Təşkilatçılar 2024-cü il Paris Olimpiya Oyunlarının əlamətdar hadisə olacağını vəd etmişdilər, lakin aylar sonra olimpiada qalmaqalla gündəmə gəlir. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mükafatçılara verdiyi medallar keyfiyyətsiz olduğuna görə sərt tənqidlərə məruz qalır.
Pas ləkələri, səthin aşınması və metalın ilkin parıltısı ilə ziddiyyət təşkil edən tutqun parıltı tədricən ortaya çıxır. Olimpiya medalları sadəcə metal parçaları deyil, onlar ən yüksək idman nailiyyətlərinin simvollarıdırlar. Bu medallar ən yaxşı materiallardan və yüksək ustalıqla hazırlanmalı olduğu halda, görünür, BOK məsələyə ciddi yanaşmayıb. Fransada isə bu mövzu, az qala, milli qürur məsələsinə çevrilib. Paris olimpiadasının medallarının getdikcə yararsız hala düşməsi, bunun ölkələrinin nüfuzuna mənfi təsir etdiyini düşünən fransızları da şoka salıb.
Böhran BOK-u keyfiyyətini itirən medalların dəyişdiriləcəyi ilə bağlı bəyanat yaymağa məcbur edib. Məlumata görə, 100-dən çox idmançı medallarını geri qaytarmaq üçün BOK ilə əlaqə saxlayıb. Paris-2024 Təşkilat Komitəsinin medallarla bağlı şikayətləri qiymətləndirmək və onların xarab olmasının səbəblərini müəyyənləşdirmək üçün istehsalçı müəssisə - “Monnaie de Paris” (“Paris Sikkəxanası”) ilə sıx təmasda olduğu bildirilir. "Keyfiyyətsiz medallar sistematik olaraq dəyişdiriləcək və eyni görünüşdə yenidən hazırlanacaq. Əvəzetmə prosesi yaxın həftələrdə başlanacaq", - BOK-un açıqlamasında belə deyilir.
Hələ Olimpiya oyunları zamanı suya tullanmada mükafatçılar arasında yer alan Yasmin Harper idmançıların hətta Parisi tərk etmələrindən əvvəl medalların yararsız hala düşməyə başladığını bildirmişdi. Ötən olimpiadada fəxri kürsüyə qalxan ilk britaniyalı olan Harper bürünc medalının "bir az qaraldığını" və "solduğunu" söyləmişdi.
İki nəfərlik qayıqda bürünc medal qazanan irlandiyalı avarçəkənlər Deyr Linç və Filip Doyl isə ciddi korlanmanın araşdırılması üçün medallarını təşkilatçılara qaytarıblar. Linç deyir: “Mən medalımı özümdə saxlamaq istəyirdim, amma araşdırmaq üçün onu götürdülər. Onlar nəyin yanlış edildiyini bilmək istəyirlər”.
Doyl isə əlavə edib: "Mənim medalım, demək olar ki, dağılıb".
“Həm BOK, həm də Fransa keyfiyyətsiz medallara görə məsuliyyət daşıyırlar. Bu, Hindistanda baş versə idi, bütün dünya bizdən danışardı. Belə məsələlərə etinasız yanaşmaq olmaz”, - anonimlik şərti ilə danışan hindistanlı olimpiya mükafatçısı bildirib.
Azərbaycanın Paris-2024 mükafatçılarının da eyni problemlə üzləşmələri barədə xəbərlər yayılmağa başlayıb. Əvvəlcə taekvondoçu Qaşım Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medallarının yararsız hala düşdüyü bildirilirdi. Sonra cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyev, gümüş mükafat qazanan boksçu Loren Alfonso Dominges və bürüncə sahib olan sərbəst güləşçi Giorgi Meşvildişvilinin medallarının da keyfiyyətini itirməsi barədə xəbərlər yayılıb.
Onlardan başqa, Paris-2024-də Hidayət Heydərovun cüdoda qızıl, Maqomedxan Maqomedovun isə sərbəst güləşdə bürünc medal qazandıqlarını da xatırladaq.
***
"Monnaie de Paris” BOK-un "qüsurlu" terminindən istifadəsini qəbul etməyərək, bunun əvəzinə medalları "zədələnmiş" kimi təsvir edib ki, bu da məsələ ətrafında ciddi gərginliyin olduğunu vurğulayır. Paris olimpiadası üçün ümumilikdə 5084 qızıl, gümüş və bürünc medal hazırlanıb. Məlumata görə, onların istehsalı ən azı 30 mərhələdən ibarət olub və Fransanın ən qədim və ən prestijli qurumlarından biri sayılan “Monnaie de Paris”in “nou-hau”suna əsaslanıb.
1864-cü ildə II Karl tərəfindən əsası qoyulan bu dövlət müəssisəsi vaxtilə bir çox Olimpiya oyunlarına da medallar hazırlayıb. Paris-2024-ün medalları ilə bağlı narazılıqlar artdıqca kəskinləşən böhran "Monnaie de Paris”də istehsala cavabdeh olan yüksək vəzifəli şəxslərin istefası ilə nəticələnib. İşdən çıxarılanlar arasında yanvar ayında istefa verən sənaye direktoru Jaki Frehel, oktyabr ayından bəri işdə görünməyən istehsal direktoru Erik Matte və dekabr ayında ayrılan keyfiyyət şöbəsinin rəhbəri Elen Jüton da var.
