Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana “yaşıl” dəstəyini artırır

post-img

Bu gün respublikamız bərpaolunan enerji layihələrinin reallaşdırılmasını diqqət  mərkəzində saxlayır və bununla bağlı dünyanın nüfuzlu maliyyə qurumları ilə əməkdaşlığını genişləndirir. Azərbaycanın Dünya Bankının (DB) üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə münasibətlərində bu məsələ prioritet istiqamət kimi diqqət çəkir. 

IFC tərəfindən təqdim edilən “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”ndə göstərildiyi kimi, 2040-cı ilədək Azərbaycan dəniz küləyindən enerji hasilatı üçün 7 QVt qoyuluş gücünə nail ola bilər. Bununla da ölkənin dekarbonlaşma və dayanıqlı iqtisadi artım kimi paralel prioritetlərinin icrası sürətlənər.   

Azərbaycanda ilk dəfə hazırlanmış dəniz külək enerjisi üzrə adıçəkilən Yol Xəritəsi iki artım ssenarisini (yüksək və kiçik artım) nəzərdə tutur. Yol Xəritəsinin məqsədi dəniz külək energetikasına dünyada artan maraq şəraitində bu yeni sənaye ilə bağlı normativlər, hüquqi çərçivə və infrastrukturla bağlı qərarların verilməsinə yardım etməkdir.

Yol Xəritəsində dəniz külək energetikası potensialının istifadəsi məqsədilə tədbirlər də təqdim edilir. Həmin tədbirlərin sırasına ­2030-cu və 2036-cı illər üçün 200 meqavat gücündə pilot layihəsinin, sonra isə bu qəbildən olan daha iri təşəbbüslərin işlənib hazırlanması və rəqabətli müsabiqə şəraitində tikilməsi, istifadəyə verilməsi, dəniz küləyi üçün yeni perspektivli sahələrin kəşf edilməsi, infrastrukturun modernləşdirilməsi, habelə dəniz külək energetikası sahəsində davamlı layihələrin ardıcıllığını gerçəkləşdirmək üçün dövlət qurumlarında müvafiq bilik və bacarıqların artırılması daxildir.

“Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi” coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, ötürücü şəbəkənin yenidən qurulması, eləcə də təchizat zəncirinin öyrənilməsi kimi məsələləri də əhatə edir.

İlkin təhlillərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilib. Layihə çərçivəsində, eyni zamanda, dənizdə müvafiq layihələrlə bağlı investorların cəlbi, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəklər nəzərdə tutulub. Dənizdə mövcud olan bu potensialdan səmərəli istifadə yeni iş yerləri, həmçinin ölkə iqtisadiyyatına əlavə dəyər qazandıran imkanlar yaradacaqdır.

Yol Xəritəsində, eyni zamanda, ölkəmizdə 2050-ci ilədək karbon emissiyalarının 40 faizədək azaldılması  qarşıya əsas vəzifə kimi qoyulur. Bununla da IFC həyata keçirilən və planlaşdırılan bərpaolunan enerji layihələrinin respublikamızın qlobal enerji keçidi prosesinə milli səviyyədə töhfəsini gerçəkləşdirir.     

Beləliklə, IFC ölkəmizlə dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsi çərçivəsində, eləcə də “Azərbaycan üçün Çevik Texniki Yardım Proqramının (AZTAF) enerji səmərəliliyi komponenti üzrə məsləhətçi xidmətlərinin göstərilməsi”, “Azərbaycanın enerji sistemində bərpaolunan enerji güclərinin genişləndirməsinə dəstək” layihələri üzrə əməkdaşlıq edir. Eyni zamanda, 1862 MVt gücündə bərpaolunan enerji stansiyalarının şəbəkəyə inteqrasiyası məqsədilə elektrik enerjisi sisteminin gücləndirilməsi ilə bağlı Dövlət Proqramı hazırlanmasında səmərəli fəaliyyət göstərir.    

Azərbaycanın bərpaolunan enerji layihələrinin icrası IFC tərəfindən  daim dəstəklənib. Energetika Nazirliyi ilə bu korporasiya arasında respublikamızda dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair 2021-ci il aprelin 14-də Anlaşma Memorandumu imzalanıb. Sənəddə  ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin təşviqi, həmçinin energetika sektorunun maliyyə davamlılığı və səmərəliliyinin artırılması üçün bu sahədə özəl sektorun iştirakının dəstəklənməsi kimi ümumi məqsədlərin reallaşdırılması nəzərdə tutulub. 

Memoranduma əsasən, IFC ilə əməkdaşlıq Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymətləndirilməsini və Yol Xəritəsinin işlənib hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəklər önə çəkilir.   

Bütün bu təşəbbüslərin gerçəkləşdirilməsinin nəticəsidir ki, son illər ərzində təkcə neft-qaz sektorunda deyil, həmçinin bərpaolunan enerji sahəsində də nəzərəçarpacaq uğurlar əldə edilir. Bunun bir səbəbi vurğulandığı kimi, Azərbaycanın bu istiqamətdə beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlığı ilə bağlıdırsa, digər səbəbi ölkəmizin zəngin bərpaolunan enerji potensialına malik olması ilə əlaqədardır. 

Xatırladaq ki, respublikamızın Xəzər dənizində təsdiqlənmiş 157 QV, quruda isə 135 QV külək enerjisi potensialı, ümumilikdə, 290 QV-dan çox bərpaolunan enerji ehtiyatı var. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da alternativ və bərpaolunan enerji mənbələri ilə diqqət çəkir. Təsadüfi deyil ki, dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərlə bağlı müəyyənləşdirdiyi  iqtisadi inkişaf kursunda həmin iqtisadi ərazilər “yaşıl enerji” zonasına çevriləcək əsas istiqamətlərdən biri hesab olunur.

Prezident İlham Əliyev çıxışlarının birində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında alternativ və bərpaolunan enerji mənbələri ilə bağlı deyib: “İstər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var. Artıq dediyim kimi, biz 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpaolunan  enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalamışıq. Onun təxminən 500 meqavatı üçün artıq tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışını biz bir neçə ay ərzində planlaşdırırıq. 700 meqavatdan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var və biz hər zaman bir yerdə olmalıyıq”.

V.BAYRAMOV 
XQ

 



Ekologiya