Dövləti işğalçı, dindarı terrorçu olan xalqın sabahı qaranlıqdır
Yazıq Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu iclasında iştirak etmək üçün getdiyi Nyu-Yorkda min cür oyundan çıxaraq, Azərbaycanın 20 faiz ərazisini 30 ilədək işğal altında saxlayan ölkəsinə “sülh göyərçini” donu geyindirmək istəyirdi. İstənilən siyasətçi və ya diplomata salam verən kimi “Biz Azərbaycanla sülh sazişi imzalamağa hazırıq!” – deyən Paşinyan dərhal Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsində qeyd edilən ərazisinin “toxunulmaz” olduğunu xatırladırdı. Ancaq işğalçı ölkənin baş nazirinin ABŞ-dən qayıtmasını gözləməyən katolikos II Qaregin Matenadarandan bəyan etdi ki, Ararat dağı ( Ağrı – red.) Ermənistanın ərazisidir.
“Sputnik Armeniya” informasiya portalı yazır ki, sentyabrın 29-da Eçmiədzin kilsəsinin 17 əsr davam edən təzələnməsi ənənəsinin növbəti tədbiri keçirilib. Dördüncü əsrin əvvəllərində təməli qoyulmuş kilsənin təzələnməsi – ibadət yerlərinə bir neçə bitkinin suyu və şərab ilə qarışdırılmış zeytun yağının çəkilməsi prosesi belə adlandırılır – prosesinə başlayan katolikos “deyib ki, bu ibadət yeri 17 əsrdir ki, öz qapı-pəncərəsindən Ararat dağına (Ağrı-red.) işıq salır və həmin nur bizim böyük vətənimizin möhkəmlənməsini, xalqımızın xilasını” təmin edir.
Dayan görək, qoca keşiş! Sənin dövlət başçın deyir ki, biz nağıllardan uzaqlaşaraq, miflərdən əl çəkərək, reallıqlara əsaslanan müasir Ermənistan dövləti yaratmaq istəyirik. Baş nazirin xalqı yeni reallıqlarla barışdırmağa çalışdığlı bir vaxtda dini rəhbərin qonşu dövlətə ərazi iddiası eləməsi, sadəcə öz xalqına pislik, dövlətə xəyanət etmək deyilmi?
Hələ bu harasıdır? Tədbirdə Ermənistanın miflərlə yaşadığı dövrdə mühüm dövlət vəzifələri tutmuş şəxslər – keçmiş baş nazir Tiqran Sarkisyan və Azərbaycan ərazilərinin 20 faizini viranəyə çevirmiş müdafiə naziri Seyran Ohanyan, eləcə də indiki iqtidarın təmsilçiləri – parlamentin sədr müavinləri Ruben Rubinyan və Akop Arşakyan da tədbirdə iştirak edib, keşişin çıxışlarını alqışlayıblar.
“Sputnik Armeniya”nın “Eçmiədzindəki kilsənin bir il təxirə salınmış təzələnməsi – tarixi mərasimi necə keçdi?” – adlı yazıda qeyd edilir ki, belə tədbirlər yeddi ildə bir dəfə keçirilir. Növbəti tədbir ötən il olmalıydı. Ancaq Azərbaycanın Dağlıq Qarabağa (artıq elə bir ərazi və ya qurumun olmadığını hamıdan yaxşı ermənilər bilirlər –İ.M.) təcavüzünə görə (orada heç bir təcavüzdən söhbət getmədiyini, bizim bütün ərazilərimizdə öz suverenliyimizı bərpa etdiyimizi artıq dünyada bilməyən yoxdur) həmin mərasim bir il təxirə salınmışdı.
Burada maraqlı başqa bir məqam da var. Bütün ermənilərin katalikosu II Qaregin kilsənin ora-burasını yağlayanda deyib ki, bu qazana daxil edilmiş miro , yəni balzam 40 növ otun özündən və kökündən, çiçəklərin ləçəyindən və cavan zeytun ağacının meyvələrindən alınmış yağdan ibarətdir və onu şərabla qarışdırırıq. Bunu başa düşdük. Dalısınca isə deyib ki, bu balzamı bizə Kilikiya böyük evinin katolikosu göndərmişdir. Yəni bunlar öz tarixi vətənlərini – əgər, o varsa, gedib Kilikiyada axtarmalıdırlar, Qarabağda yox.
