“Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar”

post-img

Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Azərbaycan Resublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin müasir biologiya elminin inkişafında göstərdiyi xidmətlərə, bu sahədə qazanılan nailiyyətlərə həsr olunmuş sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Akademik dövlət başçısının müvafiq sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda çoxcəhətli tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, “Heydər Əliyev İli” çərçivəsində AMEA-da təşkil olunan tədbirlərin ölkəmizdə vətənpərvərlik, azərbaycançılıq ideyalarının, Heydər Əliyevçilik strategiyasının, müstəqil dövlətçilik düşüncəsinin daha da dərinləşməsinə xidmət edən bir proqrama çevrildiyini deyib. Alimin sözlərinə görə, ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər, çap olunmuş nəşrlər humanitar və ictimai elmlərlə yanaşı, bütün elm sahələrində dövlətçilik maraqlarını və milli mənafeləri əsas götürərək gələcək nəsilləri bu əsasda tərbiyə etmək missiyasını həyata keçirməyə xidmət edir.   

AMEA rəhbəri qeyd edib ki, Akademiyanın Rəyasət Heyətinin “Heydər Əliyev İli” ilə bağlı qəbul etdiyi Tədbirlər Planında nəzərdə tutulan bütün işlər tamamlanmış, AMEA özünün Heydər Əliyevlə bağlı elmi, fundamental tədqiqatlardan ibarət olan “Heydər Əliyevnamə”sini yaratmışdır.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Azərbaycan biologiya və tibb elminin inkişafında, bu sahələrdə əldə edilmiş mühüm nailiyyətlərdə Ulu Öndərin böyük xidmətləri olduğunu vurğulayıb. 

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun qrup rəhbəri, professor Qərib Mürşüdov onlayn şəkildə çıxış edərək bu kimi konfransların gənc tədqiqatçıların elmə marağının artırılması, onların fəaliyyətinin stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. 

Beynəlxalq tədbirdə, həmçinin Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü Novruz Quliyev, ABŞ-ın Emory Universitetinin Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru prof. Camal Musayev, ABŞ-ın Eppley Tədqiqat İnstitutunun Fred və Pamela Buffett Xərçəng Mərkəzi, Nebraska Tibb Universitetinin professoru Tahir Tahirov, Böyük Britaniynın MRC Weatherall Molekulyar Tibb İnstitutu, Oksford Universitetinin professoru Walter Bodmer, Bakı Dövlət Universitetinin kafedra müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Türkiyənin İnönü Universitetinin rektoru professor Ahmet Kızılay, Almaniyanın Osnabrueck Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz, Rusiyanın Biologiyanın Fundamental Problemləri İnstitutunun professoru Tatyana Savçenko, Bakı Dövlət Universiteti Biologiya fakültəsinin dekanı profossor Afət Məmmədova, eləcə də Oksford Universitetinin doktorantı Gülnar Abdullayeva çıxış ediblər. Çıxış edənlər elm və təhsilin inteqrasiyası istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, görülən əhəmiyyətli işlər haqqında məlumat veriblər, xaricdə fəaliyyət göstərən alimlərimizin ölkə elminin inkişafına verdiyi dəstəkdən danışıblar. 

Anar ƏLİ

XQ

 



Elm