Bakıda “Dövlətin davamlı inkişafında mədəni təhsil və maarifləndirmənin rolu” adlı mədəniyyət seminarı keçirilib. Tədbir “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Mədəniyyətşünaslar Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Seminatda alimlər, müəllimlər, pedaqoji işçilər, rəssamlar, jurnalistlər, dövlət qulluqçuları, muzey və kitabxana işçiləri, ictimai xadimlər, QHT-lər, qadın və gənclər təşkilatları, biznes strukturları və yaradıcı birliklərin nümayəndələri iştirak ediblər.
Seminarda professor Fuad Məmmədov “Mədəniyyət elmi, mədəni təhsil və insan kapitalı (Heydər Əliyevin mədəni irsinin həyata keçirilməsi)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə mədəniyyətin Azərbaycan xalqının inkişafı və firavanlığının hərəkətverici qüvvəsi kimi dərk edilməsində Ümummilli Lider Heydər Əliyevin rolu vurğulanmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan yeni strategiyanın mahiyyətindən söhbət açılmışdır. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin yeni mədəniyyət strategiyasına əsaslanan davamlı milli inkişaf məsələlərinə toxunulub, tarixi nümunələrdən misallar gətirilib.
Natiq Azərbaycanda davamlı milli inkişafın strateji sosial institutları kimi elmin, təhsilin və maarifçiliyin prioritet inkişafının zəruriliyini, bütün ölkə ərazisində yüksək mədəniyyətli vətəndaşların formalaşdırılmasının aktuallığını, qanunvericilik aktlarının əhəmiyyətini əsaslandırıb.
Seminarda “Kulturologiya səmərəli həyata aparan yol kimi və sivilizasiya böhranının aradan qaldırılması” mövzusunda məruzə ilə çıxış edən “Bakinskiy raboçiy” qəzetinin baş redaktor müavini, Sülh səfiri, “Simurq”-un mədəniyyət səfiri, BMT İnkişaf Proqramının psixologiya, etika, estetika və konfliktologiya üzrə ekspert, kulturoloq-yaponşünas Əbülfəz Babazadə ümumbəşəri dəyərlərin yerli, regional və qlobal siyasi, sosial-iqtisadi, inteqrasiya və mədəni proseslər fonunda yenidən qiymətləndirilməsi məsələlərinə toxunub.
Kulturoloq vurğulayıb ki, konkret xalqın çoxəsrlik əqli və yaradıcı fəaliyyəti nəticəsində ümumbəşəri mədəni irsin dövlət idarəçiliyi sahəsində məqsədyönlü və səmərəli istifadəsi ümumbəşəri mədəniyyətin tərkib hissəsidir.
Müzakirələrdə Azərbaycanın xalq artisti, akademik Ömər Eldarov, İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyev, Milli Aviasiya Akademiyasının professoru Faiq Ələsgərov, BDU-nun dosenti, mədəniyyətşünas-alim Fidan Fərəcova, Humanitar Elmlər Gimnaziyasının direktoru İlqar Talıbov, mühəndis-geofizik Rauf Mükimov, Azər Ələkbərov, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin üzvü Xanım Mikayılzadə və digər tanınmış şəxslər iştirak ediblər.
Sonda bir sıra şəxslərə beynəlxalq “Simurq” medalı verilib, Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində çalışan nümayəndələr – müəllimlər, yazıçılar, mühəndislər, jurnalistlər, dövlət qulluqçuları “Simurq”un diplom və fəxri fərmanları ilə təltif edilib.
Anar ƏLİ
XQ