Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qlobal miqyasda metan emissiyalarının azaldılması sahəsində ciddi niyyətini və bu istiqamətdə elan etdiyi dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək, “Neft Qaz Metan Tərəfdaşlığı”na (OGMP 2.0) qoşulub.
SOCAR-dan verilən məlumata görə, bu tərəfdaşlığa qoşulmaqla SOCAR qlobal enerji sektorunda ətraf mühitin qorunması istiqamətində ən yaxşı təcrübələrin qazanılması, tətbiq olunması, habelə metan emissiyalarına dair daha ətraflı və beynəlxalq standartların tələblərinə uyğun hesabatvermə imkanı əldə edib.
“Neft Qaz Metan Tərəfdaşlığı”na qoşulma SOCAR-ın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə verdiyi töhfənin bir hissəsi olmaqla, şirkətin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının məqsədlərinə xidmət edir.
XQ