Qırğız Respublikasının təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev Azərbaycan mediasına müsahibəsində Bakıda keçirilən COP29 konfransını qlobal iqlim dəyişikliyi ilə mübarizə kontekstində mühüm hadisə olduğunu bildirib.
Bu konfransda vacib məsələlər müzakirə edildiyini və istixana qazı emissiyalarının azaldılması və ekosistemlərin davamlılığının qorunması sahəsində tədbirlərin gücləndirilməsinə dair önəmli qərarlar imzalandığını deyən M.Maşiyev əldə edilmiş razılaşmaların beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, ölkələrin Paris Sazişinin icrasına əsl sadiqlik nümayişi və bu məsələdə irəliyə doğru atılan mühüm addım kimi dəyərləndirib.
Nazir M.Maşiyev müzakirə olunan mövzular arasında iqlim təşəbbüslərinin maliyyələşdirilməsi ilə bağlı məsələlərin yer almasını Qırğızıstan kimi inkişaf etməkdə olan iqtisadiyyatlar üçün mühüm önəm daşıdığını vurğulayıaraq deyib: “İqlim maliyyələşdirilməsi ilə bağlı əldə edilmiş razılaşmalar, o cümlədən inkişaf etməkdə olan ölkələr üçün onun həcminin 2035-ci ilə qədər 300 milyard ABŞ dollarına çatdırılması Qırğızıstan üçün yeni imkanlar açır.
Qırğızıstan üçün “yaşıl” enerjinin inkişafı, kənd təsərrüfatının iqlim dəyişikliyinə dayanıqlılığının artırılması, su ehtiyatlarının qorunması və təbii ekosistemlərin idarə edilməsinin təkmilləşdirilməsi məsələləri xüsusilə vacibdir”.
Onun sözlərinə görə, Qırğızıstan COP29-un çağırışlarının öhdəsindən gəlmək üçün qrant və investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla fəal şəkildə işləyir, eləcə də səmərəli iqlim strategiyalarının hazırlanması və tətbiqi üzrə daxili mexanizmləri möhkəmləndirir.Eyni zamanda, Mərkəzi Asiyanın gələcək iqlim təşəbbüsləri çərçivəsində öz strateji mövqeyini gücləndirir.