"Monnaie de Paris”dən bildiriblər ki, onlar avqust ayında ilk dəyişdirmə müraciətlərindən bəri yararsız medallar məsələsinə çox ciddi yanaşıb və daxili komandalarını səfərbər ediblər. O vaxtdan bəri şirkət laklama prosesini dəyişdirib və optimallaşdırıb. "Monnaie de Paris” idmançıların tələbi ilə bütün zədələnmiş medalları 2025-ci ilin birinci rübündə əvəz edəcəyini açıqlayıb.
Medalların tərkibinə gəlincə, BOK izah edib ki, bürünc medallar mis, qalay və sink ərintisindən hazırlanır və bu da onları nəmə və tərə qarşı həssas edir. Gümüş medallar, əksinə, bərk gümüşdən düzəldilir, qızıl medallarda isə gümüş üzərində üzlənmiş altı qram təmiz qızıl olur.
Özü də Paris-2024 olimpiadası üçün medallar təkrar emal edilmiş materiallardan, əsasən də bütün dünyanın hər yerindən insanlar tərəfindən bağışlanmış elektron avadanlıqlardan hazırlanıb. Bir vaxtlar ekoloji cəhətdən təmiz yanaşması ilə təriflənən bu təşəbbüs indi korlanma hadisəsi ilə bağlı araşdırılır.
Yeri gəlmişkən, hələ ötən yay Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlev açıq məktubunda “medalçılar müvafiq metallara uyğun mükafatlar almalıdır” deyərək və mövcud medalları “idmançıların zəhmətinə və fədakarlığına hörmətsizlik” kimi tənqid edərək BOK prezidenti Tomas Baxı dərhal istefaya getməyə çağırmışdı.
***
Böhrandakı son hadisələr medalların zamanla korlanması və xarab olmasına səbəb olan texniki problemi üzə çıxarıb. Problem medalların istehsalına az qalmış "Monnaie de Paris” rəhbərliyi tərəfindən son anda edilən dəyişiklikdən qaynaqlanıb.
Avropa direktivi əvvəllər medalların üzərinə çəkilən lakı hazırlamaq üçün istifadə edilən zəhərli komponent olan xrom trioksidin istifadəsini qadağan edib. İstehsalçılar onu yeni lakla əvəz etməli olublar ki, onu da sınaqdan keçirmək üçün kifayət qədər vaxtları olmayıb. Onlar indi medalları ideal vəziyyətdə saxlamaq və yeni tərkib üçün həll yolu tapmağa çalışır, həm də zaman keçdikcə daha çox medalın qaytarılacağını gözləyirlər.
Oyunlarla əlaqəli sponsor və brendlər də öz narahatlıqlarını ifadə ediblər, çünki onların nüfuzları da tədbirin keyfiyyəti ilə bağlıdır. Belə bir böhran gələcək sponsorluq sövdələşmələrinə və ictimaiyyətin olimpiya brendinə inamına təsir göstərə bilər. Görülən müsbət işlər də Paris-2024 medallarının keyfiyyətsizliyi səbəbindən kölgədə qalır.
Maraqlıdır ki, yüzdən çox idmançı doqquz il əvvəl Rio olimpiadasında qazandıqları medalların da sonradan keyfiyyətsizləşməyə başladığını bildirib. Amerikalı çimərlik voleybolu ulduzu Kerri Uolş Cenninqs qeyd edib ki, onun bürünc medalı - Parisdə olanlar kimi - paslanıb və dağılıb. Rio-2016-nın təmsilçisi Mario Andrada o vaxt təsdiqləmişdi ki, medalların altı-yeddi faizində problemlər olub. Paris-2024-də olduğu kimi, BOK və təşkilatçılar zədələnmiş medalları yeniləri ilə əvəz edəcəklərinə söz veriblər.
Paris-2024 medallarının yararsız hala düşmələri 1904-cü il Sent-Luis olimpiadasında – ABŞ ərazisində keçirilən ilk Oyunlarda verilən qızıl medalın qüsursuz uzunömürlülüyü ilə tamamilə ziddiyyət təşkil edir. O vaxtdan qalan bir medal bu yaxınlarda xatirə əşyası kimi hərracda satılıb.
Bunlar qızıl medalların verildiyi ilk Olimpiya oyunları idi və amerikalılar 96 yarışdan 78-də qalib gələrək üstünlük əldə etmişdilər. Əsasən qızılla örtülmüş gümüşdən ibarət bugünkü olimpiya medallarından fərqli olaraq, 1904-cü il medalları daha kiçik, lakin tamamilə qızıldan hazırlanmışdı və bu, onların orijinal vəziyyətini təmin edirdi. Bu, Paris-2024-də medal qazanan və medallarının oksidləşməsi ilə uğurlarının kölgədə qaldığını görən idmançılar üçün həsəd doğuracaq məqamdır. Paris-2024 təşkilatçıları keyfiyyətsiz medalları dəyişdirməyə söz verdikcə, qalmaqal müasirliyin keyfiyyət bahasına başa gəlməməsinin vacib olduğunu xatırladır – görünür, bu, BOK-un çox gec öyrəndiyi dərsdir.
Hazırladı:
Rasim Mövsümzadə