Fuad Nurullayev: Tolerantlıq Azərbaycan xalqının sərvətidir

post-img

Azərbaycanda qarşılıqlı sağlam dini münasibətlər sisteminin tarixi minillərə söykənir. Bu gün də ölkədə gözəl tolerantlıq mühiti mövcuddur. Bunun bariz nümunəsini Vətən müharibəsində də şahidi olduq. Demək olar ki, bütün dini konfessiyalardan Vətən müharibəsində iştirakçılar var idi. Bu, Azərbaycanın uğurudur. 

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Fuad Nurullayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda keçirilən konfransda bildirib.

O qeyd edib ki, Azərbaycanda multikulturalizm, tolerantlıq ənənələri çox yüksək inkişaf yolu keçib. Bizim ölkədə müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayırlar. İslam dinində digər dinlərə münasibət də tolerantlığa söykənir. Müqəddəs Qurani-Kərimdə bununla bağlı yetərincə ayələr də vardır. 

QMİ sədrinin müavini bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində bu qarşılıqlı xoş münasibətlər daha da möhkəmlənib, dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu gün Azərbaycanda dövlət və din münasibətləri sağlam təməllərə söykənir. Bundan əlavə, digər din mənsublarına da istər cəmiyyətdə, istərsə də dövlət səviyyəsində münasibət yalnız sağlam prinsiplərə söykənir. Əminliklə demək olar ki, tolerantlıq Azərbaycan xalqının böyük sərvətlərindən biridir. 

 

Anar ƏLİ,

XQ

Elm