Bakı iqlim həftəsi: COP29 hazırlıq təqdimatı

post-img

Dünən Bakı İqlim Fəaliyyəti Həftəsi öz işinə başlayıb. Sentyabrın 30-dan oktyabrın 4-dək davam edəcək tədbir ictimaiyyətin paytaxtımızda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlaşdığı vaxtda iqlim gündəliyinin əsasını təşkil edir. 

Siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət,  vətəndaş cəmiyyətləri nümayəndələrinin və medianın iştirakı ilə keçiriən tədbirin əsas mövzularını “enerji keçidi”, “şəhərlər və urbanizasiya mühiti”, “su təhlükəsizliyi”, “qida və kənd təsərrüfatı”, “kiçik və orta müəssisələrin biznesi” və “yaşıl bacarıqlar” olacaq. 

Rəsmi açılış mərasimində ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Energetika naziri Pərviz Şahbazov, digər rəsmi şəxslər və xarici qonaqlar iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev açılış mərasimindəki çıxışında bildirib ki, iqlim dəyişikliyinin mənfi təzahürləri dünyanın hər nöqtəsində hiss olunur. Artıq baş verən təbii fəlakətlərin iqlim dəyişikliyinin nə qədər təhlükə yaratdığını sübut etdiyini bildirən natiq COP29 sədrliyinin İkiillik Şəffaflıq Hesabatının hazırlanmısına diqqət yetirdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan COP29-a qədər həmin sənədi təqdim etməyi planlaşdırır. 

Nazir deyib ki, ölkəmiz 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına evsahibliyi etmək üçün müraciət edib. O, üç həftədən sonra sonra Kolumbiyanın Kali şəhərində BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 16-cı Tərəflər Konfransının keçiriləcəyini söyləyib: “Bu platformadan istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına evsahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Evsahibliyi ilə bağlı yekun qərar gələn ayın sonunda Kali şəhərindəki tədbir zamanı qəbul ediləcək”.

COP29-un Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai çıxışında iqlim böhranının artıq uzaq bir təhdid olmadığını vurğulayıb. O deyib ki, bu böhran nəfəs aldığımız havadan, içdiyimiz sudan, yeməkdən, inşa etdiyimiz evlərə qədər hamımıza təsir edir: “Tezliklə iqlim icmasını Bakıda COP29-da bir araya toplayacağıq. Bu tədbirə baxışımız açıqdır — məqsədimiz ambisiyaları artırmaq və iqlim böhranını aşmaq üçün konkret addımlar atmaqdır”. Bunu isə təkbaşına həyata keçirmək mümkün olmadğını vurğulayan Nigar Arpadarai bu məsələdə biznes və vətəndaş cəmiyyətindən tutmuş şəhərlərə və akademik institutlara qədər bütün maraqlı tərəflərdən innovasiya, bilik və öhdəlik lazım olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakı iqlim həftəsi fəaliyyətə çağırışdır, dialoqun real strategiyalara çevrildiyi və strategiyaların uzunmüddətli dəyişikliyə səbəb olduğu bir məkandır. 

Energetika naziri Pərviz Şahbazov çıxışında qeyd edib ki, Azərbaycan “yaşıl” enerji keçidinin məqsədyönlü islahatlarla müşayiət olunan milli, regional və qlobal müstəvidə reallaşdırır. Onun sözlərinə görə, ölkəmiz ümumi enerji istehsalında bərpaolunan enerjinin payını 2027-ci ildə 33 faizə yüksəldən şəbəkənin gücləndirilməsini, “yaşıl” enerji zonalarının yaradılmasını, neft-qaz əməliyyatlarının dekorbanizasiyanı, enerji səmərəliliyi və elektromobilliyi əhatə edən birinci mərhələsini artıq reallaşdırmaq üzrədir. 

Azərbaycanda həyata keçirilən “yaşıl” enerji layihələrindən bəhs edən nazir xarici sərmayə əsaslı 230 meqavatlıq ilk günəş elektrik stansiyanın istifadəyə verilməsi ilə bu ilin 9 ayında ölkəmizdə günəş elektrik enerjisi istehsalının 9 dəfədən çox artdığını deyib:  “Bu ilin sonunadək imzalanmış sənədlərə uyğun olaraq ümumi gücü 340 meqavat olan 2 günəş elektrik stansiyanın tikintisi layihəsi üzrə tədbirlərin davam etməsi, 100 meqavat gücündə olan stansiya üzrə isə ilk hərracın nəticələrin elan edilməsi nəzərdə tutulur. İki qiqavata yaxın 8 günəş, külək, həmçinin azad edilmiş ərazilərdə 270 meqavat gücündə 32 kiçik elektrik su stansiyaları imkan verir ki, emissiyaları illik 2,9 milyon tona qədər azalda bilək”

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, hazırda  Azərbaycan dünyanın prioritet hesab etdiyi “yaşıl” keçidin əsas iştirakçılarından biridir. Onun sözlərinə görə, ölkəmizin iqlim dəyişikliyi sahəsindəki hədəflərinin qlobal problemlərlə uyğunlaşdırılması dəyərli təcrübə qazandırıb: “İri enerji şirkətləri ilə həyata keçirdiyimiz “yaşıl” layihələr ölkəmizin təmiz enerji dövlətinə çevrilməsinə və ekoloji dayanıqlılığı dəstəkləyən investisiyaların təşviqinə yönəlib. Bu istiqamətdə müəyyən öhdəliklər götürmüşük. 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının artırılması və tullantıların təkrar emalı proseslərinin genişləndirilməsi məqsədi müəyyən edilib”. 

Azərbaycanın enerji keçidi prosesində mühüm təşəbbüslərə malik olduğunu vurğulayan nazir deyib ki, COP29-un fəaliyyət gündəliyində yer alan 14 əsas təşəbbüsdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdır. M. Cabbarovun sözlərinə görə, bu, iqlim maliyyəsində mövcud olan boşluqların aradan qaldırılmasında mühüm rol oynaya bilər: “Fondun əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə, eləcə də kiçik ada dövlətlərində iqlim fəaliyyətinə investisiya yatırmaqla yanaşı, qalıq yanacaq ehtiyatlarına malik ölkələrin və bu sektorda fəaliyyət göstərən müəssisələrin yaşıl keçidə olan töhfələrini artırmaqdır. Fondun fəaliyyətə başlaması üçün ilkin olaraq 1 milyard ABŞ dolları məbləğində kapital toplanması və ən azı 10 donor ölkənin ona qoşulması planlaşdırılır ki, fikrimizcə, COP29 çərçivəsində bu məsələ əsas müzakirə mövzularından biri olacaq”. 

Rəsmi açılış mərasimindən sonra Bakı İqlim Fəaliyyəti Həftəsi müxtəlif sahələrə həsr olunan panellərlə davam edib. Panel iclaslarında xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və başqaları iqlim fəaliyyəti ilə bağlı müxtəlif mövzularda çıxış ediblər.

Ekologiya