161 sahibkar “startap” şəhadətnaməsi ilə 3 il müddətinə mənfəət vergisindən azad edilib
Son illər ölkəmizdə müasir sənaye müəssisələrinin yaradılması və bu sahədə idxaldan asılılığın azaldılması məqsədilə bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində güzəştli maliyyələşmə, kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinə çıxış imkanları genişlənib, investisiya təşviqi mexanizmi əhəmiyyətli dərəcədə təkmilləşib, sənaye zonalarının inkişafı təşviq olunub, dövlətin yeni dəstək alətləri tətbiq edilib.
Bununla belə, yeni çağırışlara uyğun olaraq hazırda hökumət tərəfindən sahibkarlarla qeyri-neft sənayesindəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə fikir mübadiləsi aparılır. İş adamları ilə xammalın keyfiyyəti, investisiya təşviqi, bank-maliyyə hesablaşmaları, daxili bazarın qorunması, kommunal xidmətlərdə differensial tariflər, dövlət satınalmaları, kredit resurslarına çıxış, ixtisaslı kadr potensialı kimi məsələlər müzakirə edilir. Sahibkarların təklifləri əsasında dövlətin dəstək və təşviq alətlərinin daha da təkmilləşdirilərək sistemli şəkildə davam etdiriləcəyi, sahibkarlığın bundan sonra da dəstəklənəcəyi diqqətə çatdırılr.
Xatırladaq ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə bütün sahələr inkişaf edib, o cümlədən özəl sektor güclənib, qeyri-neft sənayesi üzrə dövriyyə, istehsal və ixrac həcmi, yeni iş yerləri və digər iqtisadi göstəricilər əhəmiyyətli dərəcədə artıb.
Qeyri-neft sektorunun rəqabətədavamlı inkişafı, yeni istehsal sahələrinin stimullaşdırılması və ixrac qabiliyyətinin yüksəldilməsi ölkə iqtisadiyyatının prioritet hədəflərinə çevrilib. Əlverişli biznes mühitinin inkişafı və investisiya imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən vergi və gömrük islahatlarının, daxildə emala xüsusi gömrük prosedurunun, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi üzrə dövlət dəstəyi mexanizmlərinin və digər alətlərin diqqət mərkəzində saxlanılmasına xüsusi üstünlük verilib.
İqtisadiyyat Nazirliyi tərəfindən iş adamlarının fəaliyyətinə həssaslıqla yanaşılır, onların qarşılaşdıqları problemlərin həllinə operativ reaksiya verilir. Bundan başqa sahibkarların vergi və gömrük güzəştləri, güzəştli kredit, nəqliyyat-logistika, xammala çıxış imkanlarının və ixrac potensialının genişləndirilməsi, standartlaşdırma, mənşə sertifikatının verilməsi, satınalma, torpaqların təyinatının dəyişdirilməsi, yeni bazarlarla əlaqələrin qurulması, yerli istehsalın artımı ilə bağlı təkliflərinə də həssaslıqla yanaşılır.
Həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sənayesi davamlı inkişaf edir. Mövcud sahənin tərəqqisində səmərəli fəaliyyət göstərən sənaye zonaları və aqroparklar istehsalın artırılması, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.
Yeri gəlmişkən, 2015-ci ildən 2024-cü ilin I yarımili ərizndə sənaye zonalarında 13,5 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,4 milyard manatlıq hissəsi dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib.
Sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılır. 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 8,04 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manata yaxın investisiyanın yatırılması və 7100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Respublikada aqroparkların fəaliyyəti də səmərəliliyi ilə diqqət çəkir. Bu, Yevlax Pilot Aqroparkın timsalında aydın nəzərə çarpır. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, aqroparkın rezidenti “ISFA” MMC tərəfindən 20 hektar ərazidə meyvə bağı salınıb. Layihəyə 310 min manat investisiya qoyulub, 480 ton məhsul istehsalı proqnozlaşdırılıb. Bundan əlavə rezidentə məxsus 6 hektar sahədə tingçilik təsərrüfatı yaradılıb. Layihə çərçivəsində 1,1 milyon manat investisiya qoyulub, ilin sonunda ixrac üçün 800 min ədəd tingin əldə olunması planlaşdırılıb.
Yevlax Pilot Aqroparkında yerləşən “Azerbaijan Company for Poultry Development” MMC-nin illik istehsal gücü isə 20 milyon ədəd damazlıq yumurta təşkil edir. Layihənin reallaşdırılması ilə 27,1 milyon manat investisiyanın qoyulması və 32 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Burada intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub.
Aqroparkda dövlət tərəfindən 815 hektar ərazinin su və elektrik təchizatı tam təmin olunub, təsərrüfatdaxili yollar çəkilib, 370 hektar sahədə infrastrukturun qurulması üzrə işlər davam etdirilir.
Aqropark üzrə 1939 hektar sahədə 33 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən, ümumilikdə, 52 milyon manatadək özəl investisiyanın yatırılması ilə 305 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulub. Bugünədək rezidentlər tərəfindən 29 milyon manat investisiya qoyulmaqla 92 daimi, 190 mövsümi iş yeri açılıb, 19 rezident tərəfindən 991 hektar ərazidə əkin işləri aparılıb, 409 hektar sahədə meyvə bağları salınıb.
Sonda bir məsələni də qeyd etmək istərdik. Son illər ərzində ölkəmizdə iş adamlarına startaplar və innovasiyalar üçün əlverişli mühit yaradılıb. Dünya İqtisadi Forumunun “IDEA: Azərbaycanın rəqəmsal iqtisadiyyatına sərmayə qoyuluşu” adlı hesabatında startaplar və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında ölkəmizin nəzərəçarpacaq irəliləyiş əldə etdiyi bildirilib.
Hesabata görə, irəliləyiş biznesin inkişafına dəstək və innovasiyaların təşviqinə yönəlmiş çoxsaylı institutların və proqramların yaradılması, məsələn, texnoparkların və biznes inkubatorların inkişafı ilə özünü göstərir.
Hesabatda vurğulanır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq bu sahədə əlaqələndirməni və inkişafı təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlayır.
Bu gün respublikada rəqəmsal iqtisadiyyat sosial-iqtisadi inkişaf məqsədlərinin tərkib hissəsi kimi qəbul edilir. Sənəddə bununla bağlı bildirilir ki, iqtisadiyyatın şaxələndirilməsi və hasilat sənayesindən asılılığın azaldılması üzrə milli baxışa uyğun olaraq, ölkəmiz rəqəmsal inkişafın təşviqində, habelə qlobal rəqabət qabiliyyətinin artırılmasında birbaşa xarici investisiyaların mühüm rolunu yüksək dəyərləndirir. Azərbaycan hökuməti 2022–2026-cı illər üçün hərtərəfli Sosial-İqtisadi İnkişaf Strategiyası vasitəsilə xarici investisiyaların cəlb edilməsinə, islahatların həyata keçirilməsinə və özəl sektorun stimullaşdırılmasına mühüm diqqət yetirir.
Ölkəmizdə iş adamlarına startaplar və innovasiyalar üçün əlverişli mühit yaradılmasının nəticəsidir ki, indiyədək 161 kiçik və orta biznes subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da onlar innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad ediliblər.