun daim təkmilləşdirərək yüksək nəticələr qazanıb, bu sahəni beynəlxalq aləmdə layiqincə təmsil edib.
Vaqif Şadlinski kafedra müdiri kimi dünyanın bir sıra ali tibb məktəblərinin insan anatomiyası kafedralarının müdirləri, morfoloji elmlərlə məşğul olan görkəmli tibb alimləri ilə rəsmi müqavilələr imzalamağa, yeni layihə və proqramlar hazırlanmağa, kafedranın beynəlxalq əlaqələrini genişləndirməyə nail olub. Onun İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, akademik M.R.Sapinlə, Moskva Dövlət Tibbi-Stomatologiya İnstitutunun insan anatomiyası kafedrasının müdiri, akademik L.L.Kolesnikovla, akademik D.V.Bajenovla, Tbilisi Morfologiya İnstitutunun direktoru, akademik N.A.Cavaxişvili ilə, Xarkov Dövlət Tibb İnstitutunun insan anatomiyası kafedrasının müdiri, professor V.V.Bobinlə, eləcə də Almaniyadan dünya şöhrətli anatom-alim, professor A.Şumaxerlə, Gürcüstandan olan akademik T.Gibradze, Kazan, Ufa, Mahaçqala alimləri, Türkiyənin bir sıra universitetlərinin tibb fakültələrinin anatomiya kafedralarının mütəxəssisləri ilə yaratdığı dostluq və əməkdaşlıq əlaqələri ölkəmizdə morfologiya elminin müasir tələblər səviyyəsində dinamik inkişafına güclü təkan verib.
Vaqif müəllimin pedaqoji fəaliyyətindən söhbət açarkən bir məqama da xüsusi diqqət yetirmək istərdik. Bu, böyük alimin rəhbərlik etdiyi kafedranın hazırda işinin müasir tələblər səviyyəsində yenidən qurulması ilə bağlıdır. Xatırladaq ki, professorun səyi ilə kafedranın nadir tədris muzeyinin sahəsi son illərdə xeyli genişləndirilib və yeni eksponatlarla zənginləşdirilib. Tələbələrin təhsili və əməkdaşların fəaliyyəti üçün burada hər cür şərait yaradılıb, bütün dərs otaqları müasir avadanlıqla təchiz olunub.
Təhsildə ən yeni tədris metodlarından-- kompüter otaqlarından, animasiyalardan, son innovativ texnologiyalardan, müxtəlif proqramlardan düşünülmüş şəkildə geniş istifadə edilir. Anatomiyanın bütün sahələri üzrə Azərbaycan, rus və ingilis dillərində çoxsaylı dərslik, atlas, anatomik terminologiya kitabları, dərs vəsaitləri, tədris-metodik ədəbiyyat yazılıb və nəşr olunub. Kafedrada morfoloqların beynəlxalq elmi konfranslarının keçirilməsinin təşkili və belə tədbirlərin materiallarının toplu şəklində çap olunmasının təmin edilməsi diqqət mərkəzində saxlanılıb.
Alimin kafedraya rəhbərlik etdiyi dövrdə onun elmi məsləhətçiliyi və rəhbərliyi altında neçə-neçə elmlər doktoru, tibb üzrə fəlsəfə doktoru hazırlanıb, 500-ə yaxın elmi işi, o cümlədən çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaiti, onlarca elmi-kütləvi məqaləsi işıq üzü görüb. Akademik Yusif Məmmədəliyev mükafatı, Hacı Zeynalabdin Tağıyev mükafatı, BMT-nin Təltiflər Komitəsinin I dərəcəli Hippokrat ordeni, Albert Şvaytzer mükafatı, Robert Kox medalı, UNESCO-nun Beynəlxalq Akademiyasının qızıl medalı və s. bir sıra beynəlxalq mükafat və təltiflərə layiq görülüb. Vaqif Şadlinski Azərbaycanda və bir sıra xarici ölkələrdə çıxan tibbi jurnalların redaksiya heyətlərinin üzvü kimi də yorulmaq bilmədən fəaliyyət göstərir.
İdarəçilik qabiliyyəti, tədqiqatçılıq əzmi və insani keyfiyyətləri ilə fərqlənən professor Vaqif Şadlinski bu gün də səmərəli elmi-pedoqoji fəaliyyətini gənclik enerjisi ilə davam etdirir. Bu nurlu insanı, tibb alimini 85 illik yubileyi münasibətilə səmimi təbrik edir, ona daha uzun ömür və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.
Mübariz SƏFƏROV