Xəzərin problemləri də qloballaşır

post-img

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Ümumdünya Dəniz Günü” ilə əlaqədar Abşeron Milli Parkında keçirilən festivalda jurnalistlərə açıqlamasında Bakıda keçiriləcək COP29-da  Xəzər probleminin də müzakirə ediləcəyini bildirib.

Onun sözlərinə görə, Xəzər dənizinin son 20 ildə səviyyəsi 2,5 metr azalıb. Bununla bağlı müxtəlif platformalarda müzakirələr aparılır və  bu məsələdə Azərbaycanın fəallığı daha çox diqqət çəkir. Çünki respublikamız da bu problemdən əziyyət çəkir. 

Son 10 ildə dünya okeanının səviyyəsi artsa da, ölkəmizdə, əksinə, iqlim dəyişmələrinin təsirləri su ehtiyatlarının, düşən yağıntının miqdarının, respublikamıza transfer olunan su ehtiyatlarının azalması ilə müşahidə edilir. 

Ümumiyyətlə, Azərbaycanın su ehtiyatları son 30 ildə 15 faizdən çox azalıb.   Proqnozlar da narahatedicidir. 2050-ci ilə qədər ən optimist rəqəmlərə görə, su ehtiyatlarımız daha 15-20 faiz azalacaq.

Nazir müavini bildirib ki, noyabrda Bakının evsahibliyi edəcəyi COP29-da əsas mövzulardan biri Xəzərin probleminə həsr olunacaq. Müxtəlif təkliflər səsləndiriləcək ki, Xəzərin problemlərinin həlli üçün hansı addımlar atılmalıdır. Həmçinin azalma əgər qaçılmazdırsa, hansı tədbirlərlə adaptasiya işləri görüləcəyi müzakirə olunacaq.

Ekologiya