Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın “Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” adlı qrafika sərgisi açılıb.
Tanınmış ictimai-mədəni xadimlər, millət vəkilləri, ziyalılar və çoxsaylı qonaqların iştirak etdikləri mərasimdə çıxış edən muzeyin direktoru Şirin Məlikova, Xalq rəssamı Səlhab Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, deputatlar Hicran Hüseynova və Elnarə Akimova Ülviyyə xanımın müasir Azərbaycan təsviri sənətində seçilən simalardan olduğunu vurğulayıblar. Sonra Ülviyyə Həmzəyeva sərginin yüksək səviyyədə təşkili üçün rəhbərliyə dərin təşəkkürünü bildirərək, qonaqları sərgi ilə tanış olmağa dəvət edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə açılan sərgidə rəssamın 50-dən çox qrafika əsəri nümayiş olunur. Ekspozisiyada sərgilənən əsərlərinin fəlsəfi mahiyyəti rəssamın dünyaya göz açdığı, boya-başa çatdığı qədim və misilsiz tarixə malik Naxçıvan diyarının ruhu ilə səsləşir. “44 günlük Vətən müharibəsindəki Şanlı Qələbə”, “Qərbi Azərbaycanın tarixi-mədəni irsi”, “COVID 19 pandemiyası”, “Yuxu və gerçək bir arada” kimi əsərlər rəssamın gərgin yaradıcılıq axtarışlarının nəticəsində ərsəyə gəlib.
Sərgi 28 fevral tarxinədək ziyarətçilər üçün açıq olacaq.
Fidan SALMANOVA
XQ