Kilsənin yağlanması prosesi başa çatandan sonra İkinci Qaregin oradan çıxaraq iştirakçıların arasına gəlib ki, xalq ona toxunmaq imkanı qazansın. İnsanlar onun əlini öpüblər. Bu isə Ermənistan əhalisinin Nikol Paşinyana deyil, yeni müharibələr arzusunda olan kilsə quzğunlarına inanmasını təmin etmək cəhdi idi. Onun yağlı əlini öpüb gedib Azərbaycan əsgərinin ayağı altında əzilməyi məqbul sayanlar varsa, qoy öpsünlər. Matenadaranda dayanıb Ağrı dağına da baxsınlar. Amma daha yaxşı olar ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda Ermənistanın baş naziri Nikol Paşinyana hədiyyə etdiyi kitabdan bəhrələnməyi də unutmasınlar. Çünki artıq miflərlə yaşamaq dövrü geridə qalıb.
O ki qaldı, Eçmiədzin kilsəsinə, xatırladaq ki, 1945-ci ilin mart ayınadək Üçkilsə adlanan ərazidəki eyni adlı kilsə IV əsrin əvvəlində Cənubi Qafqazda xristianlığın yayılması zamanı inşa edilmişdir. Daha doğrusu, həmin ərazidəki məşhur atəşpərəstlik məbədi daş hasara alınmış və az sonra (303-cü ildə) burada xristian məbədi ucaldılmışdır. Mənbələrdə göstərilir ki, kilsənin “Eçmiədzin” adı erməni dilində “yenidən doğulmuş yerə endi” kimi şərh edilir (əfsanəyə görə İsa Məsih göydən enərək müqəddəs Qriqoriyə burada görünmüşdü). Yəni Nikol Paşinyanın dediyi kimi, bu adamlar min illərdir nağıllara, miflərə inanaraq yaşayır və fəaliyyət göstərirlər.
Sovet dönəmində Ermənistanda hazırlanan ensiklopediyalarda yazılırdı ki, Matenadaranda saxlanılan orta əsr sənədlərində məbədin adı məhz “Üçkilsə” kimi xatırlanır. Rus alimləri isə yazırlar ki, Erməni katalikosluğunun Üçkilsəyə köçürülməsi ilə erməni missionerləri buraya üz tutdular: “Onların Cənubi Qafqazda nüfuzlarını artırmaq imkanı yaranmışdı. Tezliklə monastrın özü ermənilərin dini mərkəzinə çevrilmişdir”.
Bizə isə məlumdur ki, bu torpaqların XIX əsrin birinci yarısında Rusiyaya birləşdirilməsinədək Cənubi Qafqazda Üçkilsənin hüdudlarından kənarda çox cüzi sayda erməni var idi…Tarixi mənbələrdə qeyd edilir ki, Türkmənçay müqaviləsi bağlanana qədər nəinki Qarabağ xanlığında, eləcə də Cənubi Qafqazda həqiqətən də ermənilərin sayı az idi. Göstərilən müqavilədən sonra ermənilər çar Rusiyasının himayəsi və yardımı ilə İran və Türkiyədən bu ərazilərə köçürülmüşdür. Azərbaycan ərazilərinə İrandan 40 mindən artıq, Türkiyədən isə 90 min erməni köçürülmüş və bu da çar Rusiyasının işğalçılıq siyasətinin acı nəticəsi idi. Təəssüf ki, çarizmin həmin siyasəti sovet dövləti zamanında da davam etdirilmişdi.
Məhz həmin haqsızlıqların nəticəsidir ki, indi ermənilər qədim Azərbaycan torpaqlarında hər yeddi ildən bir kilsəni yağlayır və oradan Ararat dağına baxırlar. Qoy nə qədər istəyirlər baxsınlar.
İttifaq MİRZƏBƏYLİ