COP29: sağlam mühit  və şəffaflıq platforması

post-img

Energetika nazirinin müavini, COP29-un icraçı direktoru Elnur Soltanov İspaniyanın aparıcı “EFE”agentliyinə müsahibəsində COP29-un Azərbaycanın səyi ilə inklüzivlik və şəffaflıq platformasına çevriləcəyini diqqətə çatdıraraq respublikamızın adıçəkilən sammitdə iqlim dəyişikliyinin qarşısını almaq təşəbbüsləri ilə bağlı İkiillik Şəffaflıq Hesabatını (BTR) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təqdim edəcəyini vurğulayıb. COP29-un icraçı direktoru daha sonra Azərbaycanın iqlim dəyişikliyi  ilə mübarizədə şəffaf və inklüziv tədbirlərə üstünlük verdiyini bildirib.

E.Soltanov, həmçinin qeyd edib ki, Azərbaycanın COP29-a sədrliyinin əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün bütün tərəflərin ehtiyaclarına cavab verən aydın və iddialı “Yeni Kollektiv Kəmiyyət Məqsədi” (NCQG) formalaşdırmaqdır. “NCQG 2015-ci ildə razılaşdırılıb, lakin iqlim dəyişikliyi ilə mübarizə səylərində dünyanın ən yoxsul ölkələrinə dəstək olmaq məqsədilə 2025-ci ilə qədər yenilənir”.

COP29-un icraçı direktoru müsahibədə iqlim dəyişikliyi üzrə Paris Sazişinin bütün istiqamətləri üzrə kollektiv irəliləməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, fikir ayrılıqlarını aradan qaldırmaq üçün “siyasi istiqamət” axtarışının aparılmasına başlanılıb.  

E.Soltanov qeyd edib ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası ekspertlər qrupu (IPCC) temperatur və sıfır karbon emissiyaları ilə bağlı hesablamalarında karbohidrogenlərin dünya iqtisadiyyatındakı rolunu tanıyır. COP29-a optimist yanaşan iqlim konfransının icraçı direktoru bunu qlobal əməkdaşlıq və iqlim üzrə fəaliyyət üçün “lakmus kağızı” olaraq görür: “Azərbaycan tərəfləri bir araya gətirmək üçün səylərini əsirgəməyəcək. Konvensiyaya və Paris Sazişinə uyğun olaraq, COP29-a inklüzivlik və şəffaflıq şəraitində evsahibliyi etməyə sadiqik. COP29-a dair görüşlərimiz vədləri yerinə yetirmək və temperaturu 1,5°C çərçivəsində saxlamaq üçün nəticələrə nail olmaqdır”.  

XQ

 

Ekologiya